Türkiyə fövqəldövlət statusu arzusundadır? Səfirlərin göndərilməsi, Gülən və İstanbul kanalı
Türkiyə Qara dəniz üzərində tam nəzarətə doğru gedir, çünki bu, ona regional liderdən fövqəldövlətə çevrilməyə imkan verəcək. Maximilian Hessin “The Foreign Policy Research Institute” nəşrinə şərhi.
Türkiyədə hadisələr fövqəladə inkişaf edir – həbsdə olan türkiyəli hüquq müdafiəçisi Osman Kavalanın müdafiəsinə qalxan on ölkənin səfirləri persona non-qrata elan olunub və ölkədən göndəriləcəklər.
Türkiyədəki ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiya səfirləri faktiki qeyri-leqal vəziyyətə düşüblər.
Prezident Rəcəb Tayyib Ərdoğan NTV telekanalının efirində çıxış edərək onları “məsuliyyətsiz” adlandırıb və onlardan Türkiyənin daxili işlərinə və ölkə ərazisindəki məhkəmə proseslərinə müdaxilə etməməyi və “Ankaraya dərs verməməyi” tələb edib.
Osman Kavala – Türkiyənin ən məşhur hüquq müdafiəçilərindən biridir. O, “Anadolu Kültür AŞ” mədəniyyət fondunu yaradıb, milli azlıqların layihələrini dəstəkləyir, türklərin kürdlərlə və ermənilərlə barışması uğrunda mübarizə aparır.
O, 2017-ci il oktyabrın 18-də saxlanılandan sonra dövlət çevrilişinə cəhd ittihamı ilə artıq dörd ildir ki, ilkin həbs müddətindədir.
Bir çox şərhçilər hesab edirlər ki, bu hadisələr Ərdoğanın ardıcıl həyata keçirməyə başladığı ölkənin gələcəyi ilə bağlı yeni yanaşması kontekstinə daxildir.
Amerikanın “The Foreign Policy Research Institute” ekspertləri bu yanaşmanı “monumental” adlandırır və hesab edirlər:
Türkiyə prezidentinin birinci və əsas fəaliyyət istiqaməti Qara dəniz geostrateji xəritəsinin yenidən formalaşdırılması olacaq.
Qara dənizə nəzarət kanalı
Ərdoğan artıq uzun illərdir ki, “İstanbul kanalı”nın inşası ideyasını bəsləyir, bunu özünün “çılğın layihəsi” adlandırır. Türkiyə bununla Qara dənizə tam nəzarəti ələ almağa doğru gedir.
2021-ci il iyunun sonunda Ərdoğan dəyəri ən azı 15 milyard dollar həcmində olan layihənin təməl qoyma mərasimini keçirib.
Layihə Bosfor boğazında gəmilərin ləngiməsini azaltmaq və Türkiyə iqtisadiyyatına mühüm təkan vermək vasitəsi kimi təqdim olunub.
Ərdoğanın tənqidçiləri çoxdan prezidenti və iqtidarda olan Ədalət və İnkişaf Partiyasını (AKP) dövlət infrastruktur layihələrindən biznes çevrəsindəki müttəfiqlərinin və tərəfdarlarının varlandırılması üçün istifadə etməkdə günahlandırırlar. Amma bu kanalı daxili layihə kimi yox, nəhəng geosiyasi əhəmiyyəti olan layihə kimi nəzərdən keçirməkmlazımdır.
Layihə özlüyündə Ərdoğanın Ankaranı fəal fövqəldövlət kimi təsdiqləmək istiqamətində daimi səyləri vasitəsilə Qara dənizdə qüvvələr balansını yenidən formalaşdırmaq cəhdinin zirvəsini kəsb edir.
- Fətullah Gülən kimdir?
- Türkiyə demokratiya ilə avtoritarizm arasında
- Sultanlardan və prezidentlərdən yüksəkdə olan şəhər
Prezident Ərdoğanın xarici siyasəti son illərdə regionun simasını artıq dəyişib.
● O, Suriyanın işlərinə qarışıb, ölkənin şimalında faktiki bufer zonası yaradıb.
● O, Şərqi Aralıq dənizindəstatus-kvonu pozub. Əvvəlcə öz liviyalı müttəfiqləri ilə regionun dəniz sərhədlərinin yenidən müəyyən edilməsi haqda mübahisəli razılaşma imzalayıb. Daha sonra isə Kiprin rəsmi parçalanmasına çağırıb. Hər iki qərar Türkiyənin uzun müddətli mövqelərinə ziddir.
● Ərdoğan 2020-ci il müharibəsində digər NATO ölkələri neytrallığı qoruduğu halda Azərbaycana həlledici dəstək verməklə Ankaranın bu ölkəyə təsirini genişləndirib.
