Türkiyə “qarmağını atıb”
Türkiyə iqtisadiyyat naziri Nihat Zeybekçi ötən cümə İzmirdə keçirilən sərgi zamanı bildirib ki, Türkiyə Avrasiya İqtisadi Birliyi ilə gömrük müqaviləsi bağlamaq niyyətindədir.
“Bizim belə bir təklifimiz var ki, Türkiyə Aİ ilə müvafiq müqaviləni pozmadan, Avrasiya İqtisadi Birliyi ilə gömrük müqaviləsinin bağlanması haqqında danışıqlara başlasın, Türkiyə AİB-lə əməkdaşlıq qurmaq istəyir”, – Zeybekçi deyib.
Vəziyyətin şarmı
Rəsmi Ankaranın AİB gömrüyü ərazisinə qoşulmaq niyyəti barədə bəyanatını Ermənistan XİN-i şərh edib.
“Armenpress”lə söhbətində Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib: “Birincisi, Avrasiya İqtisadi Birliyi haqqında müqavilədə AİB gömrüyü ərazisinə qoşulma nəzərdə tutulmayıb. Bundan əlavə, AİB gömrüyü ərazisinə qoşulma barədə Türkiyə ilə AİB gömrüyü ərazisi arasında yeganə quru yol olan Ermənistan-Türkiyə sərhədini birtərəfli qaydada bağlayan Türkiyənin danışması absurddur”.
Bu, o deməkdirmi ki, Ermənistan AİB-lə Türkiyə arasında müqavilənin bağlanmasına ancaq Ankaranın sərhədi açdığı təqdirdə razı ola bilər? Və Köçaryanın bəyanatı ondan xəbər verirmi ki, Türkiyənin sərhədi açmaqdan imtina etməsi təqdirdə Ermənistan müqaviləyə veto qoyacaq?
Xatırladaq ki, Ermənistan-Türkiyə sərhədi birtərəfli qaydada Ankara tərəfindən 1993-cü ildə bağlanıb. Türkiyə bununla Azərbaycana Qarabağ münaqişəsi məsələsində öz həmrəyliyini nümayiş etdirib. Ermənistanın artıq qismən blokada şəraitində yaşamağa alışmasına baxmayaraq, sərhədin açılması Ermənistanda iqtisadi sıçrayışa səbəb ola bilərdi.
Ermənistanlı politoloq Levon Şirinyan hesab edir ki, Ermənistan Türkiyəyə sərt şərtlər irəli sürməlidir, ta soyqırımı tanımağa və onun fəsadlarının aradan qaldırılmasına qədər.
Lragir.am internet portalı öz növbəsində özünün redaksiya məqaləsində sual edir ki, Türkiyə müqaviləni imzalasa və bununla da AİB ilə “yeganə sərhədi” açsa nələr baş verəcək. Bu zaman artıq Ermənistanın özünün vəziyyəti absurd olacaq.
Vəziyyətin bütün “gözəlliyi” ondan ibarətdir ki, Ermənistanın özünün AİB-in digər ölkələri ilə ümumi sərhədləri yoxdur. Yəni hətta Türkiyə Ermənistanla sərhədləri açsa belə, deyək ki, Rusiya ilə ticarət üçün o, malları AİB-lə üzərinə hər hansı öhdəlik qoyan heç bir sənəd imzalamayan Gürcüstan vasitəsilə daşımalı olacaq. Türkiyəyə Rusiya ilə Qara dəniz üzərindən ticarət əlaqələri qurmaq xeyli daha asandır.
Şuvalov Türkiyəni unutdu
Baş nazirin birinci müavini İqor Şuvalov avqustun 22-də İssıkkulda keçirilən iqtisadi forumda bildirib ki, Avrasiya İqtisadi Birliyi siyasi layihə deyil və Rusiyanın təşəbbüsü ilə həyata keçirilmir.
“Layihə hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Avrasiya inteqrasiyası ideyası ilə çıxış edən Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılıb”, – deyə o qeyd edib.
