Türkiyədə hər məktəbə bir məscid
Foto: David Pipia, JAMnews
Hər yanda olduğu kimi Türkiyədə də yeni tədris ili başladı. Amma bu dərs ili öncəkilərdən fərqlidir. Çünki orta təhsil proqramında çox vacib dəyişikliklər baş verib.
Türkiyədə çoxları bu yenilikləri “ideoloji dəyişikliklər” adlandırır:
- Orta məktəb biologiya dərsliklərindən Darvinin Təkamül nəzəriyyəsi çıxarılıb;
- Tarix dərsliklərində Türkiyə Cümhuriyyətinin banisi olan Atatürklə bağlı bölümlər məhdudlaşdırılıb;
- Tədris proqramında dini biliklərə daha çox yer ayrılıb.
Üstəlik bu il orta məktəblərdə tətbiq olunan yeniliklər tədris proqramı ilə kifayətlənmir. Yeni tədris ilindən etibarən bütün orta məktəblərdə məscidlərin və dəstəmaz otaqlarının açılması məcburidir.
Hökumət nümayəndələri təhsilə gətirilən yeniliklərin daha əxlaqlı, vətənpərvər, kökünə bağlı nəsillərin yetişdirilməsinə yönəldiyini bildirsələr də, ictimai fəal insanlar və təhsil mütəxəssisləri bu dəyişikliklərin Türkiyənin dünyəvi və elmi təhsilinin məhvinə gətirib çıxaracağına əmindirlər.
Darvin və Atatürkün əvəzinə “cihad”
Araşdırmaçı jurnalist Sayğı Öztürk hesab edir ki, yeni proqramda vacib dəyişikliklərdən biri “din mədəniyyəti və əxlaq bilgisi” fənninin 90 faizinin dinə, 10 faizinin əxlaqa ayrılmasıdır.
[pullquote]Yeni proqrama əsasən “din mədəniyyəti və əxlaq bilgisi” fənninin 90 faizinin dinə, 10 faizinin əxlaqa ayrılmasıdır.[/pullquote]
Jurnalist belə bir dəyişikliyin dar çərçivədə, mütəxəssislərin rəyi nəzərə alınmadan tətbiq olunmasını doğru saymır.
Onun sözlərinə görə, əvvəllər Milli Təhsil Nazirliyinin dərs proqramını dəyişməsi mürəkkəb prosesdən keçirdi. Bu dəyişikliklər üzərində universitetlərdən müvafiq sahənin mütəxəssisləri, bu fənləri tədris edən müəllimlər, Təlim və Tərbiyə Heyətinin mütəxəssisləri birgə çalışırdılar. İndi isə nazirliyin Təhsil və Tədris Şöbəsində tərtib olunan layihə hazır şəkildə Təlim və Tərbiyə Heyətinə göndərilib və qəbul olunub.
Sayğı Öztürk öz məqaləsində proqrama edilən dəyişikliklərinin bir hissəsinin bu tədris ilində, qalanlarının isə növbəti tədris ilində tətbiq olunacağını yazır. O bildirir ki, Təhsil Nazirliyi nümayəndəsindən aldığı məlumata görə, “cihad” artıq dünyəvi məktəblərdə də tədris ediləcək.
“2018-2019-cu tədris illində “cihad” dərs kitablarına daxil ediləcək. Nazirlik nümayəndəsi bu anlayışın dünyəvi məktəblərdə seçməli tədris edilən “Təməl Dini Bilgilər” fənnində və dini liseylərdə tədris olunan “Fiqh” fənnində yer alacağını söylədi” – Sayğı Öztürk yazır.
Jurnalistin sözlərinə görə, vəzifəli şəxs bu yeniliklərin səbəbini belə anladıb: “İŞİD-in FETÖ-nün işlətdiyi “cihad” ifadəsinin təmizlənməsi lazımdır. Doğru cihad bilgisinin izah olunması məqsədilə cihad dərsliklərə daxil ediləcək…”
Orta təhsil üçün tədris planında Atatürkçülüklə bağlı bölümlərin azaldılması ictimaiyyət arasında xüsusi narazılığa səbəb olub.
Narazılar change.org-da “Atatürksüz tədris planı istəmirik” kampaniyasına başlayılblar. Sentyabrın 6-a olan məlumata əsasən 11 min 711 nəfər petisiya imzalayaraq bu kampaniyaya qoşulub.
Petisiyanın mətnində deyilir: “Atatürkçülük yalnız dərs deyil, çağdaş və aydınlıq bir Türkiyə deməkdir. Hazırlanan bu tədris planı dünyəvi və elmi təhsili məhv etmək məqsədi daşıyır. İqtidar indi də təhsili müasir dəyərlərdən uzaqlaşdıraraq uşaqlarımızın gələcəyini yox edəcək. Bu ölkə Atatürkün qurduğu Türkiyə Cümhurryyətidir və sonsuza qədər belə qalacaq”.
foto: David Pipia, JAMnews
Şagirdlərə fərziyyə lazımdırmı?
