Türkiyə qonşu Yunanıstanla müharibə astanasındadır. Nə baş verir?
Türkiyə və Yunanıstan müharibə astanasında
İki NATO ölkəsi – Türkiyə və Yunanıstan arasında münasibətlər həddən artıq gərginləşib. Tərəflər vaxtaşırı olaraq bir-birini hərbi təyyarələrlə hava məkanının pozulmasında günahlandırırlar, hava hücumundan müdafiə sistemlərini döyüş vəziyyətinə gətirirlər. Hər iki ölkədən olan ekspertlərin fikrincə, eskalasiya gələn ilin yayında keçiriləcək və hazırkı Türkiyə və Yunanıstan hakimiyyətləri üçün həlledici olacaq seçkilərin perspektivi ilə bağlıdır.
- Cənubi Qafqaz Rusiya üçün geosiyasi məzmunda. Bakıdan təhlil
- Erməni maraqları nəzərə alınmayan regional proseslər? Rəy
- “Biz Türkiyə və Rusiya ilə müttəfiqlik arasında fərqi anlayırıq” – Bakıdan şərh
Münaqişənin kökü
Dünyanın hər yerindən artan regional gərginliklərə biri daha əlavə olunub. Getdikcə yüksələn xəttlə Egey dənizinin iki sahil ölkəsi – Türkiyə və Yunanıstan arasındakı konflikt böyüyür.
Tarixi çox keçmişə söykənən bu münaqişə hazırda 1995-ci ildəki Kardak böhranından bəri ən ağır dövrünü yaşayır. Müxtəlif ölkələrdən olan ekspertlər Egey dənizinin döyüş ocağına çevrilmə potensialı barədə müzakirələr aparırlar.
Bu iki ölkə arasındakı münaqişə 2 önəmli mövzu ətrafında baş verir: Kipr adası və Egey dənizindəki “yunan adaları” kimi bilinən adalar.
Belə ki, 1974-cü ildə Türkiyənin Kiprdəki yunan hərbi rejiminə qarşı reaksiya olaraq adanın şimal hissəsində keçirdiyi hərbi əməliyyatdan sonra yaranan və yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Respublikası müasir dövrdə bu iki xalq üçün ən gərgin nöqtədir.
Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsində də ən böyük maneə kimi bilinən Kipr böhranı 2004-cü ildə, dövrün türk baş naziri Ərdoğanın müəyyən kompromisləri qəbul etməsi nəticəsində Annan Planı (bax: BMT-nin baş katibi Kofi Annan) çərçivəsində həllə yaxınlaşsa da, yunanlar bu güzəştləri qəbul etməmiş və məsələ həllsiz qalmışdı.
Son illərdə bu ada ətrafında daha bir mövzu gərginlik yaradıb. Belə ki, Avropa dövlətlərinin rus neft və qazına alternativ axtardığı bir vaxtda Yunanıstan, Misir, Kipr Respublikası və İsrailin ortaq bir layihə ilə Aralıq dənizinin şərq hissəsində təbii qaz axtarışına başlaması Türkiyəni qəzəbləndirmişdi.
Çünki türk tərəfi Kipr adasının şimal hissəsinə aid olan dəniz zolağında digər dövlətlərin fəaliyyətinə mane olmağa çalışırdı. Bu məqsədlə Liviyadakı BMT tərəfindən dəstəklənən hökumətlə Aralıq dənizinin bölüşdürülməsi barəsində müqavilə də imzalayan Türkiyə hələ də Şərqi Aralıq böhranına həll yolu tapa bilməyib.
ABŞ səfərinin dağıdıcı nəticələri
Bu ilin mart ayında görüşən iki dövlət başçıları – Mitsotakis və Ərdoğan müəyyən qədər konstruktiv davranmağa başlasalar da, bu görüşdən sadəcə 2 ay sonra yunan baş nazirin ABŞ-a etdiyi səfər gözlənilməz dərəcədə dağıdıcı rol oynamışdı.
Rusiyadan aldığı S-400 hava müdafiə sistemlərinə görə F-35 təyyarəsi layihəsindən təcrid edilən Türkiyə, bir müddətdir ki, ABŞ ilə F-16 təyyarələrinin alışı və modernizasiyası barədə razılığa gəlməyə çalışırdı.
Elə bu dövrdə, 2022-ci ilin may ayında Kiriakos Mitsotakisin ABŞ Konqresində etdiyi çıxışında amerikalı qanunverici şəxslərdən türklərə F-16 satışına mane olmalarını xahiş etməsi münasibətlər üçün destruktiv oldu.
Bundan bir az sonra Ərdoğan bir çıxışında “biz Mitsotakislə münaqişəni öz aramızda həll etmək, üçüncü dövlətləri bura qatmamaq barədə razılaşmışdıq. Bundan sonra mənim üçün Mitsotakis deyə bir adam yoxdur” deyərək əlaqələri kəsmişdi.
Qarşılıqlı ittihamlar
Türkiyə – Yunanıstan gərginliyinin hazırkı mərhələsində ən böyük əhəmiyyəti Egey dənizində yerləşən adalar tutur. 1923 Lozanna müqaviləsinə əsasən, bir hissəsi Yunanıstana verilən bu adaların bir hissəsi isə, İtaliya dövlətində qalmışdı. Ancaq 1947-ci ildə, Dünya müharibəsindən sonra digər hissələr də Yunanıstana təslim edildi, lakin bu regionun demilitarizasiyası şərti qoyuldu.
