Tramp dövründə ABŞ və Cənubi Qafqaz. Bakıdan şərh
Tramp dövründə ABŞ və Cənubi Qafqaz
Trampın ABŞ prezidenti kimi fəaliyyətə başlamasına dörd həftə qalıb. Hazırkı Bayden administrasiyası və Trampın komandası bu tarix üçün fəal işləyirlər. Bir çox ekspertlər Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətinin necə olacağını anlamağa çalışır.
Azərbaycanlı politoloq Fərhad Məmmədov hesab edir ki, “az vaxt qalsa da, bu o demək deyil ki, Trampın dövründə ABŞ-ın regiona münasibətinin formalaşmasına təsir edə biləcək başqa hadisələr baş verə bilməz”
- “Card-to-card” edən ticarət və iaşə obyektlərinə böyük cərimələr Azərbaycan iqtisadiyyatını kölgədən çıxaracaqmı?
- Bakı niyə Ermənistan və Azərbaycan sərhədində Aİ missiyasına qarşıdır? Şərh
- İlham Əliyev: “Ermənistan bizimlə silahlanma yarışına tab gətirməyəcək”
ABŞ-ın Cənubi Qafqazdakı hazırkı vəziyyəti
Fərhad Məmmədovun fikrincə, ümumiyyətlə, Bayden administrasiyası Cənubi Qafqaz regionuna böyük diqqət ayırıb. “Lakin ABŞ-ın region ölkələrində mövqeyi fərqli istiqamətlərdə inkişaf edib”, – politoloq hesab edir.
“Ermənistanda hər şey alındı. Strateji qarşılıqlı fəaliyyətlə bağlı sənədlər imzalandı, Ermənistan Müdafiə Nazirliyində hərbi müşavir peyda oldu. Hakim elita ABŞ-ın Ermənistan xüsusi xidmət orqanlarına nüfuz etməsi üçün şərati yaradır, Rusiya ən azı ictimai qavrayış səviyyəsində sıxışdırılır.
Baydenin səlahiyyət müddətinin sonunda Gürcüstanla problemlər yarandı, hökumətə və hakim partiyaya qarşı sanksiyalar tətbiq olundu.
Azərbaycanla heç nə alınmadı. ABŞ-ın vasitəçilikdə erməni mərkəzli yanaşması münaqişənin həlli prosesində nəticə vermədi. Əksinə, Dövlət Departamentinin rəhbəri Blinkenin Azərbaycan rəhbərliyi ilə bağlı ikili mövqeyi Bakı ilə münasibətlərdə gərginliyin artmasına səbəb oldu.
- ABŞ Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi prosesini təşkil edə bilmədi;
- Ermənistan-Türkiyə sərhədinin açılmasına nail ola bilmədi;
- Gürcüstan hökuməti ilə münasibətlərdə yaranan fəsadlar ABŞ-a regiondakı geosiyasi oyununu tam şəkildə qurmağa imkan vermir.
Trampın dövründə nə baş verə bilər?
Politoloq qeyd edir ki, andiçmə, təyinatlar və namizədlərin Konqresdə təsdiqindən sonra xarici siyasətə cavabdeh olan strukturlar mart ayına kimi tam fəaliyyətə başlayacaq. Onun fikrincə, Cənubi Qafqaz mövzusunun prioritet olmadığını nəzərə alsaq, xarici siyasətin əsas mövzuları – Rusiyanın Ukraynaya təcavüzü, Yaxın Şərq/İran, Çinlə münasibətlərə dair yanaşmalar formalaşdıqdan sonra növbə bizim regiona gələcək.
“Bununla yanaşı, Trampın dövründə dövlət sisteminin optimallaşdırılması və transformasiyası, ABŞ-ın xarici siyasət alətlərinin azaldılması ehtimalı yüksəkdir. Bununla belə, Birləşmiş Ştatlar fəal xarici siyasətdən əl çəkməyəcək, sadəcə olaraq müttəfiqlərinin resurslarından istifadə edəcək və xristianları qorumaq ideoloji elementi ilə birgə praqmatizm prioritet olacaq.
Praqmatik məqsədlərə aşağıdakılar daxildir:
– Cənubi Qafqaz Mərkəzi Asiyaya giriş qapısı kimi;
– Rusiya – Ukrayna müharibəsinin gedişi və Trampın vasitəçi mövqeyindən asılı olaraq Rusiyanın regiondan sıxışdırılması mövzusu aktual olacaq;
– İranla əlaqələrin inkişafından asılı olaraq bu kontekstdə Cənubi Qafqazın yeri və rolu formalaşacaq”.
Trampın regiondakı əsas təmsilçisi kim olacaq?
“Bu rol uğrunda Türkiyə, Fransa və müəyyən qədər Böyük Britaniya və İsrail yarışır.
Parisdə Makron artıq Zurabaşvilli və Paşinyanı Trampa təqdim etməklə regionda ABŞ-ı təmsil etmə imkanlarını nümayiş etdirib. Suriyada dəyişən situasiya göstərdi ki, Türkiyə Yaxın Şərqdə ABŞ-ın təmsilçisinə çevrilə bilər və bu rolu Cənubi Qafqazla bağlı da nəzərdən keçirmək olar. İngilislər və israillilər, bir qayda olaraq, regionda ABŞ-ın görünməz müttəfiqləri rolunu oynayırlar.
Azərbaycanın Fransanın regionda uğur qazanmadığını göstərməsi gözlənilir. Fransanın Gürcüstandakı mövqeyi də önəmlidir və Makronun İvanişviliyə zənginə məhz Parisi regionda ABŞ-ın əsas təmsilçisi kimi təqdim etmək kontekstində baxmaq lazımdır.
Paralel olaraq, regionda hər bir ölkə öz resurslarını toparlayır. Bölgədə hələ də həll olunmamış və Trampı maraqlandıra biləcək mövzular var: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi, Ermənistan-Türkiyə normallaşması, Ermənistanın KTMT-dən çıxması.
Tramp administrasiyasının regionla bağlı mövqeyinin formalaşması üçün vacib meyar onun Gürcüstan hökumətinə münasibəti ola bilər və indiki Bayden administrasiyası da məhz bu istiqamətdə hərəkət edir.
Vaxt tükənir, lakin bu, Trampın dövründə ABŞ-ın regiona yanaşmasını formalaşdıra biləcək hadisələrin baş verməyəcəyi anlamına gəlmir”, – deyə politoloq fikrini yekunlaşdırıb.