Əslində məsələ ilə bağlı qızğın müzakirələr bu ilin lap əvvəlindən başlanıb.
Yanvar ayında təhsil naziri İsmet Yılmaz “Yenilənən Tədris Proqramı” ilə bağlı iclas keçirib, yeni layihəni ictimaiyyətə açıqlamışdı. Bu iclasda jurnalistlərin təkamül nəzəriyyəsinin niyə proqramdan çıxarılması ilə bağlı sualını cavablayan nazir bildirmişdi:
“Layihəni incələyin, hər kəs öz fikrini bildirsin. Elm nə deyirsə, biz onu təqib edirik. Digəri isə elmdir, fərziyədir, ya nəzəriyyədir? Bu ayrı bir müzakirə mövzusudur”.
Az əvvəl Milli Təhsil Nazirliyi Təlim və Tərbiyə Şöbəsinin rəhbəri Alparslan Durmuş məsələ ilə bağlı daha konkret izahat verib:
“Mühabisəli mövzular hələ ki, şagirdlərin dərk edə biləcəyi elmi təfəkkürə sahib olmadıqları mərhələlərdə dövriyyədən kənarda saxlanacaq”.
Durmuş həmçinin bildirib ki, 9-cu sizif biologiya fənnindən “Həyatın başlanğıcı və təkamül” fəsli də elə bu səbəbdən çıxarılıb.
Türkiyə Parlamentinin Milli Təhsil Komissiyasının sədr müavini, AKP-li millət vəkili Burhanəddin Uysal isə Təkamül nəzəriyyəsinin İslama zidd olduğunu və bu üzdən məktəblərdə keçilməməsinin daha uyğun olduğunu bildirməkdən də çəkinməyib.
[pullquote]“Təkamül nəzəriyyəsi İslama ziddir və məktəblərdə tədris olunması məqsədəuyğun deyil”.[/pullquote]
“Təbii ki, biz müsəlmanlar Allahın hər şeyi yaratdığına, hər şeyə qadir olduğuna inanırıq. Təkamül isə adı üstündə, bir nəzəriyyədir. Bu, fikir çaşqınlığına səbəb olur… Amma bizim enerjimizi buraya xərcləyəcək qədər vaxtımız yoxdur” – deyə deputat qatıldığı bir televiziya proqramında bildirib
Foto: David Pipia, JAMnews
“Dəyişikliklər dünyəvi və elmi təhsili məhv edir”
Bu dəyişikliklərin dünyəvi və elmi təhsilə ağır zərbə olduğuna əmin olam təhsil mütəxəssiləri məsləni məhkəmədə həll etmək niyyətindədirlər.
Təhsil işçiləri həmkarlar ittifaqının sədri Mehmet Balık mətbuata açıqlamasında yaxın zamanda yeni tədris proqramı layihəsini hazırlayan və təsdiqləyən qurumları məhkəməyə verəcəklərini bildirib.
Təhsil İslahatı Təşəbbüsü təşkilatının nümayəndəsi Yeliz Düşkün bildirir ki, təkamül nəzəriyyəsi bir çox ölkələrdə mübahisəli sayılsa da, məktəblərdə tədris edilir.
Təkamül nəzəriyyəsini öyrənməyən şagirdin biologiya fənnində bir çox mövzunu qavramasının mümkün olmadığını deyən Düşkün misal da gətirir:
“Məsələn 8-ci sinifdə keçilən adaptasiya, mutasiya, modifikasiya kimi mövzular təkamül nəzəriyyəsi öyrənilmədən tədris edilə bilməz. Bu mövzular proqramda qalır, təkamül nəzəriyyəsi isə yox”.
Türkiyənin Səudiyyə Ərəbistanından sonra təkamül nəzəriyyəsinin tədris proqramından çıxarıldığı ikinci ölkə olduğuna diqqət çəkən “Eğitim Sen” təşkilatının rərbəri Feray Aytekin Aydoğan isə hökumətin bu addımlarla müasir normaları bir-bir təhsildən silmək istədiyini bildirir.
“5-6 il əvvəldən məktəblərdə könüllülük əsasında məscidlər açılmağa başladı, ibtidadi siniflərdən başlayaraq cəmaətin təhsilə təsir imkanları yarandı. İndi isə dünyəvi və elmi təhsilin son qırıntıları yox edilir”.
Aydoğan onu da vurğulayıb ki, qadağalara rəğmən təkamül nəzəriyyəsinin tədrisinə davam edəcəklər:
“Bu bizim şagirdlərimizə borcumuzdur”.
Foto: David Pipia, JAMnews