“Türk Dövlətləri Təşkilatı Orta Asiyanı Rusiya və Çinin təsirindən ayırıb Avropaya yaxınlaşdıra bilər”. Bakıdan baxış
Türk Dövlətləri Təşkilatının Şuşa zirvəsi
“Türk Dövlətləri Təşkilatının (TDT) gələcəyi iqtisadi əlaqələrin dərinliyindən asılı olacaq”. Respublikaçı Alternativ (ReAl) Partiyasının liderlərindən biri Natiq Cəfərli belə hesab edir. Onun fikrincə, istiqamət, qərar doğrudur, amma bu gün problemlərdən də danışıb həlli yolları tapılmasa, TDT gözəl arzu olaraq qalacaq.
“Şərqə Baxış” analitik platforması isə Türmənistanın qurumun az əvvəl Şuşada keçirilən zirvə görüşünə qatılmamasına diqqət çəkir. “Görünən odur ki, qardaş ölkəni idarə edənlər Azərbaycanın öz ərazilərini azad etməsindən məmnun qalmayıb”, – platformanın yaydığı təhlildə deyilir.
- “Əhalinin gəliri xərclərini qarşılamır”. Azərbaycanda bahalaşma
- Biopsiya müayinəsi Ələsgər Məmmədlinin xərçəng olmadığını göstərib
- Aİ Gürcüstana 30 milyon avroluq yardımı dayandırıb. Səfir başqa tədbirlərin olacağı haqda da xəbərdarlıq edib
Türk Dövlətləri Təşkilatının dövlət başçılarının zirvə görüşü
İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev iştirak edib.
Prezident İlham Əliyev bildirib ki, Türk dövlətlərinin rəhbərlərinin Azərbaycanın azad edilmiş torpaqlarına səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər edib.
Əliyev hesab edir ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu təşkilatın nəzərdə tutduğu hədəflərin reallaşdırılması üçün yetərli deyil.
“Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb”.
Azərbaycan Prezidenti deyib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşıda duran prioritet məsələlərdən biridir.
Görüşün sonunda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi imzalanıb.
“TDT Türkiyə nümunəsinə uyğun AB ilə əlaqələri genişləndirməlidir”
ReAl funksioneri Natiq Cəfərli hesab edir ki, sözügedən qurumun gələcəkdə uğurlu fəaliyyəti üçün ilk görüləsi iş TDT-nın koordinasiya qurumlarının yaradılmasıdır.
“Hərbi-təhlükəsizlik, iqtisadi, mədəni, xarici siyasətlə bağlı katibliklər yaradılmalıdır. Bundan başqa, TDT ölkələrinin parlament nümayəndələrinin təşkilatı da olmalıdır. Yəni Avropa Parlamentinin prinsiplərinə uyğun əhali sayı kvotalarına görə, hələlik məşvərətçi statusunda daimi parlamentar orqan təsis edilməlidir”, – deyə o bildirir.
Natiq Cəfərli xatırladır ki, Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin ümumi ərazisi 4 mln. 731 min 213 km², əhalisi 170 mln.-a, ümumi ÜDM-i isə 1,4 trilyon dollara yaxındır:
“Çox böyük ərazi, böyük bazardır, bunun üzərinə ölkələrin təbii resurslarını, əlverişli coğrafi mövqeylərini də gəlsək, dünya geosiyasəti və iqtisadiyyatında mühim rol oynamaq üçün bütün perspektivləri olan birlikdir.
Amma ayrı-ayrılıqda TDT ölkələrinin əsas iqtisadi tərəfdaşları kənardadır, iqtisadi təməl olmadan isə birliyin gələcəyi dumanlıdır.
Qardaş Türkiyə ən böyük iqtisadiyyatdır, çoxşaxəli və bazar iqtisadiyyatı institutları olan modelə malikdir. 2023-də Türkiyənin ixracatı 256 mlrd. dollar, idxalı 362 mlrd. dollar olub. Türkiyənin əsas ticarət tərəfdaşları AB ölkələridir.
Azərbaycanın 2023-də ixracı 33,8 mlrd., idxalı 17,2 mlrd. dollar olub. Bizim ölkənin də ən böyük ticarət tərəfdaşı AB ölkələridir.
