Putini kim və necə devirməyi planlaşdırır? Bakıdan şərh
Tramp dövründə Rusiya və Putinin aqibəti
Donald Tramp prezident kürsüsündə fəaliyyətə başlayandan özündən əvvəlki sələfindən qalan bir çox məsələlərdə tam əks mövqe sərgiləyir. Bura bir sıra inkişaf etməkdə olan ölkələrdə demokratik institutların, həmçinin yerli iqtisadiyyatın möhkəmlənməsinə yönəlik böyük layihələr həyata keçirən USAID-ə hələlik 90 gün müddətində maliyyənin dayandırılması da daxildir.
Baydendən sonra Trampın iradəsilə Putin Rusiyasına qarşı münasibətin necə dəyişəcəyi, artıq işə düşmüş sanksiyaların dayandırılıb-dayandırılmayacağı, yeni sanksiyaların tətbiq edilib-edilməyəcəyi gözlənilənlər arasındadır.
- Azərbaycanda bələdiyyə seçkiləri keçirilir
- “Rus evi” – Rusiya və Azərbaycan arasında yeni gərginlik ocağı
- “Ter-Petrosyan, Köçəryan və Sarkisyan da qanun qarşısında cavab verməlidir”. Bakıdan baxış
Bu gözlənti məşhur amerikalı jurnalist Taker Karlsonun Bayden administrasiyasının Rusiya prezidentini sıradan çıxarmaq planları olduğuna dair açıqlamaları ilə daha da artıb.
Putin özü də gözlənti içindədir. Bu günlərdə Rusiyanın dövlət televiziyasına qısa müsahibəsində Trampı tərifləyərək onu “ağıllı” adlandırması da bundan xəbər verir. Putin Trampın 2020-ci ildə ABŞ seçkilərinin “oğurlandığı”na dair iddiasını təkrarlayıb.
“Onunla razılaşmamaq mümkün deyil, əgər o, prezident olsaydı, əgər 2020-ci ildəki qalibiyyəti oğurlanmasaydı, bəlkə də, 2022-ci ildə Ukraynada yaranan böhran baş verməzdi”, – Putin deyib.
Putin Trampın “yalnız ağıllı deyil, həm də praqmatik” olduğunu bildirib və əlavə edib: “Bizi yeni sanksiyalarla bağlı xəbərlər eşitsək də, onun Amerikanın öz iqtisadiyyatına zərər verəcək qərarlar qəbul edəcəyinə şübhə edirəm”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Tramp Rusiyaya dair Bayden dövründən qalan siyasətin tam əksinə qərarlar qəbul edə də bilər, eyni siyasi xətti davam etdirə də bilər. Tarixdən oxşar misallar gətirən siyasi analitik Trampın ABŞ-ın mövcud situasiyada maraqlarına uyğun davranacağı fikrindədir.

“Ağ Evin yeni sahibi Donald Trampa yaxınlığı ilə tanınan və Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Kreml sahibi Vladimir Putindən müsahibə ala bilən yeganə amerikalı jurnalist Taker Karlson qaş düzəltmək istəyərkən, göz çıxarıb. O, həmkarı Mett Taibbiyə müsahibəsində deyib ki, guya Co Bayden ABŞ prezidenti olduğu müddətdə administrasiya Rusiya prezidenti Vladimir Putini sıradan çıxarmağa cəhd edib. Belə bir planın olub-olmadığını iddia etmək çətindir.
Bəlkə də Vaşinqtonda hesab ediblər ki, Putin olmasa, Rusiya müharibəni dayandıracaq. Bunda müəyyən qədər məntiq var.
Misal üçün Putinin yerinə baş nazir Mixail Mişustin keçsə, böyük ehtimalla o müharibənin davamında maraqlı olmayacaq. O, baş nazir təyin olunandan bu yana bir dəfə də müharibə barədə fikir bildirməyib. Mişustin müharibənin Rusiya iqtisadiyyatına dağıdıcı zərbə vurduğunu anlamamış deyil.
O ki qaldı, Vaşinqtonun Putini aradan götürmək planına, ABŞ tarixində belə hallar az olmayıb. Mərkəzi Kəşfiyyat İdarəsinin Kubanın keçmiş lideri Fidel Kastronu öldürmək üçün müxtəlif planları olub, sadəcə reallaşdıra bilməyib.
