Tbilisidə müxalifətin genişmiqyaslı aksiyası keçirilir. Etirazçılar parlament binası qarşısında piket edir. Fotoreportaj
Tbilisidə noyabrın 14-dən, iqtidar partiyası Gürcüstanda seçki islahatını süqata uğradandan sonra başlayan etirazlar davam edir.
Bu gün 19:00-da minlərlə insan yeni, tam proporsional seçki sistemi üzrə keçirilməli olan növbədənkənar parlament seçkiləri tələbi ilə parlament binasının qarşısına toplaşıb.
Onların əsas şüarı “Birlikdə bir nəfərə qarşı” olub. “Bir nəfər” “Gürcü arzusu” iqtidar partiyasının lideri və ölkəni qeyri-rəsmi idarə edən Bidzina İvanişvilidir.
Etirazçılar parlament binasını canlı zəncirlə mühasirəyə alaraq girişlərini qapadıblar.
Parlamentin qəbul etmədiyi dəyişikliklərə əsasən, ölkə tam proporsional seçki sisteminə keçməli və majoritar sistemdən imtina etməli idi. Bu, 2019-cu ilin yayında etirazların ilk dalğasında irəli sürülən əsas tələbdi. O zaman vəziyyəti yumşaltmaq üçün “Gürcü arzusu” iqtidar partiyasının lideri Bidzina İvanişvili şəxsən nümayişçilərə iqtidar partiyasına daha çox üstünlük qazandıran majoritar sistemin ləğv olunacağına dair söz vermişdi. Amma bu vədə əməl olunmadı və səsvermə zamanı parlamentdə İvanişviliyə loyal olan deputatlar islahatların əleyhinə səs verdilər. Vətəndaş cəmiyyəti fəalları İvanişvilini yalançılıqda və seçki oğurluğunda ittiham edərək küçələrə axışdılar. Onların əsas tələbi proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin təyin edilməsidir. Bu tələb ətrafında birləşən Gürcüstan müxalifəti də onlara qoşulub. Mitinqçilər üç gün ərzində parlament qarşısında piket keçirib, daha sonra xüsusi təyinatlılar su şırnaqları və dəyənəklərdən istifadə edərək nümayişçiləri dağıdıb.
Amma o vaxtdan Tbilisidə və Gürcüstanın digər şəhərlərində etirazlar səngimir. Aksiya dağıdılandan sonra bir neçə gün ərzində hakimiyyətin opponentləri mübarizənin “partizan” taktikasına keçiblər: onlar dövlət qurumlarının binalarının qapılarına böyük qıfıllı zəncirlər keçirir, işə gələn nazirləri və deputatları fitə basırlar.
Mitinqçilərin əsas tələbi qüvvədə qalır – tam proporsional sistem üzrə növbədənkənar parlament seçkilərinin keçirilməsi.
Bu video noyabr nümayişlərinin qısa tarixçəsini nəql edir:
Noyabrın 25-də keçiriləcək mitinq əvvəlcədən anons edilmişdi. Noyabrın 26-da səhər saatlarında müxalifət və vətəndaş cəmiyyəti fəalları Gürcüstan parlamentinin bütün girişlərini bağlamağa və işinə mane olmağa hazırlaşırlar.
“Bizim tələbimiz həyata keçirilməyənə qədər bu, belə də davam edəcək. İqtidar partiyası rahat həyat görməyəcək, bu, artıq onların axırıdır”, – vətəndaş hərəkatı liderlərindən biri Şota Diqmelaşvili deyib.
Axşam saat 7-ə doğru müxalif partiyalar və onların tərəfdarları şəhərin mərkəzində yürüş edərək parlamentə yaxınlaşıb.
“Bidzinə, get!”
“Bidzina, utan!”
“Bidzina atanşik!” – plakatlarda yazılıb.
Mikrofon qarşısında ən müxtəlif siyasi baxışları daşıyan müxalif siyasətçilər bir-birini əvəz edib. Bu, son bir neçə ildə praktiki olaraq bütün müxalifətin bir araya gələ bildiyi ilk hadisədir.
Liderlər vurğulayırlar ki, onlar istisnasız dinc etiraz aksiyası keçirirlər. Plana əsasən, mitinqçilərin bir qismi parlament binası qarşısında gecələyir.
“İvanişvili özünə gəlsə, yaxşı olar. O, bütün Gürcüstan ictimaiyyətini təhqir edib və cavabdehlik onun üçün çox dramatik olacaq. Biz ədalətli seçki istəyirik, amma o bizə proseslərin radikallaşdırılmasından başqa bir yol qoymadı”, – “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri Qiqa Bokeriya bəyan edib.
“Bu, uzun proses olacaq, biz parlament qarşısında piket edəcəyik, Gürcüstanın bütün şəhərlərində aksiyalar keçirəcəyik, bizi dağıdacaqlar, amma biz yenə də toplaşacağıq, o vaxta qədər ki, bizim tələblərimiz yerinə yetirilmiş olacaq”, – Milli Demokrat Partiyasının lideri Baçuki Kardava bildirib.
Parlament yaxınlığındakı ərazidə polis əməkdaşları, o cümlədən də təcili yardım maşınları səfərbər edilib.
“Gürcü arzusunun” cavabı: mövzu bağlanıb
Noyabrın 25-də günün birinci yarısında iqtidar partiyasının qərargahında parlament çoxluğunun iclası keçirilib. Mitinq başlayana qədər hakimiyyətin etirazçılara müzakirə üçün güzəştli təkliflər irəli sürəcəyi gözlənilirdi. Amma görüş sona çatandan sonra məlum olub ki, iqtidar partiyası güzəştə getməyə hazırlaşmır.
“Gürcü arzusu” iqtidar partiyasının baş katibi Kaxa Kaladze iclas bitəndən sonra bəyan edib ki, iqtidar komandası 2020-ci il parlament seçkilərinə qədər seçki sistemi ilə bağlı heç bir dəyişiklik təşəbbüsünü gözdən keçirə bilməz, çünki “parlament çoxluğunun mövqeyini nəzərə alaraq, bu gün 113 səs resursunun ətrafında səfərbər ola biləcəyi heç bir yeni konstitusiya dəyişikliyi mövcud deyil”.
“Mövzu bağlandı”, – Kaladze deyib.
Kaladze həmçinin parlament seçkilərinin “Almaniya modeli” üzrə keçirilməsi ehtimalını da qəti şəkildə rədd edib. “Almaniya modeli” müxalifətin və vətəndaş cəmiyyəti fəallarının təklif etdiyi seçki sisteminin güzəştli variantıdır.
Bu modelə əsasən, 2020-ci il parlament seçkiləri yenidən qarışıq sistyem üzrə keçiriləcək (73 deputat majoritar dairələrdən, 77 deputat isə partiya siyahıları üzrə). Amma hazırkı modeldən fərqli olaraq partiyanın majoritar və proporsional sistemlər üzrə nəticələrinin cəmləndiyi toplama prinsipi ləğv ediləcək. Bunun əvəzinə partiya parlamentdə proporsional seçki sistemi üzrə aldığı dəstəyə uyğun sayda yer əldə etmiş olacaq.
Bu təşəbbüsün həyata keçirilməsi üçün Konstitusiyaya dəyişiklik edilməsi tələb olunmur və müvafiq olaraq, onun qəbul olunması üçün də konstitusion çoxluğa (113 deputat səsinə) ehtiyac yoxdur. Bu dəyişikliyin qəbul olunması üçün 76 deputat səsi kifayət edir.