Gürcüstan: küçə etirazları və danışıqlar eyni zamanda gedir. Fotoreportaj
Minlərlə insan, o cümlədən də regionlardan gələn fəallar noyabrın 14-də Tbilisidə parlament binası qarşısında yeni parlament seçkilərinin keçirilməsi tələbi ilə növbəti etiraz aksiyasında iştirak ediblər.
Etiraz müxalifət və hakimiyyət arasında beynəlxalq təşkilatların (bu haqda daha ətraflı aşağıda) vasitəçiliyi ilə davam edən danışıqların fonunda keçirilib.
Aksiya üç saata yaxın davam edib, iştirakçılar 18:00-a yaxın daxılışıblar. Elan edilib ki, növbəti mitinq noyabrın 17-də, ABŞ-ın dövlət katibi Mayk Pompeonun Gürcüstana gəldiyi gün baş tutacaq və bu mitinq “susqun etiraz” olacaq.
- Gürcüstan: xarici diplomatların vasitəçiliyi ilə hakimiyyət və müxalifət arasında danışıqlar necə gedir?
- ABŞ-ın dövlət katibi Pompeo Tbilisiyə gəlir, burada onun səfərindən nələr gözlənilir?
- “Şu o qədər gurdur ki, əlinlə üzünü örtə bilmirsən” – Tbilisidə etirazları necə dağıdırlar. Video
Gürcüstanın bütün müxalif qüvvələri oktyabrın 31-də keçirilən seçkiləri saxtalaşdırılmış elan ediblər. Parlamentə keçən yeddi partiya öz yerlərindən imtina edib, etiraz aksiyası keçirir və yeni seçkilərin keçirilməsini tələb edirlər.
İlk mitinqlərdən biri polis tərəfindən su şırnaqlarının köməyilə sərt dağıdılıb, onlarla insan, o cümlədən də jurnalistlər saxlanılıb.
Hakimiyyət oktyabrın 31-də keçirilən seçkilərin azad və demokratik olduğunu israrla bildirir. Beynəlxalq təşkilatlar pozuntuların olduğunu təsdiqləyir, amma seçkiləri baş tutmuş hesab edir.
Tbilisinin mərkəzində mitinq zamanı avtomobillərin hərəkəti dayandırılıb. Etiraz iştirakçıları Gürcüstanda ağır epidemioloji vəziyyətlə əlaqədar olaraq maskada olub və məsafə saxlamağa çalışıblar – Gürcüstanda hər gün üç mindən çox koronavirusa yoluxma halı qeydə alınır.
Müxalifət və hökumət xarici diplomatların vasitəçiliyi ilə dialoqa başlayıblar. Amma müxalifətin tələbləri dəyişməz qalır – onlar yeni parlament seçkilərinin təyin edilməsini, Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya və MSK əməkdaşlarının kənarlaşdırılmasını tələb edirlər.
Etiraz aksiyasında siyasi liderlər bir daha bildiriblər ki, “heç bir müxalif qüvvə seçkilərin saxtalaşdırılması nəticəsində formalaşan parlamentə daxil olmayacaq”.
“Bu sizin, xalqın xidmətidir ki, seçkilərdən 12 gün sonra hakimiyyət müxalifətlə görüşür və onların tələblərini dinləyir”, – “Vahid Milli Hərəkatın” liderlərindən biri Nika Meliya etiraz iştirakçılarına müraciətində deyib.
Müxalifət və hakimiyyət arasında danışıqlar
ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan və Gürcüstanda qeydiyyatdan keçən digər diplomatlar hökumət və müxalifət arasında dialoqda vasitəçi qismində iştirak edirlər.
İlk görüş noyabrın 12-də baş tutub, ikinci görüş noyabrın 14-də mitinqdən bir neçə saat əvvəl ABŞ-ın Gürcüstandakı səfirinin iqamətgahında keçirilib.
Danışıqların hər iki raundu uğurla nəticələnməyib. Tərəflər öz mövqelərində qalırlar, amma gələcək danışıqlardan da imtina etmirlər.
Noyabrın 14-də görüşdən sonra parlament spikeri Arçil Talakvadze faktiki olaraq bir daha təsdiqləyib ki, hökumət yeni seçkilər təyin etmək niyyətində deyil:
“Biz dialoq formatını alqışlayırıq və mövqeləri maksimum yaxınlaşdırmağa çalışırıq. […] Biz bu dialoqu parlamendə davam etdirməyə hazırıq. Siyasi stabillik indi bütün cəmiyyətin və dövlətin maraqlarına cavab verir”.
Eyni zamanda “Gürcü arzusu” iqtidar partiyasının katibi olan Tbilisi meri Kaxa Kaladze jurnalistlərə bildirib ki, müxalifətə bülletenləri təkrar saymaq və seçki məntəqələrində çəkilən videolara təkrar baxmaq təklif olunub.
“Amma bizim opponentlərimiz hər iki təklifi rədd edib”, – Kaladze deyib.
Müxalifət isə bildirir ki, MSK sədri təqdim olunan konkret saxtalaşdırma faktlarını araşdırmaqdan imtina etdiyi üçün yeni seçkinin keçirilməsində israr edirlər. Həmçinin MSK seçkilərin nəticələrinə dair Gürcüstanən qeyri-hökumət təşkilatlarının rəylərini də nəzərdən keçirmir.
“Hələ ki, mövqelər bir-birindən çox uzaqdır, amma biz dialoqu davam etdirməklə bağlı razılığa gəlmişik”, – “Avropa Gürcüstanı” müxalif partiyasının lideri David Bakradze deyib.