Trampın müşaviri birgünlük səfəri zamanı insan haqları probleminə toxunmadığı üçün Azərbaycanda çoxlarını məyus edib
Paylaşmaq
Paylaşmaq
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton oktyabrın 24-də Qafqaza səfəri çərçivəsində Azərbaycanda olub. Burada o, ölkə prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Söhbət əsasən regional problemlərdən, Qarabağ münaqişəsindən və terrorla mübarizədən gedib. Amma yerli jurnalistlər və hüquq müdafiəçiləri üçün vacib olan Azərbaycanda insan haqlarının pozulması məsələsinə ümumiyyətlə toxunulmayıb.
Rəsmi görüşlərdən sonra keçirilən mətbuat konfransında jurnalistlər Boltondan Əliyevlə insan haqları və demokratiya haqda danışıb-danışmadıqlarını soruşublar. Bu sualın cavabında Bolton bildirib ki, Əliyevlə aralarında çox “məhsuldar dialoq” olub və “Azərbaycanla ABŞ-ın əməkdaşlıq edə biləcəyi və bir-birindən öyrənəcəyi” çox sahə var.
2014-cü ildən bağlanan Azadlıq Radiosunun Bakı ofisinin taleyi ilə bağlı suala isə Bolton prezidentlə bu məsələni müzakirə etmədiklərini bildirərək cavab verib və bunu belə arqumentləşdirib: “ABŞ başqa ölkələrə möizə oxumaq niyyətində deyil”.
Bu, dünya liderlərinin Bakıya gələrək insan haqlarının pozulması məsələsini iqnor etdikləri ilk hal deyil. Baxmayaraq ki, müstəqil media və vətəndaş cəmiyyəti fəalları hər dəfə onlardan reaksiya gözləyir. 2017-ci ilə olan məlumata görə, Azərbaycanda siyasi məhbusların sayı 150 nəfərdən çoxdur və ölkə söz azadlığına görə ən son yerlərdən birində qərarlaşıb.
“Bolton üçün Azərbaycana səfərin məqsədi reionda təhlükəsizlik məsələləri, İrana qarşı sanksiyalar idi. İnsan haqları isə həssas mövzudur və ola bilər ki, Bolton təhlükəsizlik məsələsi ilə bağlı Azərbaycan hökuməti ilə razılığa gələ bilmək üçün onun üzərindən keçib”, – JAMnews-a müxalif Respublika Alternativi Partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli deyib.
Trampın müşaviri özüylə Qarabağ münaqişəsinin nizamlanması üzrə yeni təklif gətirməyib, çünki onun sözlərinə görə, regiona ABŞ-ın buradakı siyasətini dəyişmək üçün gəlməyib.
Amma o vurğulayıb ki, Azərbaycan Birləşmiş Ştatlar üçün strateji nöqteyi-nəzərdən çox önəmlidir, çünki Qafqazın eyni zamanda həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkəsidir.