Tofiq Yaqublu aclığı dayandırıb: məhkəmə qətimkan tədbirini dəyişdirib
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Tofiq Yaqublu haqda həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bu, tanınmış müxalifətçinin keçirdiyi aclıq aksiyasının 18-ci günündə baş verib. Dünən Yaqublunun apelyasiya şikayətinə sentyabrın 28-də baxılacağı deyilmişdi.
2020-ci il sentyabrın 18-də gözlənilmədən Tofiq Yaqublunun apellyasiya şikayəti ilə bağlı prosesin həmin gün saat 16:00-a təyin edildiyi haqda qərar açıqlanıb.
Bakı Apellyasiya Məhkəmməsinin önündə Yaqublunun çox sayda tərəfdaşı və polis əməkdaşları toplaşıb. Məhkəmənin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi haqda qərarından sonra müxalifətçi son günlərdə həkim nəzarəti altında olduğu xəstəxanadan evə buraxılıb.
Yaqublunun 18 gün davam edən aclıq aksiyasını dayandırdığı elan olunub.
Tofiq Yaqublu 2020-ci il martın 22-də Bakıda xuliqanlıq ittihamı ilə saxlanılıb. Cinayət işinin materiallarına əsasən, o, avtomobili ilə qəza törədib, sonra isə digər maşında olan evli cütlüyü döyüb.
Yaqublu 2014-2016-cı illərdə kütləvi iğtişaşların təşkili ittihamı ilə həbsdə qalıb. Daha sonra 2019-cu il oktyabrın 19-da Bakıda müxalifətin keçirdiyi kütləvi etiraz aksiyasında iştirak etdiyi üçün 30 sutka inzibati həbs cəzası alıb.
Məhkəmə hökmü elan olunandan bir gün öncə Tofiq Yaqublu azad olunacağı günə qədər aclıq aksiyası keçirəcəyini elan edib.