Türkiyə prezidentini və parlamentini seçir
İyunun 24-də Türkiyə prezidentini və parlamentini seçir. Sorğu nəticələri parlament seçkilərində iqtidar partiyasının yenə də çoxluğa sahib olacağını göstərir. Amma hazırkı lider Ərdoğanın ikinci dəfə prezident seçilməsi çətin olacaq.
Parlament respublikasından prezident idarə üsuluna
Əslində növbəti parlament seçkiləri 2019-cu ildə baş tutmalı idi. Seçkini qabağa çəkib, prezident seçkiləri ilə eyni günə salmaq qərarı 2018-ci ilin fevralında verilib.
• Növbədənkənar seçkilər Ərdoğanın nəyinə lazımdır? JAMnews-un ətraflı izahı
2016-cı ilin iyununda baş verən hərbi çevriliş cəhdinə qədər Türkiyə parlament respublikası idi və ölkənin birinci şəxsi baş nazir hesab olunurdu.
Amma 2016-cı il 15-16 iyun günlərində bir qrup hərbçi İstanbul və Ankarada silahlı qiyam qaldıraraq, hakimiyyəti ələ keçirməyə uğursuz cəhd göstərəndən sonra ölkədə uzunmüddətli fövqəladə hal hökm sürdü.
Bunun ardınca isə 2017-ci ilin aprelində referendum keçirildi və konstitusiyaya bir sıra dəyişikliklər edildi. Nəticədə Türkiyə prezident üsul idarəsinə keçdi.
Hazırkı seçkilər bu keçidi tamamlayacaq və seçilən yeni prezident ölkənin birinci şəxsi olacaq.
Prezident seçkilərində altı namizəd iştirak edir:
• Hazırkı prezident Rəcəb Tayyib Ərdoğan;
• Əsas müxalifət namizədi – Cümhuriyyət Xalq Partiyasının Milli Məclisdəki fraksiyasının rəhbəri, deputat Muharrem İnce;
• Türkiyənin keçmiş daxili işlər naziri (1996-1997), indi isə müxalif “İyi” (“Yaxşı”) partiyasının sədri Meral Akşener;
• Hazırda həbsdə olan keçmiş deputat, Xalqların Demokratik Partiyasının lideri Selahattin Demirtaş;
• “Səadət” Partiyasının sədri Temel Karamollaoğlu:
• “Vətən” Partiyasının sədri Doğu Perinçekdir.
Namizədlər kimdir və qalibiyyət şansları nə qədərdir?
Rəcəb Tayyib Ərdoğan
2014-cü ildə Tükriyənin 12-ci prezidenti seçilib. Buna qədər isə 11 il müddətində (2003-2014) baş nazir qismində ölkəni idarə edib.
Ərdoğanın hakimiyyəti dövründə Türkiyə nəinki yaşadığı iqtisadi böhrandan çıxıb, hətta inkişaf edərək Atatürk dövründən bəri ən yüksək performans sərgiləyib.
2003-ci ildən 2009-cu ilə qədər Türkiyə ümumdaxili məhsul üzrə Avropa İttifaqı ölkələri arasında ən yaxşı nəticəyə nail olub. Həmin dövr kəsiyində Türkiyənin Beynəlxalq Valyuta Fonduna olan borcu sıfırlanıb. Vətəndaşların sosial rifah səviyyəsi kəskin yüksəlib.
Ərdoğanın baş nazirliyi dövründə yeni şose yolları, nəhəng körpülər və Mərmərə dənizinin altından keçən sürətli qatar tuneli inşa edilib.
Ölkədəki aeroportların sayı 25-dən 57-ə, universitetlərin sayı isə 70-dən 186-a çatdırılıb.
Amma bu stabil yüksəliş 2009-ci ildən etibarən səngiyib, işsizlik 10 faizdən 14 faizə yüksəlib. 2002-ci ildə -2 faiz olan cari kəsir, 2014-cü ildə -7,9 faizə yüksəlib.
Ərdoğan hökumətinin ölkə üçün nail olduğu bütün uğurlara rəğmən hakimiyyətinin ilk dövründən başlayaraq o, diktatorluqda ittiham edilib.
2013-cü ildə İstanbuldakı “Gəzi Parkında” ağacları qıraraq orada başladılan inşaat işlərinə qarşı keçirilən, daha sonra isə ölkənin avtoritarlaşmasına qarşı yönələn etiraz aksiyalarının dağıdılması üçün Ərdoğan sərt polis gücündən yararlanmış, nəticədə 1 polis və 7 mülki vətəndaş həlak olmuş, 9 mindən çox adam yaralanmış, 126 nəfər etirazçı həbs edilmişdi.
2016-cı ilin iyununda baş verən hərbi çevriliş cəhdində ümumilikdə 240 nəfər ölümüş, 2200 nəfər yaralanmışdı. Daha sonra Ərdoğan hökuməti yüz minlərlə insanı həbs etmişdi. Hüquq müdafiə təşkilatlarının bildirdiyinə görə, onların çoxu həbsxanada işgəncəyə məruz qalıb, hətta 22 nəfər məhbəsdə həbsxanada müəmmalı şəkildə vəfat edib.
