Tomas de Vaal:Açıq və qapalı Gürcüstan
Əvvəllər heç vaxt Gürcüstan dünyaya bu qədər açıq olmayıb. 2017-ci ilin ilk yarım illiyi ərzində Avropa ilə birbaşa hava əlaqəsi sayəsində bu ölkəyə gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29 faiz artaraq 1,2 milyon nəfərə çatıb. Turizm mövsümünün ən qızğın vaxtında bu rəqəm daha da yüksələcək.
Eyni zamanda 55 min Gürcüstan vətəndaşı martdan qüvvəyə minən vizasız rejimdən yararlanıb.
Amma təəssüf ki, bütün bunlarla eyni zamanda Gürcüstanın siyasi sistemi uzun illər ərzində olmadığı qədər qapalı və qeyri-şəffaf olmağa başlayıb. Problemin kökü “Gürcü arzusu” partiyasının 2016-cı il parlament seçkilərində süni şəkildə çoxluq əldə etməsindədir. Şəxsi seçkiqabağı səyləri və müxalifətin səmərəsiz fəaliyyəti sayəsində bu partiya 150 yerdən 115-ni, yəni faktiki olaraq ölkəni təkbaşına idarə etmək üçün mandat qazandı.
1991-ci ildə müstəqillik əldə edəndən sonra Gürcüstan üçüncü dəfədir ki, de-fakto birpartiyalı ölkəyə çevrilir. O vaxtkı prezident Eduard Şevarnadzenin başında durduğu iqtidar partiyası 2004 və 2012-ci illər arasında belə bir çoxluğa sahib idi.
Sələfləri kimi “Gürcü arzusu” da özü-özlüyündə geniş koalisiyanı ifadə edir. Bu partiya 2012-ci ildə Saakaşviliyə müxalif qüvvə kimi formalaşıb. Onun bir qolu – ictimai, dünyaya görünən, aydın şəkildə Avropa yönlüdür. Bu qol hökumətdə təmsil olunub və baş nazir Georgi Kvirikaşviliin simasında birləşir. Məhz onlar vizasız rejimin tətbiqinə nail olublar və indi Avropaya inteqrasiyanın növbəti mərhələsi – Gürcüstan və Aİ arasında tam azad ticarət haqda saziş üzərində çalışırlar.
Digər qol daha arxaik, populistik və Gürcüstan Pravoslav Kilsəsinin ortodoksal din xadimlərinə daha yaxındır. Bu qolun bəzi görkəmli xadimləri nə hökumətə, nə də parlamentə daxil olmayaraq pərdə arxasında qalırlar.
Son aylarda Gürcüstanda baş verən bəzi hadisələr narahatlıq doğurur. Birincisi, iqtidar partiyası konstitusiyaya dəyişikliklər təklif edib. Bu dəyişikliklərə əsasən parlament seçkilərində birinci yeri tutan partiya əlavə yerlər əldə edə biləcək, prezident isə birbaşa səsvermə ilə deyil, parlament tərəfindən seçiləcək. Koalisiya yaratmaq da mümkün olmayacaq – halbuki “Gürcü arzusu” da bu yolla hakimiyyətə gəlib.
Bu dəyişikliklərin əslində Aİ ölkələrində analoqları var və etiraz doğurmur. Amma məhkəmə islahatları sahəsində inkişafın olmaması və digər amillər fonunda bu, daha çox illər öncədən “Gürcü arzusu”nun hakimiyyətdə qalmasını uzatmağa hesablanmış tədbirə bənzəyir. Tbilisidəki diplomatlardan birinin sözlərinə görə, narahatlıq doğuran dəyişikliklərin özü deyil, bu dəyişiklikləri müşayiət edən və onun “qorxunc” adlandırdığı siyasi proseslərdir. O, “Gürcü arzusu”na xas olan “qalib hər şeyi əldə edir” psixologiyasını nəzərdə tutur, hansı ki, bu dəyişiklikləri qətiyyətlə onlara qarşı çıxan müxalifətlə və vətəndaş cəmiyyəti ilə müzakirə etməyib.