Birlik ölkələri üçüncü dövlətlərlə azad ticarət zonalarının yaradılması problemi ilə üzləşiblər. “Hələlik ancaq Vyetnamla belə bir mexanizmi işə salmaq mümkün oldu, hər şey ağır inkişaf edir, paralel olaraq İranla mürəkkəb danışıqlar aparılır. Bu mövzuda Sinqapur və Çinlə məsləhətləşmələr aparılır, o cümlədən Çin Xalq Respublikası ilə “Bir qurşaq – bir yol” layihəsini nəzərə almaqla əməkdaşlıq imkanları müzakirə olunur”, – deyə o bildirib.
Bu zaman Şuvalov Türkiyənin adını çəkməyib. Bundan əlavə, Rusiya türkiyəli nazirin bəyanatına rəsmi şərh verməyib, bu səbəbdən də ekspertlər hesab edir ki, bəyanat Rusiya ilə razılaşdırılmayıb və sadəcə Moskvanın reaksiyasını yoxlamaq cəhdi ola bilərdi. Ya da Rusiya türkiyəli nazirin bəyanatını o qədər də ciddiyə almayıb.
Türkiyənin təklifini konkret olaraq kim istiqamətləndirib – Tiqran Sarkisyan?
Əslində isə Rusiya deyil, Avrasiya İqtisadi Komissiyası reaksiya verməlidir, ona da hazırda Ermənistanın keçmiş baş naziri Tiqran Sarkisyan başçılıq edir. Türkiyəli nazir təklifin Türkiyəyə məhz kimdən gəldiyini dəqiqləşdirməyib. Bu, Rusiya yoxsa Türkiyəyə dost dövlətlər olan Qazaxıstan və ya Qırğızıstan olub? Bəlkə təklifi təyinatından sonra Rusiya baş naziri Dmitri Medvedevin “böyük rəis” adlandırdığı şəxsən Tiqran Sarkisyanın özü verib?
Ümumilikdə Ermənistanın keçmiş yüksək vəzifəli məmurlarının AİB və KTMT-də rəhbər vəzifələrə təyin edilməsi (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi də Ermənistan SQ-nin keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovdur) Ermənistanda birmənalı şəkildə qarşılanmır. Belə bir fikir var ki, Rusiya bu vəzifələrə erməniləri təyin etməklə, onların əlləri ilə “xoş olmayan işlər” görməyə çalışır.
Digər tərəfdən, ola bilsin, Rusiya bununla özünü Türkiyə və Azərbaycanın əlavə təzyiqindən qorumağa çalışır. Ekspertlər qeyd edir ki, Bakı və Ankaranın hansısa təklifləri Moskvanı qane etməyəndə, Moskva onları “ermənilərin” yanına göndərir və məsələni onlarla həll etməyi təklif edir.
Tiqran Sarksiyanın Türkiyənin AİB gömrüyü zonasına birləşməsi ilə bağlı mövqeyi məlum deyil. Bununla belə, keçmiş baş nazirin susqunluğu ondan xəbər verir ki, türkiyəli nazirin bəyanatının məqsədi başqaydı.
Türkiyə iqtisadiyyat naziri Nihat Zeybekçinin Ankaranın AİB-ə birləşmək niyyəti haqda bəyanatı Brüssel və Vaşinqton üçün olan adi şantajdır, erməni politoloqu Stepan Qriqoryan belə hesab edir.
Politoloqun qeyd etdiyinə görə, Türkiyənin Avrasiya İqtisadi Birliyinə inteqrasiyasında Rusiya daha az maraqlıdır, çünki o, öz istehsalçılarının maraqlarının müdafiəsinə istiqamətlənən proteksionist siyasəti aparır.
Avqustun 23-də Soçidə Ermənistan və Rusiya prezidentləri Serj Sarkisyanla Vladimir Putinin görüşü baş tutmalıdır. Görüşdə Türkiyə ilə AİB arasında müqavilə məsələsinin müzakirə olunub-olunmayacağı məlum deyil.