Tramp: hökmdar, yoxsa dəli?
Prezident Donald Tramp, foto: Cheriss May/NurPhoto via Getty Images
ABŞ prezidenti Donald Trampın ekstravaqand davranışının onun psixikası ilə problemlərinin nəticəsi olması ilə bağlı fikirlər daha tez-tez və daha inadla səslənməyə başlayıb. Bu haqda jurnalistlər, siyasətçilər və peşəkar psixiatrlar danışır və yazır.
Bəs tarix nə deyir – psixi sağlamlığı şübhə doğuran ölkə başçılarının aqibəti necə olub? Bu haqda “Foreign Policy” jurnalına məşhur ingilis tarixçisi Riçard Evans danışıb.
Don Culius Sezar d`Ostria
Müqəddəs Roma imperiyasının imperatoru İkinci Rudolfun bu oğlu öz nökərlərinə hücum etməsi, mebeli dağıtması, uzun rabitəsiz nitqlərlə çıxış etməsi, nəticədə də məşuqəsinə ölənə qədər əzab verməsi və bir neçə gün qana bulaşmış vəziyyətdə gəzməsi ilə məşhur olub. Bununla da atanın səbri tükənir və İkinci Rudolf oğlunu boğub öldürməklə bağlı əmr verir.
Avstriya-Macarıstanın imperatoru Birinci Ferdinand
Birinci Ferdinandın portreti. WikiArt
Uşaqlıqdan iki keyfiyyəti ilə fərqlənib – zəif əqli inkişaf və idarə olunmayan qəzəb. Müasir tədqiqatçılar bunun tibbi səbəbləri olduğunu deyirlər: valideynləri yaxın qohum, kuzen olub.
O, 1835-ci ildə taxta çıxanda, ölkəni idarə etmək üçün xüsusi şura yaradıldı, çünki aydınıydı ki, Birinci Ferdinandı bu işə yaxın buraxmaq olmaz. Bununla belə, bu, Avstriya-Macarıstanda 1848-ci ildə baş verən inqilabın qarşısını almağa kömək etmədi.
XIX əsrin əvvəllərində Britaniya hökmdarları
Burada başlanğıcı qoyan Üçüncü Georq oldu. Müəyyən müddətə qədər onun qəribəliklərini qəbul edirdilər, amma o, ağaclarla danışmağa başlayanda saray hesab etdi ki, “bu, artıq ağ oldu” və sonradan Dördüncü Georq adı ilə hökmdar olan oğlunu ona regent (himayədar) təyin etdi.
Amma Dördüncü Georq da atasından uzağa getmədi, çünki onu maraqlandıran yeganə şey tiryək, alkoqol və yemək idi (ömrünün axırına yaxın onun çəkisi 140 kiloqram idi).
Kral IV Georqun portreti, müəllif Thomas Lawrence, WikiArt
Onu əvəz edən Dördüncü Uilyam da ölkəsini sevindirmədi. O, saatlarla boş-boşuna küçələrdə gəzə və yoldan keçənlərə: “Bilirsiz, mən kralam”, – deyə müraciət edə bilərdi.
Tarixçilər hesab edir ki, Britaniya monarxiyası bu dövrü ancaq ona görə keçə bildi ki, həmin vaxt ingilis kralları artıq real hakimiyyətdən məhrum edilmişdilər.
Bavariya kralı Otto
XIX əsrin ortalarında hakimiyyətə gələndə uzunmüddətli depressiyaya düşməkdən, həyatının son illərini isə iflic vəziyyətində keçirməkdən yaxşı bir şey tapmadı (bunun səbəbinin sifilis olduğu güman edilir).
Bu hadisədən sonra Avropanın demək olar ki, bütün ölkələrində sağlamlığına dair şübhə yarandıqda, ehtiyac duyulduqda hökmdarları asanca dəyişmək imkanı verən qanunlar qəbul edildi.
Buna görə də 1936-cı ildə İngiltərə kralı Səkkizinci Edvard adəti pozaraq, amerikalı (özü də boşanmış) xanımla evlənmək qərarını verəndə, onu taxtda dərhal qardaşı, indiki kraliçanın atası əvəz etdi.
Riçard Evans yazır ki, Donaldd Tramp dəfələrlə aydın ifadə olunmuş psixoloji qəribəliklər nümayiş etdirib, məsələn:
- o, çox tez-tez emosiyaları üzərində nəzarəti itirir,
- nə şifahi nitqini, nə də yazılı fikirlərini idarə edə bilir,
- vaxtaşırı olaraq ətrafdakılara qəribə reaksiyalar verir,
- ancaq bir neçə müşavirinə və qohumlarına etibar edir,
- adları, soyadları, tarixləri və coğrafi adları dəyişik salır.
Riçard Evans yazır ki, ABŞ-ın 45-ci prezidenti bir sıra Avropa hökmdarlarının analoji hallarının nəylə nəticələndiyini nəzərə almalıdır.