Turistlərin Gürcüstanda qeyri-adi sərgüzəştləri
Gürcüstanın Milli Turizm Administrasiyası hesab edir ki, Gürcüstanda əcnəbi turistlərin sayı stabil şəkildə artır. Təkcə mayda bizə 522 mindən çox turist gəldi. Turizm administrasiyası bildirir ki, bu, bir il əvvəl olduğundan təxminən 15 faiz çoxdur. Bu ilin təkcə birinci yarısında ölkəmizə 2 milyondan çox əcnəbi səfər edib.
Bunu pula çevirsək belə çıxır ki, beynəlxalq turistlər təkcə bu il artıq Gürcüstana təxminən 2 milyard dollar gətiriblər.
Gürcüstanda turistlərin çoxluğunu adi gözlə də görmək olar. Xüsusən də mənim üçün – axı mən Tbilisi mehmanxanasında administrator işləyirəm. Hər gün onlarla insan görürəm, onların çoxu ilk dəfədir ki, Gürcüstana gəlir. Qonaqlarımızın verdiyi yüzlərlə sualı cavablandırıram, bəzən özüm də onlara məni maraqlandıran suallar verirəm. Bəzən də özləri hər şeyi danışır.
Misal üçün, Qətərdən olan gənc Alam Məhəmməd söhbət zamanı təəssüflə neft biznesinin əvvəlki kimi gəlirli olmadığından şikayət edir.
– Neft resursları da əvvəlki kimi deyil, – resepşndə administrator masasına dirsəklənən Alam ah çəkir.
Görünür, neftin qiymətinin qlobal şəkildə düşməsi səbəbindən Alam kəmərini sıxaraq, eyni zamanda həm turist, həm də işgüzar səfər etmək fikrinə düşüb.
– Atamla neftdən başqa daha nəyəsə pul yatırmaq istəyirik. Gəldik ki, baxaq görək harada torpaq sahəsi almaq daha yaxşı olar. Bəlkə Gürcüstanda mehmanxana açdıq, – Alam səmimi şəkildə planlarını bölüşür.
Həm statistika, həm də müşahidələrə görə, Gürcüstana ən çox sayda turist Türkiyədən gəlir. İkinci yerdə Azərbaycan, daha sonra isə Ermənistan, Rusiya və Ukrayna gəlir.
Növbəti həmsöhbətim Moskvadan olan İqor Smirnovdur. O da işlə istirahəti eyni vaxta salıb: onun qısa məzuniyyəti ezamiyyətinin davamıdır.
İqor ezamiyyəti bitəndən sonra bir neçə günü asta templə mənzərəli yerləri gəzmək, çaxır içməklə keçirmək istəyirmiş. Gürcüstana gələndən sonra isə İqor özü üçün tamamilə gözlənilmədən ekstremal istirahət etdiyinin fərqinə varıb:
– Sizdəki yol hərəkəti qaydalarından şokdayam, – tanış olarkən, salam vermək əvəzinə İqor deyir, – mən hələ belə bir şey görməmişəm!
Ona daha çox təsir edən dağlar, qonaqlıqlar və polifoniya deyil, yollarda əcnəbinin heç cür dərk edə bilmədiyi, çox qəribə qaydaların hökm sürməsi olub.
– Hamı necə emosionaldır, hər kəs siqnal verir və hər kəs məhz özünün haqlı olduğunu düşünür. Bunu hətta yumruqları ilə sübut etməyə hazırdır.
Düzdür, Gürcüstanda avtomibillə bağlı olan heç də hər təcrübə neqativ deyil. Misal üçün, başqa bir moskvalı Anatolinin İqorun sualının cavabında küçədə parkinq etməyin nə dərəcədə təhlükəsiz olduğunu deyəndə, çox təəccübləndi. Amma bu, xoş bir təəccüb idi.
– Əlbəttə bu çox qözəl və qəribədir ki, Gürcüstanda artıq gecə küçədə saxlanılan maşının qarət edildiyi vaxtları unudublar. Burada belə şeylər sadəcə olmur, gəlmələrdə isə təəccüb doğurur.
Xoş sözlərə görə çox sağ ol, Anatoli.
Başqa bir qonağım, Səudiyyə Ərəbistanından olan Hüsam əl Məsrinin sözləri məni təpədən dırnağa qədər qızarmağa vadar etdi. Məsələ belə olub.
Hüsam məndən taksi çağırmağı, maşın gələndən sonra isə sürücüyə pul verməyi xahiş etdi. Mən avtomatik olaraq ondan pulu aldım, pulu görəndə isə özümü itirdim – ovcumun içində yüz larilik üç təptəzə əskinas varıydı (yəni təxminən 130 dollar). Gediş haqqı ən azı on dəfə ucuz olmalıdır.
Hüsam mənim təəccübümü anlamadı – axı onu hava limanından mehmanxanaya qədər gətirən taksi sürücüsü məhz bu qədər istədi.
Eh, bağışla, Hüsam, bizdə fırıldaqçılara da rast gəlmək olur.
Gürcüstana səfərdən alınan həzzin aşkar, şübhəsiz olması məni çox səvindirir. Bu zaman qonaqlarımın gözləri parıldayır, onlar mütləq bura təkrar gələcəklərini deyirlər. Bir çoxları, yeri gəlmişkən, həqiqətən də gəlirlər – bəzən bunu elə həmin mövsümdə edə bilirlər. Bəziləri isə o dərəcədə ilhamlanır ki, gürcü dilini öyrənməyə başlayır. Onlarla görüşü səbirsizliklə gözləyirəm. Və məmnuniyyətlə onlarla gürcü dilində danışmağa hazıram.