Tokio Olimpiadası Cənubi Qafqaz ölkələri üçün necə keçdi? Xülasə və fotolar
Gürcüstanın Olimpiadadakı uğuru, Azərbaycanda “razılaşma” qalmaqalı, Ermənistanın məhkəmə iddiası
Tokio Olimpiadası tarixinin ən qəribəsi oldu – bir il ləngiməli, tamaşaçısız. 206 ölkədən olan 11 000-dən çox idmançı arasında Gürcüstan, Azərbaycan və Ermənistan təmsilçiləri də mübarizə aparırdı.
Gürcüstan üçün bu olimpiada misilsiz uğurlu, Azərbaycan üçün 25 ilin ən uğursuz, Ermənistan üçün isə 25 ilin üçüncü yaxşı oyunları olub.
Üç ölkənin nəticələri haqda ətraflı
Gürcüstan – misilsiz uğur
Gürcüstan sadəcə üç Cənubi Qafqaz ölkəsi arasında ən yaxşı nəticəni göstərməyib. Tokioda keçirilən Olimpiya Oyunları onun özü üçün də misilsiz olub.
Hələ heç vaxt Gürcüstanın bir Olimpiadada səkkiz medal – iki qızıl, beş gümüş və bir bürünc – olmamışdı.
Bu, medalların sayına görə müstəqil Gürcüstan tarixində Olimpiya Oyunlarında göstərilən ən yaxşı nəticədir.
Ümumilikdə oyunlarda 33 Gürcüstan idmançısı iştirak edib. Onlar 11 müxtəlif idman növündə yarışıblar.
Cüdoçu Laşa Bekauri və ştanqçı Laşa Talaxadze Olimpiya çempionları və qızıl medalçılar olublar.
Emumilikdə Gürcüstanın nümayəndə heyəti 33-cü yeri tutub və Olimpiadada ən uğurlu Avropa ölkələrinin iyirmiliyinə daxil olub.
Gürcüstan idmana qat-qat çox maliyyə və digər resurslar sərf edən bir çox ölkələri geridə qoyub. Məsələn, nəticələrə görə Türkiyə, Yunanıstan, Avstriya, Argentina və Portuqaliya geridə qalıb.
Postsovet ölkələri arasında Gürcüstan üçüncü yeri tutub ki, bu da tarixi nəticədir. Gürcüstan Ukrayna və Belarus kimi idman nəhənglərini üstələyib.
Olimpiya çempionları Laşa Bekauri və Laşa Talaxadze dövlətdən mükafat olaraq hərəsinə milyon lari [330 min dollara yaxın] alacaqlar.
21 yaşlı 90 kq çəki kateqoriyasından olan gürcüstanlı idmançı Laşa Bekauri deyib ki, bu məbləğin bir hissəsini mühacirətdə olan nənəsi və xalasının Gürcüstana qayıtmasına xərcləyəcək.
Laşa Talaxadze daha təcrübəli idmançıdır. O, müstəqil Gürcüstan adından ikiqat Olimpiya çempionu olmuş ilk idmançıdır.
Dördqat Dünya və beşqat Avropa çümpionu Talaxadze öz ilk Olimpiya qızılını 2016-cı ildə Rio-de-Janeyrodan gətirib.
Laşa Talaxadze ağırçəkili idmançıdır, +109 kq çəki kateqoriyasında çıxış edir. Ümumilikdə bu Olimpiadada o, 488 kiloqram ağırlıq qaldırıb və özünün müəyyən etdiyi dünya rekordunu yeniləyib.
Gürcüstanın daha bir, doqquzuncu medalı da ola bilərdi. 30 yaşlı gürcüstanlı güləşçi Zurab Datunaşvili (87 kq) Tokioda Olimpiya Oyunlarında Serbiya adına bürünc medal qazanıb.
Datunaşvili Gürcüstanı və ölkə yığmasını 2019-cu ildə Gürcüstanın Güləş Federasiyasının prezidenti Qeqa Qeqeşidze ilə aralarında yaşanan xişagəlməz hadisədən sonra tərk edib. Qeqeşidze gələcək olimpiyaçını təhqir edib və bildirib ki, o, zəif olduğu üçün komandaya lazım deyil.