● Ərdoğan Qara dəniz vasitəsilə Ukraynaya hərbi texnika, o cümlədən də tərifli dronlarını satmaqdan da çəkinmir.
Türkiyə böyüyən güclü Yaxın Şərq, Aralıq dənizi, Avropa və Avrasiya dövlətidir. Türkiyə çoxregionlu dövlətdən əsl böyük gücə çevrilmək istəyirsə, Qara dənizə qitələrin çıxışı üzərində nəzarət xüsusilə vacibdir.
Qara dəniz regionu niyə vacibdir?
Türkiyə Qara dənizə çıxışa tam nəzarətə doğru gedir
Qara dəniz regionu 21-ci əsrdə iki Avropa müharibəsinə meydan olub – 2008-ci il Gürcüstan-Rusiya müharibəsi, 2014-cü il Ukrayna hadisələri və Donbasda davam edən hərbi əməliyyatlar.
Qara dənizə çıxış üzərində tam nəzarət əsas geosiyasi qırılma xətlərindən biri olaraq qalır.
Tarixən Bosfor və İstanbul Roma imperiyası dövründən başlayaraq 1453-cü ildə osmanlıların Konstantinopolu işğal etməsinə qədər bir çox böyük tarixi hakimiyyət sistemləri dəyişikliyinə məkan olub. Amma Türkiyə 1952-ci ildə NATO-a daxil olandan sonra ölkə boğazlar və Qara dəniz regionu üzərində öz nəzarətinə ciddi təhlükə ilə qarşılaşmayıb.
İndi Ərdoğan, deyəsən, bu stabilliyi riskə atmağa hazırdır.
O, artıq yeni İstanbul kanalının Montrö Konvensiyası ilə nizamlanmayacağını bəyan etməklə dünyada ok və qalmaqal yarada bilib.
Montrö Konvensiyası 1936-cı ildə imzalamış Bosfor, Mərmərə dənizi və Dardanel boğazına beynəlxalq çıxışı nizamlayan xüsusi sənəddir. Konvensiya NATO-a Qara dəznizdəki maraqlarını qorumaq üçün öz gəmilərini istiqamətləndirməyə imkan verir. Hərçənd eyni konvensiya qeyri-Qara dəniz dövlətlərinin hərbi gəmilərinin Qara dənizdə qalma müddətini məhdudlaşdırır ki, bu da NATO-nun bu regionda əməliyyat aparmaq imkanlarını ciddi məhdudlaşdırır.
Konvensiya Rostov kimi mühüm cənub ticarət limanları üçün Rusiyanın Aralıq dənizinə çıxışını təmin edir. Vacib olan odur ki, konvensiya Rusiyanın Qara dəniz donanmasının gəmilərinə də keçid imkanı verir. Əgər bu olmasaydı , bu donanma pz sahil rayonları ilə tam məhdudlaşardı və Rusiyanın bu gün daha az nüfuzlu Xəzər donanması ilə müqayisə olunacaq vəziyyətdə olardı.
NATO-nun problemləri, Gürcüstan və Ukrayna amilləri
Türkiyənin Bosforda suverenliyi onu regionda və dünyada əhəmiyyətli oyunçuya çevirən yeganə amil deyil.
Türkiyə NATO-nun silahlı qüvvələrinin böyüklüyünə görə ikinci evidir.
Onun İncirlik aviabazasında ABŞ-ın strateji nüvə qüvvələrinin bir hissəsi və amerikalıların Yaxın Şərqdə əməliyyatları üçün həlledici komanda strukturları yerləşir.
NATO-nun regionda təhlükəsizliklə bağlı real qorxuları var, xüsusən də Gürcüstan və Ukraynaya – yəni Qərblə sıx əlaqələrə can atdığına görə Moskva ilə münaqişəyə girən sahil dövlətlərinə münasibətdə.
Rumıniya və Bolqarıstan Qara dəniz sahilində yerləşən NATO-a üzv ölkələr olsalar da, əhəmiyytli hərbi-dəniz potensialına sahib deyillər.
Gürcüstan və Ukraynanın limanları da Türkiyə limanlarını minimum belə əvəz edə bilməz. Onlar hazırda məhz Rusiyanın bilavasitə yaxınlığında yerləşdikləri üçün NATO səfərlərini qəbul edir və NATO manevrlərinə xidmət edirlər.