2016-cı il hadisələri Ərdoğanın diktator imicinin daha da möhkəmlənməsinə səbəb olub.
• Kütləvi etirazlar və onlarla həbs edilənlər – referendum nəticələrinə ilk reaksiyalar
Türkiyə ictimaiyyətinin böyük qisminin Ərdoğana bağışlaya bilmədiyi əsas məqamlardan biri də onun Türkiyə Respublikasının banisi Atatürkün proqressiv inkişaf yoluna zidd siyasət yürütməsidir.
Əsasən söhbət Atatürkün dini institutların dövlətdən ayrı olmasına dair postulatından gedir. Ərdoğan tam əksinə, konstitusiyaya dini yönlü dəyişikliklər gətirməyə çalışır.
Bir çox ekspertlər hesab edir ki, bu iki seçim həm Ərdoğan həm də partiyası üçün yaşadıqları ən ağır seçim olacaq.
Məsələn, tanınmış jurnalist, “Sözçü” qəzetinin siyasi şərhçisi Emin Çölaşan yazır ki, Ərdoğan və iqtidar partiyası “ilk dəfədir ki, seçkilər ərəfəsində qorxur və hətta təşviş içindədir”:
“Bilirlər ki, iki seçimdən hətta birini belə uduzduqları təqdirdə sudan çıxmış balıq kimi çarəsiz qalacaqlar. Siyasi həyatları ilə birlikdə səltənətləri də, o məşhur özlərindən müştəbehlikləri… tərəfdarlarını zənginləşdirmələri, qısacası hər şey bitmiş olacaq.
Sarayı boşaldacaq. Əlindəki bütün dövlət səlahiyyətləri uçub gedəcək. Qapalı ödəmələrdən kefinə görə xərclədiyi sənədsiz, qəbzsiz trilyonları bir daha yuxusunda görə biləcək”.
Çölaşan hesab edir ki, seçim ikinci tura qaldığı halda bütün qüvvələr ona qarşı birləşəcək və Ərdoğanın məğlubiyyəti qaçılmaz olacaq.
Muharrem İnce
Atatürkün yaratdığı, hazırda ana müxalifət mövqeyində olan Cümhuriyyət Xalq Partiyasının namizədi Muharrem İnce prezident seçkilərində Ərdoğanın əsas rəqibi hesab olunur.
Dördüncü dönəmdir ki Milli Məclis üzvü olan İnce eyni zamanda fraksiya rəhbəridir. İnce Ərdoğan hökumətini arqumentli və kəskin tənqidləri ilə tanınıb. Hazırda da Ərdoğanla debatlarda özünü güclü natiq kimi göstərir.
“Sözçü” qəzeti Fransanın “Le Monde” nəşrinin “Ərdoğana meydan oxuyan adam” başlıqlı analitik icmalını dərc edib. Məqalədə İncenin ikinci tura qalma ehtimalının yüksək olduğu vurğulanıb.
Meral Akşener və Temel Karamollaoğlu
Bu iki prezidentliyə namizədin özlərinin şansları çox olmasa da, onların rəhbərlik etdiyi müvafiq olaraq “İyi” və “Səadət” partiyaları parlament seçkilərinə Cümhuriyyət Xalq Partiyası ilə birlikdə – “Milliyyət” blokunda qatılıb. Prezident seçkilərində də Ərdoğan və İnce ikinci tura qalacaqları təqdirdə sonuncunu dəstəkləyəcəklər.
Selahattin Demirtaş
Seçkilərə məhbəsdən qatılan bu namizəd Türkiyə kürdlərinin haqlarını təmsil edən Xalqların Demokratik Partiyasının lideridir. Üç dönəm millət vəkili olan Demirtaş 2016-cı ilin noyabrında digər 8 XDP deputatı ilə birlikdə “insanları iğtişaşa sövq etmək” ittihamı ilə həbs olunub.
XDP-nin parlamentə keçə bilmək üçün minimal həddi aşacağı ehtimal olunur. Prezidentliyə namizəd kimi şansı çox olmayan Demirtaşın ikinci turda İnceni dəstəkləyəcəyi (daha doğrusu, Ərdoğana qarşı çıxacağı) deyilsə də, özü bununla bağlı rəsmi açıqlama verməyib.
Doğu Petrinçek
Prezident seçkilərinin ən diqqətdən kənar qalan və ən şanssız namizədi hesab olunur.
Proqnozlar
“Remres” sosioloji qrupu seçkiöncəsi sorğu keçirib və onun nəticələrinə əsasən, prezident seçkilərində əsas mübarizənin çox cüzi fərqlə Ərdoğan (41.8 faiz) və İnce (41.3 faiz) arasında gedəcəyi ehtimal olunur.
Tədqiqatçılar hesab edirlər ki, ikinci tur qaçılmaz olacaq.