Gürcüstan nümayəndə heyətinin Tokio Olimpiadasındakı ən yaddaqalan kadrlarından biri isə Gürcüstan yığmasının baş həkimi Zurab Kaxabrişvilinin səmimi emosiyaları olub:
Azərbaycan – 25 ilin ən pis nəticəsi
Tokioda Olimpiya Oyunlarında Azərbaycan yığması 44 idmançı ilə təmsil olunub və 1996-cı il Olimpiadasından sonra ən pis nəticəni göstərib.
Azərbaycan komandası 3 gümüş və 4 bürünc medal qazanıb. Azərbaycan idmançıları üçün debüt olan yalnız Atlanta Oyunlarında (1996) komanda qızıl medal qazanmayıb, bu, bir də iyirmi beş ildən sonra Yaponiyanın paytaxtında təkrarlandı.
Qeyd etmək lazımdır ki, Tokio Olimpiadasının yeddi mükafatçısından yalnız üçün Azərbaycan əsillidir, qalanlar isə milliləşdirilmiş əcnəbilərdir.
Karateçi İrina Zaretska (əslən ukraynalı), karateçi Rafael Ağayev və güləşçi Hacı Əliyev “gümüş” qazanıblar.
Boksçu Alfonso Dominqes (əslən kubalı), cüdoçu İrina Kindzerskaya (əslən ukraynalı), güləşçilər Mariya Stadnik (əslən ukraynalı) və Qafiq Hüseynovun hesabına isə “bürünc” yazılıb.
Olimpiya Oyunlarında cüdo proqramı bitəndən dərhal sonra Azərbaycanın bu idman növü üzrə federasiyası idmançıların əməkhaqlarının azaldılması və məşqçi qərargahında dəyişikliklər haqda elan edib.
Ənənəvi olaraq cüdo Azərbaycan idmançılarının olimpiadalarda ölkənin medal “daxılına” düşdüyü uğurlu növlərdən biri hesab olunur.
Cüdo üzrə Azərbaycana yeganə medalı qazandıran milliləşdirilmiş ukraynalı idmançı İrina Kindzerskayanın Cəbrayıla səfər etmək diləyi də yaddaqalan olub.
İrina Kindzerskaya məşqçilərindən biri olan azərbaycanlı idmançı Həmid Əliyevin həyat yoldaşıdır. Həmid Əliyev isə əslən ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarəti altına keçən Cəbrayıl rayonundandır.
Karate üzrə Olimpiya turnirinin gümüş mükafatçısı Rafael Ağayevin rəqibi ilə “razılaşma” haqda bəyanatı sensasiya doğurub.
Finalda italiyalı Luici Buzaya məğlub olandan sonra Rafael Azərbaycanın Milli Olimpiya Komitəsinin televiziyasına müsahibəsində etiraf edib ki, yarış başlamazdan əvvəl italiyalı idmançı ilə “razılaşması” olub.
Rafaelin sözlərinə görə, qrup turnirində Buzaya qəsdən uduzub ki, o, yarımfinala çıxa bilsin. Əvəzində italiyalı Ağayevlə finala qalacaqları təqdirdə müqavimət göstərməyəcəyini vəd edib. Sonra isə başqa cür olub: final görüşündə Buza Ağayevi 1:0 hesabı ilə məğlub edərək Olimpiya çempionu olub.
Bakıya qayıdandan sonra isə Rafael Ağayev bildirib ki, Dünya Çempionatına hazırlaşır və italiyalı karateçidən daha güclü olduğunu hamıya sübut edəcək. “Bundan sonra o mənim rəqibim deyil, düşmənimdir”, – azərbaycanlı karateçi vurğulayıb.
Ermənistan – 25 ilin üçüncü yaxşı nəticəsi
Ermənistanı təmsil edən idmançılar Tokio Olimpiyadasından dörd medalla – iki gümüş və iki bürünc – qayıdıb.
