"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli 56 yaşını həbsxanada qeyd edib
Toplum TV işi – Ələsgər Məmmədli
Azərbaycanda media hüququ üzrə tanınmış ekspert, “Toplum TV” müstəqil onlayn televiziyasının təsisçisi Ələsgər Məmmədli 56 yaşını həbsxanada qeyd edir. Səhhətində ciddi problemlər olsa da, məhkəmə onu növbəti dəfə həbsdə saxlayıb. Ailəsi Penitensiar Xidmətin onu lazımi tibbi xidmətlə təmin etməməsindən və martın əvvəlindən boğazındakı şişin xarakterini müəyyən etmək üçün müayinənin aparılmamasından narahatdır. Məmmədlinin xərçəng olması ehtimalı var.
- Azərbaycanda taksi tarifləri kəskin artıb
- Qubad İbadoğlunun işi üzrə istintaq 13 ay davam edəcək
- Azərbaycanın strateji balansı nə deməkdir? Ekspert şərhi
Mayın 24-də Bakının Xətai Rayon Məhkəməsi Ələsgər Məmmədlinin ev dustaqlığına köçürülməsilə bağlı vəsatətini yenidən rədd edib. Bu barədə onun vəkilləri məlumat verib.
“Biz onun ev dustaqlığına çıxarılması üçün vəsatət qaldırdıq. Bu humanitar məsələdir, onun azadlığından daha çox təcili biopsiyadan keçməsi üçün. Keçən dəfə analoji vəsatət qaldırdığımız zaman istintaq orqanları Ələsgər Məmmədliyə biopsiyadan keçmək imkanı yaradacaqlarını öz üzərlərinə götürdü. Ona görə də biz vəsatəti geri götürdük.
Amma bu baş vermədi. Biz də onun ev dustaqlığına buraxılması üçün yenidən vəsatət verməyə məcbur olduq. Bir daha deyirəm, bu, azadlıq yox, ölüm-dirim məsələsidir. Amma bizim müraciətimiz bir daha rədd edildi.
Yenidən Ələsgər bəyin şəxsi həkim müayinəsindən keçəcəyinə söz veridi, amma biz inanmırıq. Odur ki, məhkəmə qərarından apellyasiya şikayəti verəcəyik”, – deyə vəkillərdən biri Aqil Laic bildirib.
Vəkil onu da qeyd edib ki, Ələsgər Məmmədliyə effektiv tibbi yardımın göstərilməsi üçün artıq Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət edilib.
Yaxınlarının sözlərinə görə, Məmmədlinin vəziyyəti pisləşməkdə davam edir, lakin məhkəmə müdafiə tərəfinin vəsatətini təmin etmir. Eyni zamanda, qalxanabənzər vəzisindəki şişin müayinəsinə imkanı verilmir.
“Həkimin Ələsgərə yazdığı müalicə kursu bitib, yenisi isə başlamayıb. 10 gün əvvəl qardaşımın analizlərini alıblar, amma hələlik nəticələrini özünə deməyiblər deyə, yeni müalicə kursunu başlaya bilmir. Analiz götürüləndə biopsiya müayinəsindən də keçiriləcəyi bildirilib. Hətta bu analizi harada vermək istədiyini da soruşublar, amma hələlik heç bir nəticə yoxdur”, – Nəsimi Məmmədli bildirib.
“Bu gün Ələsgər bəylə telefon danışığımız oldu. Səsində hiss ediləcək dərəcədə ciddi dəyişiklik var. Səbəbi məlum olduğu kimi qalxanabənzər vəzidəki şişlə bağlıdır. Ölçülərdə böyümələr var və bu da səs tellərinə təsir edir. Üç həftədir ki, edilən müayinələrdən cavab yoxdur”, – Ələsgər Məmmədlinin həyat yoldaşı Günay Məmmədli sosial şəbəkədə yazıb.
Ələsgər Məmmədli 2024-cü il martın əvvəlində qalxanabənzər vəzisindəki şişin xarakterini müəyyən etmək üçün biopsiya müayinəsinə getdiyi klinikanın qarşısında saxlanılıb.
Martın 8-də media hüququ eksperti Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olaraq qaçaqmalçılıq) maddəsi ilə ittiham olunaraq 4 ay müddətinə həbs edilib. O vaxtdan bəri Pentensiar Xidmətə çoxsaylı müraciətlərə baxmayaraq, biopsiya hələ də aparılmayıb.
Daha əvvəl, martın 6-da Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun və III Respublika Platformasının 7 təmsilçisi saxlanılıb. Onlardan 5-i həbs edilib, daha ikisi polis nəzarəti altında sərbəst buraxılıb. İki gün sonra eyni iş üzrə Ələsgər Məmmədli və Ruslan İzzətli də saxlanılıblar.
Onların hər biri Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə) ilə ittiham olunur. Bu ittihamla onları beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini “Tolum TV” və digər KİV-lərin, xüsusilə “Abzas Media”, “Kanal-13”ün işi üzrə həbs olunanların cinayət təqibinə son qoymağa çağırıb.