İkinci narahatlıq doğuran amil ksenofobiyanın artmasıdır. Postsovet Gürcüstanı üçün yeni olmasa da, paradoksal şəkildə ölkənin beynəlxalq açıqlığı sayəsində yeni impuls alan bir amildir. Bu əhval iyulun 14-də ümumilikdə əcnəbilərə və xüsusilə İran və Türkiyə vətəndaşlarına qarşı şüarların səsləndiyi “Gürcü marşı” adlanan yürüş zamanı ortaya sərildi.
Əcənəbilərin kənd təsərrüfatı mülklərinə sahib olmasını Konstitusiya ilə qadağan edilməsinə dair dəyişikliklərin arxasında məhz ksenofobiya durur. Kvirikaşvili bu təklifi dəstəkləməklə biznes aləmini hiddətə gətirib, çünki biznesmenlər bu dəyişikliyin xarici investisiyaların kökünü kəsəcəyini düşünürlər. Burada da adətən olduğu kimi şeytan detallarda gizlənib. Bir çox ölkələrdə belə bir qadağa hökm sürür, amma bu qadağanın konstitusiyada təsbit edilməsi nadir rast gəlinən bir şeydir.
Üçüncü narahatlıq doğuran hadisə Azərbaycandan olan və Tbilisidə sığınacaq tapan müxalif jurnalist Əfqan Muxtarlının məhkəmədən kənar saxlanılmasıdır. Mayın 29-da o, küçədən oğurlanıb Azərbaycana ötürülüb, orada isə həbsə atılıb. Bu, varlı və nüfuzlu qonşunun xətrini xoş tutmaq üçün Gürcüstanın hüquq-mühafizə orqanlarının bir qisminin gözyumması və dəstəyi nəticəsində həyata keçirilib. Tbilisidəki digər diplomat bu hadisəni “xüsusi xidmət orqanları üzərində siyasi nəzarətsizlik” kimi dəyərləndirərək, bunun Gürcüstanın Qərbdəki dostlarını ən çox narahat edən olay olduğunu bildirib.
Çoxları bu epizodun dövlətin cəmiyyət üzərindəki üstünlüyü və ya Türkiyədə təsvir edildiyi kimi kölgə qüvvəsinin mövcudluğu tendensiyasının təzahürü olmasından qorxur. Adlar da çəkilir – “Gürcü arzusu”nun əsasını qoyan və Gürcüstanın “boz kardinalı” Bizdzina İvanişvilinin kuzeni, biznesmen Umi Mamatsaşvili və keçmiş baş prokuror Otar Partsxaladze. Çünki onlar ikisi də ictimai olmayan fiqurlardır və onların təsir dərəcəsini qiymətləndirmək çətindir.
Son bir neçə ildə ABŞ və Aİ-nin Gürcüstan hökumətinə təsirinin zəiflədiyini tərəddüdsüz demək olar. Vizasız rejim Aİ tərəfindən son böyük güzəştdir, sələflərindən fərqli olaraq Trampın prezidentliyi altında olan ABŞ-ı isə demokratiyanın dəstəklənməsi çox da narahat etmir. Vitse-prezident Pensin Gürcüstana səfəri ilk növbədə hərbi əməkdaşlıq və təhlükəsizlik məsələlərinə həsr olunmuşdu.
Müasir Gürcüstan avtoritar qonşularının əhatəsində yenə də açıqlıq nümunəsi olaraq qalır. Amma hazırkı tendensiyalar göstərir ki, bu hekayədə çox şey geri dönə bilər.
Tomas de Vaal, Karnegi Fondunun Şərqi Avropa və Qafqaz üzrə böyük elmmi işçisi. Məqalə ilk dəfə iyulun 31-də Fondun saytında dərc olunub