Azərbaycanda “TikTok” bloklana bilərmi?
Tiktokerlərin həbsi, “TikTok”un məhdudlaşdırılması
Hökumətyönlü Sosial Tədqiqatlar Mərkəsinin apreldə açıqladığı sorğu nəticələrinə əsasən, respondentlərin 75 faizinə yaxını “TikTok” sosial şəbəkəsinin Azərbaycanda məhdudlaşdırılmasını istəyir. Mərkəzin məlumatında deyilir ki, sorğular 2024-cü ilin 15-18 mart tarixlərində, 18 yaş və yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib.
- Gürcüstanda nə və niyə baş verir? Bakıdan baxış
- Beynəlxalq təşkilatlar Anar Məmmədlini azad etməyə çağırırlar
- Başkənd – 32 ildir boş qalan anklav
“TikTok”a “yox deyən” sorğu nəticələrinin açıqlanması ölkədə bir sıra tiktokerin cəzalandırıldığı ərəfəsinə təsadüf edib. Aprel ayı ərzində ard-arda 10 nəfərə yaxın tiktoker inzibati qaydada həbs olunub. Onların arasında “Magerramoff” ləqəbli Əmrah Məhərrəmov, “Miri” ləqəbli Mirnamiq Mirələmzadə, “Roşka” ləqəbli Rövşən Süleymanov, “Po jizni Cesi” adı ilə tanınan Cəsarət Cavadov və başqaları var.
Onların İnzibati Xətalar Məcəlləsinin konkret hansı maddələri üzrə ittiham olunduqları bəlli deyil. DİN-in mövzu ilə bağlı yaydığı yeganə açıqlamada bu şəxslərin “sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar etidikləri” və buna görə də həbs olunduqları deyilir.
Hüquqşünaslar isə sadalanan halların inzibati məsuliyyət yaratmadığını bildirirlər.
“Məcəllədə milli-mənəvi dəyərlərin pozulmasına dair hər hansı inzibati xəta yoxdur. İctimai mənəviyyat əleyhinə olan inzibati xətalar bölməsi var, amma orada da milli-mənəvi dəyərlərin pozulması kimi xətalar mövcud deyil”, – vəkil Fariz Namazlı “Abzas Media”ya deyib.
Bütün bu hadisələrin fonunda “TikTok”un Azərbaycanda tamamilə bloklanacağı ehtimalı qızğın müzakirə olunur.
“Bıçaqla çörək də kəsmək olar, adam öldürmək də…”
JAMnews-un sosial şəbəkə istifadəçiləri arasında apardığı qısa sorğuda iştirak edənlərin əksəriyyəti nəinki “TikTok”un məhdudlaşdırılması, ümumiyyətlə sosial şəbəkələrə müdaxilənin doğru olmadığını bildiriblər.
“İstifadə etməsəm də, bağlanma ehtimalına münasibətim çox pisdir. İnsanların seçimi var və bu platformanı seçirlərsə, heç kim onların bu seçimini əlindən ala bilməz”, – sorğu iştirakçılarından biri deyir.
“Bıçaqla çörək də kəsə bilərsən, insan da öldürə bilərsən. Hər şey istifadəçidən aslıdır”,– deyən başqa bir sorğu iştirakçısı “Tiktok əxlaqsızlığı təbliğ edir” fikrinə belə münasibət bildirib.
“Mən “TikTok”dan aldığım informasiyanı heç yerdən ala bilmərəm. Çünki “Tiktok”da müxtəlif sahələrdən qısa, lakonik videolar paylaşılır ki, bu da vaxt itkisini azaldır. Bloklanma ehtimalına da münasibətim çox pisdir”, – platformanın fəal istifadəçilərindən biri deyir.
“Aylıq qazancım “TikTok”dan çıxırdı”
Aygün (ad şərtidir) bir ay öncəyə qədər aylıq qazancını “TikTok” platforması hesabına əldə edirdi.
O, ucqar kəndlərdən birində doğulub və təhsildən kənar qalıb. Ailə qurduqdan sonra Bakıya köçüb. Heç yanda işləməyib, evdar qadın olub, günü ev işləri, uşaqlarına qulluqla keçib. Boş qalan vaxtlarında isə şal tuxuyurmuş.