Qazaxsatanın 2023-də ticarət dövriyyəsi 140 mlrd. dollar olub – ilk yerdə Rusiya, 2-ci yerdə Çin, 3-cü yerdə Türkiyədir. AB ölkələrindən Fransa 9-cu, İtaliya 10-cu yerdədir.
Qırğızıstanın 2023-də ticarət dövriyyəsi 15,7 mlrd. dollar olub ki, bunun 38%-i tək Çinin payına düşüb, Rusiya isə 22%-lə 2-ci yerdədir. AB ölkələri ilə əlaqə zəifdir.
Özbəkistanın 2023-də ticarət dövriyyəsi 62,5 mlrd. dollar olub, 22% Çinin, 16%-i Rusiyanın payına düşür. AB ölkələrindən ancaq Almaniya 1,7% payla 7-ci yerdədir.
Türkmənistanın da 1 nömrəli ticarət tərəfdaşı Çin, 2-ci yerdə Rusiyadır. 2023-də Çinlə ticarət dövriyyəsi 10 mlrd. dollar olub ki, bu da, ümumi dövriyyənin, təxminən, 50% civarındadır.
Mənzərə belədir, Xəzərin o tayında olan qardaş ölkələr iqtisadi olaraq Çinə, Rusiyaya bağlıdırlar – bağlılıq dərindır, amma bu səviyyədə asılılıq qalacaqsa, TDT-nin işlək quruma, dünyanın yeni güc mərkəzinə çevrilməsi problematik olacaq.
TDT+AB dövlətləri bağının qurulması vacibdir ki, Çin, Rusiya iqtisadi ekspansiyasına rəqib olmaq mümkün olsun. Ona görə də, qardaş Türkiyənin prezidenti cənab Erdoğanın bu günlərdə dediyi “Türkiyənin əsas hədəfi AB-ə üzv olmaqdır” sözləri doğrudur, həm də TDT-nin güclənməsi üçün vacibdir”, – deyə Natiq Cəfərli fikrini yekunlaşdırıb.
Türkmənistan lideri niyə Şuşaya gəlməyib?
“Şərqə Baxış” analitik mərkəzi müşahidəçi statusuna və dəvət olunmasına baxmayaraq, Türkmənistanın TDT-nın Şuşada keçirilmiş zirvə görüşündə iştirak etməməsinə diqqət çəkib. Platforma analitiklərinin fikrincə bunun səbəbləri dəqiq məlum olmasa da, Azərbaycanla Türkmənistan arasında yeni bir anlaşmazlıq dövrünün yaşandığı barizdir.
“Demək olar bütün Türk dövlətlərinin liderləri ayrı-ayrılıqda rəsmi səfərlərə gələrək, işğaldan azad edilmiş əraziləri ziyarət edib. Təkcə Türkmənistandan başqa. Türkmənistan rəhbərliyi həm ayrılıqda, həm də TDT çərçivəsində azad olunmuş ərazilərə səfər etmədi. Görünən odur ki, Xəzərin o tərəfindəki qardaş ölkəni idarə edənlər Azərbaycanın öz ərazilərini azad etməsindən məmnun qalmayıb.
Türkmənistanla yola getmək nə qədər çətin olsa da, bu ölkənin Azərbaycanın yeni dövr xarici siyasət strategiyası üçün xüsusi əhəmiyyəti var. Türkmən qazının məhz Azərbaycan üzərindən Avropaya çıxarılması ölkəmiz üçün demək olar ki, həyati məsələdir.
Digər tərəfdən, Qazaxıstanın daima Rusiya işğalı təhdidi altında qalması fonunda, Mərkəzi Asiyaya alternativ çıxış olan Türkmənistan yolunun açıq qalması mütləqdir. Ən önəmlisi isə Türkmənistan gələcək üçün böyük ümidlər vəd edən Türk dünyasının birgə əməkdaşlığını natamam saxlayan yeganə parçadır.
Bununla belə, bəllidir ki, Türkmənistandakı mövcud hakimiyyət dövründə ikitərəfli münasibətləri qaydaya salmaq mümkün olmayacaq. Türkmənistan hakimiyyətinin qeyri-adekvat davranışları fonunda, bəlkə də bu ölkənin indiki məqamda TDT-dən kənarda qalması, təşkilatda xüsusi səlahiyyətləri olan üzvə çevrilməməsi daha məqsədəuyğundur”, – deyə “Şərqə Baxış”ın təhlilində deyilir.