Ümumi medal hesabında bu, Ermənistana 69 -cu yeri qazandırıb.
17 idmançıdan ibarət nümayəndə heyətinə iki sərbəst və dörd Yunan-Roma növü üzrə güləşçilər də daxil idi. Sonuncularla bağlı ümidlər də böyük idi, amma nəticədə bu ümidlər doğrulmadı.
Yunan-Roma növü üzrə güləşçilər arasında yeganə gümüş medalı Artur Aleksanyan qazanıb. Final görüşməsində o, Rusiya Olimpiya Komitəsini təmsil edən Musa Yevloyevə məğlub olub.
Artur Aleksanyana böyük ümidlər bəslənirdi, çünki o, Rio-2016 Olimpiya Oyunlarının qızıl mükafatçısı və London-2012 Oyunlarının bürünc mükafatçısıdır.
Yunan-Roma Güləşi üzrə Ermənistan yığmasının məşqçi qərargahı Olimpiyada arbitrlarını ədalətsiz mühakimədə ittiham edib.
Ermənistanda yekum mətbuat konfransında komandanın məşqçilərindən biri və Artur Aleksanyanın atası Gevorq Aleksanyan hətta deyib ki, beynəlxalq dərəcəli hakim rütbəsindən imtina etmək niyyətindədir.
Həmin mətbuat konfransında bildirilib ki, Ermənistanın “ən azı üç medal” itirməsinə səbəb olan hakimlərin ədalətsiz mühakiməsi ilə əlaqədar beynəlxalq məhkəmədə iddia qaldırılacaq.
Aşağıdakılar nəzərdə tutulur:
- Artur Aleksanyanın əldə edə bilmədiyi potensial qızıl medal,
- 77 kq çəki dərəcəsində üçüncü yer uğrunda mübarizə aparan Karapet Çalyanın görüşü zamanı ədalətsiz mühakimə,
- Karen Aslanyanın (67 kq) Misir təmsilçisi Məhəmməd İbrahim Əl-Səidə qarşı dörddəbir final döyüşü.
Ermənistan yığmasına ikinci gümüş medalı ştanqçı Simon Martirosyan (109 kq) gətirib.
Çıxışından dərhal sonra o etiraf edib ki, məhz və yalnız qızıl medal üçün mübarizə aparıb, ikinci yer isə onun səhvlərinin nəticəsidir. Bu, Simon Martirosyanın ikinci Olimpiya gümüşüdür.
Bu arada idmançıların qazandığı bürünc medallar Ermənistan idmanı üçün daha vacibdir.
Uzun fasilədən sonra, nəhayət, komanda boksda Olimpiya medalı qazana bilib. İkiqat Avropa və Avropa Oyunları çempionu Hovannes Baçkov bürünc medal qazanıb.
Bu, postsovet Ermənistanı üçün Olimpiya Oyunlarında bu idman növü üzrə ikinci medaldır.
Ermənistan idmançılarının acınacaqlı şəraitdə məşq etmələrinə baxmayaraq, Olimpiya Oyunlarında gimnast Artur Davtyan bürünc medal qazanıb.
Bu, 1980-ci il Moskva erməni gimnastların dünyanın bir çox ölkələrinin iştirak etmədiyi 1980-ci il Moskva Olimpiadasından sonra qazandığı ilk medaldır. Həmin oyunlarda isə erməni idmançılar SSRİ yığmasının tərkibində iştirak edib.
Ümumilikdə Tokio Olimpiadasının nəticələrinə görə, bu, faktiki olaraq Ermənistanın postsovet idmanı üçün üçüncü yaxşı nəticədir.
1996-cı ildə Atlantada işlər daha yaxşı idi, güləşçi Armen Nazaryan qızıl medal qazanmışdı, 2016-cı ildə Rio Olimpiadasında isə güləşçi Artur Aleksanyan qaliblər kürsüsünün ən yüksək pilləsinə qalxmışdı.