Mərkəzi Kəşfiyyat İdarəsi 1973-cü ildə çevriliş yolu ilə Çilinin solçu prezidenti Salvador Alyendeni general Auqusto Pinoçetlə əvəz edə bilib. Doğrudur, bu zaman Alyende həlak olub və Pinoçetin hərbi xuntası minlərlə çililinin ölümünə səbəb olub. Ancaq bu, Vaşinqtonu az narahat edib.
Karlson düşünüb ki, Donald Tramp Bayden administrasiyasının “Putin yoxdursa, problem də yoxdur” prinsipini bəri başdan rədd edəcək. Həqiqətən Tramp Ağ Evdə ilk günlərindən başlayaraq Baydenin bir çox qərarını ləğv edib. Ancaq bəzi məsələlərdə davamlılıq istina deyil.
Keçmiş prezident Duayt Eyzenhauer 1961-ci ildə kreslosunu seçkidə qələbə qazanan Con Kennediyə təhvil verəndə Mərkəzi Kəşfiyyat İdarəsi Kubaya qarşı müdaxilə planı hazırlamışdı. Kennedi planı bəyənməsə də, mexanizm işə düşmüşdü və Ağ Evin yeni sahibi Mərkəzi Kəşfiyyat İdarəsinə “yox” deməmişdi. Müdaxilə Amerika üçün məğlubiyyətlə nəticələnsə də, Kennedi sələfinin hazır planından imtina edə bilməmişdi.
Eyni ilə Tramp üçün maraqlı olsa, o da Mərkəzi Kəşfiyyat İdarəsinin və Pentaqonun əvvəlcədən hazırlanan planlarına “hə” demək məcburiyyətində qala bilər”.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə qeyd edir ki, Putinin aradan qaldırılması Kreml daxilindəki proseslər nəticəsində də baş verə bilər.

“Dağlarda üfüqlər uzaqlaşır və çox şey aydınlaşır… Beləliklə, Rusiya-Azərbaycan böhranı haqqında.
Rusiya-Ukrayna müstəvisində atəşkəs yaxınlaşır. Bu, yekun sülh olmayacaq, ancaq cari və ya oxşar təmas xəttinin müvəqqəti dondurulması baş verəcək.
Həm Zelenski, həm də Putin özlərini qalib elan edəcəklər. Bununla belə, həm Ukraynada, həm də Rusiya Federasiyasında “qaliblərin” yeni oyunçularla əvəzlənməsi mövzusu aktuallaşacaq. Ukraynanın siyasi elitası və Kremlin “qüllələri” daxilindəki qruplar artıq hakimiyyət uğrunda ölümcül döyüşə hazırlaşaraq “gizli” hərəkətlərə başlayıblar.
Onlarla təmasda olan Qərb ümidverici siqnallar ötürərək qarşıdurmanı daha da kəskinləşdirir.
Təyyarəmizlə bağlı faciə Kremlin və Kremlə yaxın qrupların daxili siyasi mübarizəsində istifadə üçün situasiya fonuna çevrilib.
Rusiya mətbuatında böyük dövlətlər tərəfindən idarə olunan “carçılar”ın və ölkəmizdəki “Rusiya imperiyasına qarşı mübarizə fədailərinin” sinxron şəkildə “dilə gəlməsini” nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, söhbət koordinasiya olunan çoxsəviyyəli əməliyyatdan gedir.
Təbliğat kampaniyasının xarakteri onu göstərir ki, Rusiya xüsusi xidmət orqanlarından olan sifarişçilər Rusiya Federasiyasında, eləcə də Azərbaycanda öz agentlərinə nəzarəti davam etdirirlər. Odur ki, söhbət Rusiya dövlətinin hazırkı başçısına açıq şəkildə meydan oxuyacaq qədər iddialı və güclü “Kreml qülləsi”ndən gedir.
Azərbaycan prezidenti öz mövqeyini açıq şəkildə ifadə edib. Bizi öz daxili siyasi çəkişmələrinizə qatmağa çalışmayın. Biz tələb edirik ki, Rusiyanın təyyarəmizin faciəsi ilə bağlı mövqeyi yalnız beynəlxalq hüquq çərçivəsində məhdudlaşdırılsın, mövzunu “qanundankənar hesablaşmalar” səviyyəsinə endirməyə cəhd göstərilməsin.
“Kreml qüllələri” və Qərb oyunçuları başa düşməlidirlər ki, “yeni priqojinlər” onların problemidir və bizi bu macəraya sürükləməyin mənası yoxdur”.