Tofiq Zülfüqarov: “Azərbaycan Rusiyanın Çeçenistan müharibəsindən sonrakı təcrübəsini misal gətirə bilər”
Tofiq Zülfüqarovun şərhi
Rəsmi Bakı Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasını öz məqsədi elan etdi. Ermənistan tərəfi Bakı ilə danışıqların beynəlxalq qüvvələrin vasitəçiliyi ilə aparılmasını tələb edir. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Rusiya sülhməramlı qüvvələri Qarabağda yerləşdiyü müddətcə digər vasitəçilərdən danışmağa ehtiyac yoxdur. “Əgər Qarabağdakı erməni əhalisinin təhlükəsizliyi və hüquqları ilə bağlı müzakirə Rusiyanın iştirakı ilə aparılırsa, o zaman Azərbaycan Çeçenistan müharibəsindən sonrakı Rusiya təcrübəsini misal gətirə bilər”, – deyə o bildirib.
- Dolanışığı istixanalardan çıxan kəndlilərin ağır güzəranı
- “Sistem istəyir ki, zorakılıq adiləşsin”. Azərbaycanda uşaqlara qarşı zorakılığa necə reaksiya verirlər
- 3 ay əvvəl İranda itkin düşən azərbaycanlı tələbəyə casus ittihamı
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov son müsahibəsində Qarabağ münaqişəsinin həlli ətrafında baş verən son hadisələrə münasibət bildirib.
“Azərbaycan diplomatiyasının böyük uğuru”
Azərbaycanın keçmiş xarici işlər naziri hesab edir ki, Moskva görüşündən öncə Vaşinqtonda xarici işlər nazirləri arasında keçirilmiş görüş Azərbaycan tərəfi üçün çox uğurlu olub:
“Bəli, yekun nəticə əldə olunmadı, amma biz Amerika Birləşmiş Ştatlarının mövqeyində çox ciddi və müsbət dəyişikliklərə şahid olduq
ABŞ-ın mövqeyi ondan ibarətdir ki, həm Qarabağda yaşayan ermənilər, həm də gələcəkdə Zəngəzurda, ya da digər yerlərdə yaşayacaq Qərbi azərbaycanlıların məsələsi eyni səviyyəli mövzulardır. Belə təqdim olundu. Blinken bildirib ki, “bu, milli azlıqlar mövzusudur və gələcəkdə bunlara baxılması mümkündür”.
Bu cür balanslaşdırılmış mövqeyin Azərbaycan üçün çox böyük bir uğur olduğunu düşünürəm.
Hələ Soçidə Azərbaycan prezidenti İlham Əliyev bəyan etmişdi ki, artıq Qarabağ məsələsi həll olunub. Təbii ki, bu prinsipial mövqedən sonra istənilən vasitəçi ölkə onu nəzərə almalıdır”.
“Təhlükəsizlik məsələsində boşluqlar ola bilməz”
“Əgər Ermənistan tərəfi hansısa şəkildə orada yaşayan ermənilərin təhlükəsizliyi, hüquqları barədə danışmaq istəyirlərsə, bu zaman Paşinyan bəyan etsin ki, Qərbi azərbaycanlılar hansısa şəraitdə öz yurdlarına qayıda bilərlər. Sən öz ərazində bizə nümunə göstər və sərhəd boyu 100 kənddə heç olmasa hansısa şərait yarat. Məsələn, orada Avropa İttifaqının missiyası var. Gəlsinlər, orada şərait yaratsınlar və bizim insanlarımız da ora qayıda bilsinlər.
Təhlükəsizlik məsələlərində boşluq ola bilməz. Bu qeyri-qanuni anti-konstitusion birləşmələri kimsə əvəz edə bilər.
Dünya təcrübəsində də belə hallar var. Məsələn, Abxaziyada, ya da Osetiyada üçtərəfli patrullar təşkil olunub. Burada da Azərbaycan büdcəsindən maliyyələşən, tərkibində milliyyətcə erməni olan, amma bu funksiyasını Azərbaycan tərəfinin tapşırığı əsasında icra edən üçtərəfli patrul xidməti apara bilər.
Təbii ki, polis funksiyasından söhbət gedir. Orada hərbi funksiya ola bilməz. Çünki radikallar istər-istəməz orada hansısa təxribatları yaradıb, sonra Azərbaycanı ittiham edə bilərlər. Müvəqqəti olaraq post-patrul xidmətini aparmaq onlara tapşırıla bilər. Təbii ki, o biri qurumlar tamamilə tərksilah olunub buraxılmalıdırlar və onların arasında identifikasiya prosesi aparılmalıdır. Kim Ermənistandan gəlib, birmənalı ərazini tərk etməlidir
Hesab edirəm ki, 2025-ci ilə çox az vaxt qalıb və biz bu iki illik müddətdən səmərəli istifadə etməliyik”, – Zülfüqarov qeyd edib.
“Ruslar Çeçenistanı Rusiyaya inteqrasiya etdilər”
Keçmiş XİN rəhbəri vurğulayıb ki, əgər bu diskussiya ruslarla aparılırsa, o zaman Çeçenistan müharibəsindən sonrakı təcrübəyə də istinad etmək olar:
“Əslində, ruslar müharibədən sonra Çeçenistanı Rusiyaya inteqrasiya etdilər. Vaxtilə indiki Çeçenistan lideri öz kitabında yazırdı ki, “Mən birinci rusu 17 yaşımda öldürmüşəm”. Amma indi Ukraynada Rusiyaya kömək etmək üçün özlərini öldürürlər.
Biz başa düşməliyik ki, bu müzakirələri apararkən, həm də bu misalları gətirə bilərik.
Biz istəyirik ki, Xankəndidə Azərbaycan qanunları tətbiq olunsun və münaqişəyə son qoyulsun. Hesab edirəm ki, bizim üçün imkanlar mövcuddur. Təbii ki, qarşı tərəf burada hansısa beynəlxalq vasitəçilərin, missiyanın olmasını istəyir. Ancaq hələ ki, Qarabağda sülhməramlılar var, belə bir missiyaya ehtiyac yoxdur.
Məlum məsələdir ki, Xankəndidə partizan müqaviməti təşkil etmək mümkün deyil. Çünki bunun üçün yer və münbit şərait yoxdur.
Digər tərəfdən, insanların identifikasiyasını müəyyən edən xüsusi kameralar mövcuddur. Bu texnologiya balaca bir şəhərdə tətbiq olunsa, ermənilərin bizə qarşı hər hansı terror aktı planının müddəti cəmi bir gün çəkəcək. Biz dərhal bunun qarşısını alacağıq. Ermənilər iddia edirlər ki, guya partizan mübarizəsini meşələrdə başlayacaqlar. Ancaq bu da mümkün olan şey deyil. Yeni texnologiyalar və PUA-lar buna imkan verməyəcək.
Bilirsiniz, mən danışıq, dialoq və s. sözlərin tərəfdarı deyiləm. Gözəl bir söz var – kommunikasiya. Vətəndaş və dövlət qurumları arasında danışıq aparılmır”.