“Tiktok” platforması ilə tanış olduqdan sonra burada kontent yaratmaq qərarına gəlib. Yayımladığı videolar da əsasən şal toxumağın qaydaları haqda imiş.
“Orada videolar çox insanın qarşısına çıxırdı. Mən də şal toxuya-toxuya videolar çəkir, canlı yayım açıb əl işlərimdən danışırdım. Həm videolarıma hədiyyə göndərən izləyicilər, həm də toxuduğum şalları almaq istəyən izləyicilər sayəsində pul qazanmağa başladım. Aylıq gəlirim bəzən 500 manatdan çox olurdu”,– Aygün deyir.
Amma aprel ayında tiktokerlərin həbsindən sonra hesabını silməli olub.
“Yoldaşım və anası təkid elədi ki, hesabımı silim. Əslində orada pis bir iş görmürdüm. Amma yoldaşım dedi ki, “tiktoker”ləri həbs edirlər, istəmir mənim də başıma iş gəlsin. Başa sala bilmədim ki, həbsə səbəb olacaq heç nə eləmirəm. Axırı silməli oldum”,– deyə, Aygün bildirir.
İndi o, “TikTok”dan əldə etdiyi gəlirdən məhrum olub. Amma deyir ki, həbslər bir az səngiyəndən sonra platformaya qayıtmaq niyyətindədir.
“Sosial şəbəkələr ümumiyyətlə tənzimlənməli deyil”
“Sosial şəbəkələr ümumiyyətlə tənzimlənməli deyil. Çünki, sosial şəbəkələrin tənzimlənməsi qaydaları deyə bir şey yoxdur. Bu tənzimləmələri ancaq məxsus olduğu şirkət həyata keçirə bilər. Dövlətin sosial şəbəkələrə birbaşa müdaxiləsi yolverilməzdir və belə bir praktika yoxdur.
Adətən böyük şirkətlər müxtəlif ölkələrdə yerli nümayəndəliklərini açırlar və dövlətlərlə qarşlılıqlı əməkdaşlıq edirlər. Şirkətlər platformalarda saxta xəbər, terrorizm, dövlətin təhlükəsizliyinə xələl gətirəcək məzmun və ya uşaq pornografiyası ilə bağlı məsələlərə tez müdaxilə etmək üçün onsuz da dövlətdən gələn sorğuları icra edirlər. Amma dövlətin özünün birbaşa müdaxiləsi, belə bir model yoxdur”, – sosial media mütəxəssisi Fərid Pərdəşünas JAMnews-a bildirib.
Onun sözlərinə görə, “Tiktok”da zərərli hesab ediləcək məzmunlar var. Amma bu tamamilə istifadəçilərdən asılı olan məsələdir. Platformanı günahlandırmaq isə doğru deyil.
“Sosial şəbəkələrdən doğru və yalnış istifadə anlayışı platformanın qaydaları ilə bağlı ola bilər. Əgər platformanın sənə icazə verdiyi kimi istifadə edirsənsə, bütün payaşımların sənin şəxsi seçimin, ifadə və davranış azadlığındır.
Azərbaycanda çoxları düşüb “TikTok”un üstünə. Platforma sadəcə mühit yaradır və sənin digər insanlara çıxışını təmin edir. Bu, bütün platformalarda belədir. “TikTok”un sadəcə bir üstünlüyü var ki, daha geniş imkanlara sahibdir və ən bəsit insanı belə məhşurlaşdıra bilir”, – Fərid Pərdəşünas deyir.
Ekspert bildirir ki, tiktokerlərə müəyyən xəbərdarlıqlar edilir. Onlar hüquqi məsuliyyət yarandığı təqdirdə inzibati cəza və ya cərimə ilə cəzalandırılırlar.
Bununla belə o, “TikTok”un Azərbaycanda bloklanmasını güman etmədiyini bildirir:
“Məndə olan məlumata görə “TikTok”un Azərbaycanda bloklanması nəzərdə tutulmayıb. “Tiktok” sadəcə müharibə dövründə informasiya təhlükəsizliyi məqsədilə bloklanmışdı. Onda da insanlar “VPN”lər vasitəsilə platformaya keçid edirdi. Ümumiyyətlə bloklanmanı effektiv hesab etmirəm və düşünürəm ki, hazırda Azərbaycanda heç bir sosial şəbəkənin bloklanması nəzərdə tutulmayıb”.