Buna baxmayaraq, son illərdə türk tərəfi Yunanıstanın adaları silahlandırmasından şikayət edir.
Egey dənizinin hava sahəsinin hansı dövlətə aid olması ilə də bağlı dəqiq bölüşdürmə apara bilməyən tərəflər tez-tez bir-birlərini təyyarələr vasitəsilə sərhədi pozmaqda ittiham edirlər.
Bu hadisə sonuncu dəfə sentyabr ayının əvvəlində baş verdi. Belə ki, Türkiyə Yunanıstanı təlimlər üçün Egey dənizi üstündə uçuşlar həyata keçirən türk F-16 təyyarələrinə qarşı Krit adasındakı S-300 hava-müdafiə sistemlərini aktivləşdirməkdə ittiham edib. Lakin Afina hökuməti bu ittihamları rədd edir və əksinə, türk tərəfini uçuşlar barədə əvvəldən xəbər verməmiş olmaqla ittiham edir.
Bu gərginlikdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir çıxışında “yunanlara buradan səslənirəm, İzmiri xatırlayın. Bir gecə anidən gələ bilərik” deyərək 1922-ci ildə Mustafa Kamal Atatürk liderliyində yunanlara qarşı aparılan türk azadlıq mübarizəsində İzmirin azad edilməsinə eyham vurmuşdu.
Yunan baş nazir Mitsotakis də buna “yunanların bildiyi tək şey var: təhditlərə “ohi” demək” deyə cavab vermişdi.
“Ohi” ifadəsi II Dünya müharibəsi dövründə yunan partizanlarına məğlub olan italiyan ordusunun yunanlara təslim çağırışına verilən cavab kimi məşhurlaşıb və “yox” deməkdir.
Kiriakos Mitsotakis bu çıxışının sonunda konstruktiv bir addım ataraq “mən heç vaxt “mənim üçün Ərdoğan deyə biri yoxdur” demərəm, siyasətçilərin işi danışıqdır və mən danışmağa hər zaman hazıram” deyə də əlavə edib.
İqtisadi böhran və seçki amili
Ancaq bütün bunların fonunda ekspertlər bir əsas nöqtəni xatırladırlar. Həm Türkiyədə, həm Yunanıstanda iqtisadi vəziyyət getdikcə pisləşir, hər iki ölkədə hazırda mühafizəkar, milliyyətçi partiyalar hakimiyyətdədir və bu “gərgin qonşular”ı birləşdirən əsas faktor 2023-cü ilin yayında həlledici seçkilərin baş tutacağıdır.
Dolların son 4 ildə %400 bahalaşdığı, rəsmi inflyasiyanın %80-i keçdiyi və bəzi müstəqil araşdırma qruplarına görə %150-yə yaxınlaşdığı bir dövrdə Ərdoğanı 20 illik hökumətinin ən gərgin seçkilərinin gözlədiyi deyilir.
Türkiyənin məşhur araşdırma şirkəti “MetroPOLL”un avqust ayında açıqladığı statistikaya əsasən, hazırda hökuməti təşkil edən AK Parti və MHP-nin yaratdığı “Cümhur İttifaqı”nın toplam səs faizi %40-ı keçmir. Eyni zamanda, açıqlama deyilir ki, prezident seçkilərində Ərdoğan nəinki daha populyar potensial namizədlər sayılan Ekrem İmamoğlu və Mansur Yavaşa, hətta müxalif seçicilər arasında belə, populyar qəbul edilməyən CHP lideri Kılıçdaroğluna da uduza bilər.
Tam eyni vəziyyət Egey dənizinin digər sahilində də gözlənilir. Yunan MRB araşdırma şirkətinin avqust ayında açıqladığı nəticələrə əsasən, Mitsotakisin səsləri %35-dən aşağıdır. Onun milliyyətçi “Yeni Demokratiya” partiyasını ən yaxından izləyən sol populist “SYRIZA” koalisiyası və bu koalisiyanın “ögey qardaşı” hesab edilən sosial-demokrat “PASOK” koalisiyasının toplam səsləri %40-dan yuxarı görünür.
Bu araşdırmalar bunu deməyə əsas verir ki, həm Ankarada, həm Afinada hakimiyyəti əlində tutan milliyyətçi, mühafizəkar hökumətlərə rəqibləri olan sol, mərkəz-sol müxalifətə qarşı etnik münaqişənin qızışması və hərbi toqquşma potensialının canlılığı həyati səviyyədə lazımdır.
Türkiyə ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu da belə düşünür. “Mitsotakis ilə Ərdoğanın ortaq bir nöqtəsi var: ikisinin də səsləri azalır və ikisi də populist müharibə kartını oynayırlar”, deyə o açıqlayıb.
Yunanıstanın ana müxalifəti “SYRIZA” koalisiyasının lideri Aleksis Tsipras da türkcə tvit yazaraq “hamımızın qarşı-qarşıya olduğu bu dərin iqtisadi böhrana cavab radikal milliyyətçilik deyil” deyə açıqlama vermişdi.
Hər iki ölkədən olan ekspertlər 2023-cü ilin yay ayında qonşu ölkələrdə keçiriləcək seçkilərdə mövcud sağçı hökumətlərin dəyişməsi ehtimalında Egedəki gərginliyin də azalacağını ehtimal edirlər.