Azərbaycanda toy qalmaqalı: eks-deputat və xüsusi xidmət polkovniki həbs edilib
Pandemiyanın qızğın çağında keçirilən toy mərasimi Azərbaycanda qalmaqala səbəb olub. Avqustun 22-də ölkənin ən nüfuzlu şəxslərindən birinin, prezident aparatının keçmiş rəhbəri, çoxlarının “boz kardinal” hesab etdiyi Ramiz Mehdiyevin kürəkəni 15 sutka inzibati həbs cəzası alıb.
Mehdiyev koronavirus pandemiyası və toyların tam qadağan edildiyi dövrdə nəvəsi üçün toy məclisi təşkil edib.
Bu qalmaqalın bütün iştirakçıları yüksək vəzifəli tanınmış insanlardır.
Gəlinin atası, Mehdiyevin kürəkəni eks-deputat, prezidentin adaşı İlham Əliyevdir. Bəyin atası Rövşən Mustafayev Dövlət Təhlükəsizliyi Xidmətinin polkovnikidir, o da 15 sutka həbs cəzası alıb.
Azərbaycanda 2020-ci ilin martından koronavirus pandemiyasına görə toyların keçirilməsi qadağan edilib. Bu haqda prezident İlham Əliyev də, baş nazir də, Koronavirusla Mübarizə üzrə Operativ Qərargah da dəfələrlə bildirib.
Ölkə regionlarında dəfələrlə azsaylı toyların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Bu cür xəbərlərdə həmişə mərasim təşkilatçılarının həbsi haqda bildirilirdi, bütün toy iştirakçılarının isə polis şöbəsinin dəhlizlərində şəkilləri çəkilərək mediada yayılırdı.
“Yüksək vəzifəlilərin” bu toyundan fotolar və videolar qonaqlardan biri – müğənni Aysel Teymurzadə tərəfindən Facebook səhifəsində yerləşdiriləndən sonra mediada yayılıb.
Müğənni 2009-cu ildə Araşla birlikdə “Always” mahnısı ilə “Eurovision” beynəlxalq musiqi yarışmasına qatılması ilə məşhurdur.
Toy Bakı kənarında, Novxanı qəsəbəsində təşkil edilib. Videodan görünür ki, mərasim qapalı məkanda keçirilib və insanlar masaların ətrafında böyük qruplarla əyləşiblər.
Halbuki Operativ Qərargahın qoyduğu qaydalara əsasən, bir masa arxasında altı nəfərdən artıq insan əyləşə bilməz, qapalı məkanlarda tədbirlər isə ümumiyyətlə qadağandır.
Qonaqlar sırasında keçmiş və hazırkı nazirlər, deputatlar və cəmiyyətdə tanınan insanlar olub.
82 yaşlı Mehdiyevin özü 1995-ci ildən prezident administrasiyasının dəyişməz rəhbəri olub. Buna qədər, SSRİ dövründə isə o, hazırkı prezident İlham Əliyevin atasının dövründə analoji vəzifəni tutub.
2019-cu ilin oktyabrında Mehdiyev istefaya göndərilib, Elmlər Akademiyasının prezidenti təyin edilib və Azərbaycanın Təhlükəsizlik Şurasının üzvüdür.
Əvvəlcə hakimiyyət toyu “adi məclis” adı altında ört-basdər etmək istəyib – Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov jurnalistlərə belə deyib.
Daha sonra o, bəyan edib ki, belə bir şey deməyib və yalnız bundan sonra DİN mətbuat xidməti günahkarların qanun qarşısında məsuliyyətə cəlb olunacağı məzmununda açıqlama yayıb.
Toyda qonaq olan deputat Siyavuş Novruzovun reaksiyası cəmiyyətdə xüsusi qəzəb doğurub.
O, jurnalistlərə saymazyana şəkildə deyib: “Bilirsiz, iştirak eləmişəm, düz eləmişəm”
Buna görə Novruzov idarə heyətinin üzvü olduğu “Yeni Azərbaycan” iqtidar partiyasının rəhbərliyindən töhmət alıb.
Sosial şəbəkələrdə qəzəb davam edir, çoxları hesab edir ki, 15 sutka və töhmət yetərli cəza deyil. Tələb edirlər ki, belə hallarda adi vətəndaşlarla necə davranılırsa, onlara qarşı da eyni qaydalar tətbiq edilsin – polis şöbəsinin dəhlizində onların da fotoları dərc edilsin.
Şərh
Tanınmış jurnalist və bloger Həmid Həmidov Facebook səhifəsində yazıb:
“Bu, hamının: koronavirusla bağlı tədbirlər görən digər məmurların; öz həyatı bahasına koronavirus xəstələrini müalicə edən həkimlərin; elementar çörək pulu olmadığı üçün əziyyət çəkən və maska taxmadıqları üçün polislərin hər gün cərimələdiyi sadə insanların üzünə tüpürməkdir.
Toyda iştirak edən qonaqların şərhlərinin həyasızlığı onların hamısının qanuna, sadə insanlara türpürdüklərindən xəbər verir. Mən çox ümid edirəm ki, qanunun bu cür biabırçı şəkildə pozulması cəzasız qalmayacaq. İnsanları bu dərəcədə qəzəbləndirmək və məyus etmək olmaz”.