Toylar qadağandır: Azərbaycanda bu nə deməkdir
Azərbaycanda koronavirus pandemiyasına görə 2020-ci ilin mart ayının 14-dən kütləvi mərasimlərin, o cümlədən toyların keçirilməsi qadağan edilib. Ötən 10 ay ərzində bir çox qadağalar ləğv olunsa da, toy qadağası hələ də qüvvədədir və buna icazənin nə vaxt veriləcəyi məlum deyil. Bir çox cütlüklərin evlənə biləcəkləri günü intizarla gözləməkdən başqa çarələri yoxdur.
- “Qayınanam komandirlik edir, ona cavab qaytarmaq olmaz”. Gürcüstanın Marneuli şəhərindən altı qadının hekayəsi
- 75 günə bir cüt corab: Azərbaycanda yeni yaşayış minimumu – Bakıdan şərh
Toyunun keçiriləcəyi tarixi gözləyənlərdən biri – Lamiyə Əbdülkərimova üzləşdiyi çətinliklər barədə JAMnews-a danışıb.
“Niyə kimsə gəlib bizim toyumuza pul yazdırmasın?”
O deyir ki, Azərbaycan mentalitetinə görə, toy olmadan evlənmək məsləhət görülmür. Belə ki, toyun özünə qədər bir çox mərhələlərdən keçmək lazımdır: qız bəyənmə, elçilik, nişanlılıq, toy öncəsi adətlər, cehiz toplanması və s.
“Belə məsələlərdə valideynlərin fikri böyük rol oynayır. Çünki toyu bizim üçün valideynlərimiz təşkil edir. Onlar düşünürlər ki, biz filankəsin toyunda iştirak etdik, pul xərclədik. Bizim də övladımız var və niyə kimsə gəlib bizim toyumuza pul yazdırmasın?!
İnanın ki, ailələr kim nə qədər pul yazdırdı, hansı ailə neçə nəfər gəldi, neçə masa tutuldu, masanın pulu tam oldumu deyə siyahı tuturlar”, – Lamiyə deyir.
O bildirir ki, toy mövzusunda əsas rol ailələrə məxsus olsa da, hər bir insan bunu həyatında bir dəfə yaşayır və toy gününün özəl olmasını istəyir:
“Əvvəl-axır karantin bitəcək, biz bunu gözləyirik, tələsən yerimiz yoxdur. Gözləməyənlərin əksəriyyəti müəyyən problemi olanlar, ya da uzun müddət nişanlı qalanlardır. Toy planları həyata keçməyib. Amma bu o demək deyil ki, onlar toy etməyəcəklər. Rəsmi nikah olsa da, şadlıq saraylarının işinə icazə verildikdən sonra cütlüklərin çoxu toy mərasimi keçirəcək. Öz istəkləri ilə olmasa da, qohum-əqraba bunu onlardan tələb edəcək. Bizdə belə şeylərə pis baxırlar”.
Altı aydan sonra hər şey bitə bilər
Lamiyə Əbdülkərimova 6 aydan çoxdur sözlüdür. Onlar karantində ancaq birinci dərəcəli ailə üzvlərinin iştirakı ilə mərasim təşkil ediblər. Nişan mərasimi üçün isə hələ də sərt karantin rejiminin yumşaldılmasını gözləyirlər.
“Bizim, demək olar ki, daha vaxtımız yoxdur. Yaza qədər nişanımız olmasa, yayda sözlüm əsgərliyə gedəcək. Məcburən bir il də gözləməli olacağıq. Əsgərlikdən qayıdandan sonra artıq nişana ehtiyac qalmır, birbaşa toy mərasimi olacaq, yəqin ki. Ən azı mən belə ümid edirəm ki, o zamana qədər pandemiya bitər və hər kəs azadlığına qovuşar”.
Boşanmaların sayı artır
Karantin dövrü cütlüklər üçün tək “rəsmi” tərəfdən yox, həm də psixoloji cəhətdən çətindir. Görüşmək, vaxt keçirmək mümkün olmur və cütlüklərin əksəriyyəti bu 11 ay ərzində yollarını ayırıblar. Həmçinin boşanma halları da çoxalıb.
Rəsmi statistikaya əsasən, 2020-ci ildə Azərbaycanda cəmi 32.437 nikah, 13.439 boşanma qeydə alınıb. Başqa sözlə, evlənənlərin 40%-dən çoxu yollarını ayırır. Azərbaycan üçün bu, çox böyük rəqəmdir.
Lamiyə gənclərin baxış bucağından yanaşaraq bildirir ki, karantin onların psixologiyasına mənfi təsir edir, hər birində müxtəlif izlər qoyur.
“Əsəb və stresdən hər kəslə dalaşırıq. Təbii ki, bunların arasında partnyorumuz da var. Bir çox ailəli tanışım karantin müddətində boşandı. Onları qınamaq da olmur, artıq hər kəs yorulub. Mövzunu ümumiləşdirsək, mən istəmərəm belə şəraitdə evlənim. Bunu bir dəfə yaşayacağam və mənim üçün çox özəl olmasını istəyirəm”.
Lamiyə onu da deyir ki, Azərbaycanda əksər ailələr borclu qalmağı, yaxud kiminsə ona borclu qalmağını sevmir. Hər kəs iştirak etdiyi toyların əvəzini gözləyir. Bu, əzəldən belə gəlib. Artıq el adət-ənənəsi bunu tələb edir.
Müğənnilər etiraz edir
Sərt karantin rejimi dəfələrlə yumşaldılsa da, kütləvi tədbirlərin icazəsi haqqında heç bir məlumatın olmaması məşhurların da etirazına səbəb olub. Müğənni Elnarə Xəlilova öz “Facebook” hesabında yazıb:
“Bu gedişlə toylara da məhərrəmlik ayında icazə verərsiniz ki, heç kəs yenə də toy edə bilməsin”.
Müğənni Niyam Salami də karantin rejiminin uzadılmasına sərt şəkildə etiraz etmiş məşhurlar sırasındadır.
“Biz kirayə pulu verə bilmirik. Camaat acından ölür. Səhnə müğənniləri nə etsin? Mən bilmirəm hara qaçım. Bu torpaqda yaşaya-yaşaya necə dolanaq?!”
Toy cəzası
Xatırladaq ki, qadağalara baxmayaraq, bu müddət ərzində toy etmiş şəxslər cəzalandırılıb. Bir çox cütlük xüsusi karantin rejimi qaydalarını pozduğuna görə onlar haqda İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq cərimə edilib.
2020-ci ildə Azərbaycanda ən səs-küylü qalmaqallardan biri məhz toyla bağlı olub. Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin karantin müddətində toy etməsindən sonra onun qudası İlham Əliyev karantin rejiminin pozulmasına görə 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
Bu hadisədən az sonra Ramiz Mehdiyev də tutduğu vəzifədən uzaqlaşdırılıb.