Ağacda bitən kartof, mandarin və başqa meyvələr: Azərbaycanın cənubundan 25 foto
Azərbaycanın cənubu – Astara və Lənkəran “ekzotik” meyvələr sayılan feyxoa, kivi, portağal və mandarini ilə məşhurdur. Maşxan bütün bu meyvələrin yetişdirildiyi tipik Astara kəndidir.
Oqtayın torpaq sahəsində 120 mandarin ağacı var. Bu da təxminən 2,5 (mövsüm yaxşı olanda isə 3) ton mandarin deməkdir.
Yaş artdıqca Oqtay məhsulu yığmaqda çətinlik çəkir və bu işdə ona oğlu Emin kömək edir.
“Bu mövsüm isti külək xeyli mandarinimizi xarab etdi”. – Oqtay deyir. – “Biz ona “gəlmiş” də deyirik. Külək İran tərəfdən dənizə doğru əsir. Yay onsuz da istidir, bir tərəfdən də bu. Mandarinlər yavaş-yavaş elə ağacın üstündə çürüməyə başlayır. Belə mandarini yeşiyə qoysan, o birilərini də xarab edəcək”.
“Bazarda müxtəlif mandarinlər rast gəlinir – İrandan, Gürcüstandan. Amma mən düşünürəm ki, bizim Azərbaycan mandarinləri ən yaxşısıdır, çünki onlar daha şirindir. Xaricdən gətirilən mandarinlərsə ona görə daha gözəl görünür ki, ağacları sulamaq üçün heç də həmişə suyumuz olmur”.
“Mandarinləri taxta yeşiyə qoysan, bir-iki ay qalar. Plastmas qutularda isə ventilyasiya daha yaxşıdır, ona görə də 4 aya qədər saxlamaq olar. Kivini saxlamaq isə lap rahatdır. Bərk meyvələri yumurta qutusuna yığırsan. Onlar elə oradaca yetişir”.
“Meyvə oğurluğundan qorxmuruq, axı hərənin öz torpaq sahəsi var. Oğurlamağın nə mənası? ”
“Mandarin pis satılsa, narahatlığa bir səbəb yoxdur”. – Emin deyir. – “Bax, mənim qoyunlarım var. 59 baş – 4 erkək, qalanı dişi. Yayda uzaqdan vedrə ilə su daşımamaq üçün bulaqdan onlar üçün kiçik kanal qazmışam.
Torpaq dəniz səviyyəsindən nə qədər yüksəkdə olsa, mandarinlər o qədər yaxşı yetişir. Ona görə də aşağı yerlər otlaq üçün istifadə edilir.
Yağışdan sonra otlağa aparan yol bataqlığa çevrilir. Amma həmişə belə olmayıb. Sovet dövründə burada torpaq hamıya məxsusuydu, xiyar-pomidor yetişdirilirdi, yollarda həmişə gediş-gəliş olduğundan bu qədər baxımsız deyildi.
Sonra torpağı camaata payladılar. Onlar burada buğda yetişdirməyə cəhd etdilər, amma sərfəli olmadı. İndi də buralar xarabalıqdır, amma o gördüyünüz qamışdan süpürgə düzəldirlər”.
“Kənddə bir-birimizlə rəqabətimiz yoxdur. Əgər kimsə ucuz qiymətə satmağa başlasa hamı bunu anlayışla qarşılayır, deməli adamın krediti var.
2015-ci il pis il oldu. Bizdən mandarinin kiloqramını 40 qəpikdən alırdılar. İndi 70-80 qəpiyə veririk.
Yaşayışımız ağırdır – mövsümdə nə qədər pul çıxardın, qalan vaxtı da bu pulla dolanmalısan. Amma mağaza satıcılarının işi daha çətindir. Onlar mallarını borca verir və mövsüm gələndə pullarının geri qaytarılacağını gözləyirlər. Bəs malı hansı pulla almalıdırlar. Hələ borcunu qaytarmayan kəndlilər də var. Qaytara bilmirlər. Dava etməyəcəksən ki, hamı özününküdür. Ona görə də köşklər bağlanır”, – Emin danışır.
Kivi təkcə dadlı meyvə deyil, bəzi kababçılar onun şirəsindən bərk əti yumşaltmaq üçün istifadə edirlər.
“Sovet İttifaqı dağılandan sonra xalq fəal şəkildə qazanc dalınca İrana getməyə başladı”, – Oqtay danışır. – “Kivi ilə orada tanış olduq. Bu hardasa 90-cı illərin əvvəllərinə təsadüf edir. Meyvə çox xoşumuza gəldi, amma əvvəllər yerlilər ona “tüklü kartof” deyirdi”.
Digər kənd sakini Əliağanın bağında 80 mandarin ağacı var. Onların sayı daha çoxuydu, amma 1985-ci ilin güclü şaxtası çox sayda cavan ağacı məhv etdi.
Onun nəvəsi Xanım mandarini çox sevir, amma ağacdan yemək olmaz –soyuqdu, boğazı ağrıyar. Mandarini evə aparmaq, qızmağını gözləmək lazımdır.