Tbilisinin mərkəzi prospektində bələdiyyə seçkiləri ilə əlaqədar etiraz aksiyası keçirilir. Aksiyaya Tbilisi Dövlət Universitetinin tələbələri də qoşulublar. Etirazçılar Rustaveli prospekti və Azadlıq meydanını bağlayıblar.
Gürcüstanda bələdiyyə seçkiləri 2025-ci il oktyabrın 4-nə təyin edilib. Həmin gün Tbilisidə “hakimiyyətin dinc yolla devrilməsi” məqsədi ilə genişmiqyaslı etiraz aksiyası planlaşdırılır.
Hakim “Gürcü Arzusu” partiyası və seçkilərdə iştirak edən iki müxalifət partiyası insanları səs verməyə çağırır. Aksiyanın təşkilatçıları və seçkiləri boykot edən partiyalar isə seçiciləri seçki məntəqələrinə deyil, mitinqə gəlməyə səsləyirlər.
Seçkilər müxalifət liderlərinin həbsdə olmasına baxmayaraq keçirilir. Hazırda altı müxalifət lideri, yəni etiraz hərəkatında fəal iştirak edən demək olar ki, bütün şəxslər həbsdə saxlanılır.
Azadlıq meydanında səhnə quraşdırılıb, burada da aksiya nəzərdə tutulur. Aksiyanın əsas hissəsi isə Tbilisi Şəhər Şurasının binası qarşısında keçiriləcək.
Etirazçılar siyasi məhbusların şəkilləri olan plakatlar, həmçinin Gürcüstan, Avropa İttifaqı və ABŞ bayraqları tutublar.
“Avropa yolunun bağlanması cinayətdir”, “Gürcü Arzusu” bandası Gürcüstanı tərk etməlidir”, “4 oktyabrda rejim Rustaveli küçəsində çökəcək” — mitinqdə bu cür şüarlar əks olunan bannerlər görmək olar. “Axıra qədər!” deyə, nümayişçilər hayqırırlar.
“Rustaveli prospekti” hərəkatının təsisçisi və mitinqin təşkilatçılarından biri olan Paata Burçuladze bildirib ki, Rikoti aşırımında böyük tıxaclar var, buna görə də onlar hələ də Qərbi Gürcüstan sakinlərinin etiraza qoşulmasını gözləyirlər. Onun sözlərinə görə, bu gün bəyanatın qəbul ediləcəyi ilk Milli Məclis keçiriləcək.
“Bu gün Gürcüstan tarixində ilk Milli Məclisdə bəyanat qəbul etməyi planlaşdırırıq. Bəyanatı qəbul edəcəyik, hakimiyyəti öz əlimizə alacağıq və qəsbkar İvanişviliyə və onun sərvətlərinə baş çəkəcəyik. Bu gün tarixi bir gün olmalıdır və artıq belədir. Rikoti aşırımında çox böyük tıxaclar olduğuna görə bir qədər gec başlayacağıq ki, Qərbi Gürcüstandan gələn insanları da gözləyək”, — deyə Burçuladze bildirib.
Bu gün Gürcüstanda fasiləsiz etirazların 311-ci günüdür. Vətəndaşlar hər gün dəyişməz tələblərlə küçələrə çıxırlar: yeni parlament seçkilərinin təyin olunması və siyasi məhbusların azad edilməsi.
Tbilisidə planlaşdırılan etiraz aksiyası ilə paralel olaraq, gürcü immiqrantlar həmrəyliyin ifadəsi olaraq dünyanın müxtəlif şəhərlərində nümayişlər keçirirlər. Artıq Stokholmda Gürcüstan səfirliyi qarşısında mitinq baş tutub. Gürcülər həmçinin Berlin, Köln, Amsterdam, Sidney və digər şəhərlərdə də toplaşırlar.