Yeni il biznesi
Əksər erməni qadınları üçün Yeni il bayram süfrəsi üçün yeməklərin hazırlanması dövrüdür. Amma bununla qazananlar da var. Onlar blinçiklərin, son illər çox populyar olan “işli küftə” və Kiyev kotletinin hazırlanması üçün sifariş götürürlər. Bəziləri quru meyvə hazırlamaqla məşğuldur, digərləri evdə hazırlanmış basdırma və sucuq satırlar.
Eçmiadzindən olan 43 yaşlı Asmik Mkrtçyan zarafatla deyir ki, dekabrda onun mövsümi işinin qızğın və gəlirli dövrü başlayır [ölkədən qazanc dalınca gedən və dekabrda evə qayıdan kişilərin mövsümi işinin müqabilində].
Asmikin mətbəxində qızğın iş gedir, amma təcrübəli usta kimi o nəyin harada olduğunu dəqiq bilir. Onun bacarıqlı əllərində Kiyev kotletləri sanki bir anın içində yaranır. O, cəld və gülərüzlə işləyir. Deyir ki, çox yüklənməsinə baxmayaraq, böyük həvəslə yemək hazırlayır, kotlet və küftəyə müsbət enerjisini verir:
“Əlbəttə, yoruluram, amma neyləyəsən: il ərzində ikinci belə imkan olmur. Sifarişlərin bir hissəsini evdə hazırlayıram, ikinci hissəsini də sifarişçilərin evində, kim necə istəsə. Dekabr ərzində 2000 küftə hazırlamışam. Axıra yaxın əllərim sözümə qulaq asmırdı. Gecələr yatmamaq, hamını razı salmaq və müştəriləri itirməmək asan iş deyil”.
Bir porsiyadan 100-130 işli küftə alınır. Asmik evində hazırlayanda bir dənə küftəyə görə 250 dram (təxminən yarım dollar) götürür, çünki ərzaqları özü alır. Sifarişçinin evində hazırlayanda isə bir dənə küftəyə görə üç dəfə az alır.
“Özümlə ancaq ədviyyat və yarma götürürəm, onun keyfiyyətindən də yeməyin keyfiyyəti asılıdır. Adamlar 250 dram eşidəndə, onlara elə gəlir ki, bu bahadır, əslində isə elə bu qədər alınır. Hər gün 20 min dram ($41) qazanırdım. İnsanlar əsasən bir və ya 1,5 porsiya sifariş edirlər”, – üç uşaq anası deyir və Kiyev kotletlərini hazırlamağa başlayır, bunlardan hər birini də 200 drama (təxminən 40 sentə) satır.
1947-ci ildə Ermənistana köçən suriyalı repatriantlar ailəsindən olan 45 yaşlı Maro Sarqsyan da bu bizneslə məşğuldur. Maro hər şeyi şərq mətbəxinin ənənələrinə uyğun hazırlayır.
“İşli küftəni Ermənistana suriyalı ermənilər gətirib. Hazırlanma sirlərini mənə anam və nənəm öyrədiblər. Əvvəllər bu yeməyi əsasən suriyalı ermənilər hazırlayıb, son zamanlar isə artıq ermənilər də hazırlamağa başlayıb. Bu gün bu yemək çox populyardır və demək olar ki, bütün ailələrin Yeni il süfrələrində olur”, – o deyir.
Maro işə başlayır. Artıq suya qoyduğu yarmaya qiymə əlavə edib, cəld və güclü əlləriylə onu yoğurmağa başlayır. Qabın içindəki xaos yavaş-yavaş tam iddiliyaya çevrilir. Maronun əlləri işləyir – əvvəlcə sağdan sola, sonra da soldan sağa. Buna böyük əmək sərf etdiyi hiss olunsa da üzündə təbəssümlə sözünə davam edir:
“Yeri gəlmişkən, Suriyada işin bu hissəsi kişilərin öhdəsində olub, çünki böyük güc tələb edir. Bu mərhələ çox vacibdir: yeməyin dadı bundan asılıdır. Yarmanı ətlə elə qarışdırmaq lazımdır ki, ət onu özünə “çəksin”, – Maro deyir.
Yeni il ərəfəsində yay günəşi altında yetişən erməni meyvələri də yaxşı satılır. Asmik Mkrtçyan deyir ki, bu il onun quru meyvələrini Rusiyada yaşayan dostları və qohumları da alıb. O, iki quru meyvə növü satıb: siropla hazırlanan və günəş altında qurudulan.
“Özümüzə heç nə qalmadı, hamısını aldılar. Bu əziyyətli olsa da, gəlirli işdir. Siropsuz hazırlanan şaftalı, ərik və almadan olan quru meyvələrin bir kilosunu 3000 drama (təxminən 6 dollara) satmışam. Bu quru meyvələrə tələbat çox böyükdür. Bu yay daha da çox hazırlamaq lazımdır. Ərik, şaftalı, qara gavalı, armud, alma və tutdan siropla hazırlanan quru meyvələri 5000 drama (təxminən $10) satmışam”, – Asmik danışır.
Yeni il ərəfəsində o 40 kilo siroplu və 20 kilo siropsuz quru meyvə satıb. O, həm də öz müştərilərinə Ermənistanda Yeni il süfrəsinin mütləq atributu olan ev basdırması və ət sucuğu təklif edir.
“Basdırmanı bir kilosuna görə 9000 dram ($18), sucuğu isə 7000 drama ($14) təklif etmişəm. O qədər də satmadım: bu il ilk dəfə onları hazırlamışam, amma əminəm ki, gələn il sifarişlər daha çox olacaq. İnsanlar artıq bu yeməkləri hazırladığımı bilir”, – Asmik deyir və öz əlləriylə hazırladığı naz-nemətə qonaq edir.
İşin olmaması, sosial-iqtisadi problemlər qadınları ailə büdcəsinin yükünü bir az da olsa yüngülləşdirmək üçün öz istedad və bacarıqlarından istifadə etməyə məcbur edir. Yorğunluğa, bəzən çox əziyyətli işə baxmayaraq, onlar həvəslə işin qulpundan yapışır və çox vaxt da uğur qazanırlar.
“Yeni il mənim üçün sevincdir. İnsanlar artıq haqqımda bilir, müştərilərimin siyahısını yeni ailələr doldurur – hər il beş ailə artır. Bu cür sifarişlər il boyu gəlsəydi yaxşı olardı, amma adamların pulu elə də çox deyil və ancaq Yeni ildə bunu edə bilirlər”, – Asmik Mkrtçyan deyir və etiraf edir ki, öz biznesi ilə heç olmasa yeni il xərclərində yoldaşına əməlli-başlı kömək edir.