Türk Şurasında genişlənmə və Ərdoğanın emosional nitqi – türkdilli dövlətlərin Bakıdakı sammiti necə keçir?
Paylaşmaq
Paylaşmaq
Foto: president.az
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII sammiti keçirilir. 14-15 oktyabrda Türk Şurasına üzv olan ölkələrin başçıları və nümayəndələri əsasən xırda və orta biznesin dəstəklənməsi məsələsini müzakirə edib. Bundan başqa onlar Özbəkistanı da quruma üzv qəbul ediblər, Ərdoğan isə bəyan edib ki, Suriyada hərbi əməliyyatdan imtina etmək niyyətində deyil.
Türk Şurası müasir türkdilli dövlətləri birləşdirən beynəlxalq təşkilatdır. 2009-cu ildə yaradılan bu təşkilatın əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsidir.
Hazırkı sammitdə Türk Şurasına yeni ölkə – Özbəkistan qəbul edilib. Beləliklə təşkilata üzv ölkələrin sayı beşə yüksəlib: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan. Bundan başqa, Macarıstan da müşahidəçi ölkə kimi qəbul edilib.
Növbədə hələlik Şuraya daxil olmayan Türkmənistan var.
Amma ən maraqlı məqam odur ki, Türkiyə Suriyaya hərbi müdaxilə edərək, bir çox dünya ölkələrini qəzəbləndirəndən sonra bu sammit Rəcəb Tayyib Ərdoğanın ilk xarici səfəri olub.
Sammitdəki çıxışında Ərdoğan Avropa İttifaqı və Ərəb Dövlətləri Liqasını tənqid edib və bildirib ki, türk dünyası terrordan başqalarından daha çox əziyyət çəkib.
Başlatdığı “Barış pınarı” (“Sülh bulağı”) əməliyyatı ilə əlaqədar olaraq Ərdoğan bunları deyib:
“Sizin nə deməyinizdən asılı olmayaraq biz atdığımız addımlardan geri çəkilməyəcəyik. Bizim yeganə məqsədimiz regionu PYD/YPG və İslam Dövlətindən [terror təşkilatları – redaksiya qeydi] təmizləməkdir”.
Ərdoğan öz nitqini ilk Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin sözləri ilə yekunlaşdırıb: “Bir dəfə yüksələn bayraq, bir daha enməz!”
Bu sammit həmçinin Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin istefa verdikdən sonra beynəlxalq ictimaiyyət qarşısına ilk çıxışı olub.