- Türkiyə hökumətini narkotik və silah alverində günahlandıran mafiya başçısı haqda
- Ermənistan-Türkiyə: yeni imkanlar, yoxsa düşmənliyin davamı? Tomas de Vaal
- Cənubi Qafqazda kim rəqabət aparır: Ermənistan və Azərbaycan, yoxsa Putin və Ərdoğan? Şərh
Amma tədricən Türkiyənin NATO ilə münasibətləri soyuyur. Bu, əsasən Ərdoğanın Türkiyəni Osmanlı imperiyasının çiçəklənən dövründə olduğu kimi dünyanın fövqəlgücünə çevirmək səyləri ilə bağlıdır.
Türkiyənin beynəlxalq arenada bu cür bəyanları ona ölkə daxilində ratixi lider imicini satmağa imkan verir. Bu, yalnız hərbi düşüncələrlə məhdudlaşmır.
Azərbaycanın neft və təbii qazının nəqliyyat marşrutunda Türkiyə mərkəzi yer tutur. Ankara son zamanlar Yunanıstan və Kiprla Egey dənizində qazma hüququ uğrunda mübahisələrə girərək təbii qaz geosiyasətində daha böyük rol oynamağa can atır.
“Ərəb baharı” Türkiyədə islamlaşma və kurs dəyişikliyini stimullaşdırıb
Türkiyə Qara dəniz üzərində tam nəzarətə doğru gedir
Türkiyənin xarici siyasətinin nə qədər genişmiqyaslı olduğunu görmək üçün bugünkü prioritetləri Ərdoğan hakimiyyətinin ilk onilliyi ilə müqayisə etmək kifayət edər.
O zamankı xarici işlər naziri Əhməd Davudoğlu 2010-cu ildə “Foreign Policy” nəşrinə müsahibəsində deyib ki, Türkiyə “qonşulara münasibətdə sıfır problem” siyasətini yürüdür.
Bu, çox uğurlu həyata keçirilib:
● Türkiyə Gürcüstan-Rusiya müharibəsindən kənar qala bilib;
● 2004-cü ildə Kiprin sülh yolu ilə birləşməsi üzrə re ferenduma dəstək kampaniyası keçirib;
● Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirib;
● Eyni zamanda İranla və onun ərəb rəqibləri ilə münasibətləri inkişaf etdirib;
● Bir sıra regional sülh səylərində vasitəçi kimi çıxış edib, hətta yekunda bu səylər uğursuz olsa da.
Ərdoğanın həmin xarici siyasət yanaşması “ərəb baharı” fonunda dəyişməyə başlayıb.
Ərəb ölkələrində etiraz hərəkatları o zaman Amerikanın Barak Obama administrasiyası və əksər ərəb hökumətləri arasında münasibətlərin soyumasına gətirib çıxardı. Onlar Vaşinqtonun Misirdə olduğu kimi onlardan üz döndərəcəyindən və üsyançı ərəb küçələrini dəstəkləyəcəyindən narahat idilər.
Ərdoğan üçün “ərəb baharı” rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının gücləndirilməsi üçün təkan oldu. Çoxları bu partiyanı siyasi islam tərəfdarlarının birliyi hesab edir.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və bir çox digər ölkələr bunda “Müsəlman qardaşları” islam hərəkatına yavaş-yavaş legitimlik vermək cəhdi gördülər.
Türkiyə onunla əməkdaşlıq edir, amma ərəb ölkələri üçün bu hərəkat onların özlərinin legitimliyi üçün təhlükə idir.
Nəticədə Ankara getdikcə düşmənçiliyin daha çox yayıldığı regionda qalmış oldu.
Daha sonra miqrantlarla bağlı böhran başladı. Türkiyə Suriyadan beş milyondan çox qaçqın qəbul edib, daha sonra isə müxtəlif tələblər irəli sürərək öz sərhədlərini açıb bir-iki milyon insanı Avropaya buraxdı. Beləliklə Türkiyə Avropa siyasətinə ciddi təsir rıçaqı əldə etmiş oldu.
Türkiyədə çevriliş cəhdi və Fətullah Gülən ABŞ-la münasibətlərdə dönüş nöqtəsi oldu
Vaşinqtonla münasibətlərdə qırılma məqamı 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişi cəhdindən sonra baş verdi. Ərdoğan bunda ABŞ-da yaşayan keçmiş müttəfiqi din xadimi Fətullah Güləni günahlandırdı.
Obama administrasiyasının ən başından baş verənləri “çevriliş cəhdi” adlandırmaması ilə vəziyyət daha da pisləşdi. Ərdoğan əmin oldu ki, xarici və daxili təhlükələrə qarşı mübarizədə artıq Vaşinqtonun dəstəyinə ümid edə bilməyəcək.
Nəticədə Ərdoğan Ankaranın Qara dənizin cənub sahilində təcrid olunmuş vəziyyətdə qaldığını hiss etdi və artq əmindir ki, yeganə yol bərabər güclü beynəlxalq oyunçu olmaqdan keçir.