“Biz geri çəkilməyəcəyik” – Tbilisidə müxalifətin etiraz aksiyası davam edir
Tbilisidə etiraz aksiyaları
Polisin güc tətbiq etməsinə baxmayaraq, noyabrın 19 və 20-də Gürcüstanda müxalifət “müqavimət hərəkatı”nı davam etdirib. Təkrar parlament seçkiləri tələb edən aksiyaçılar davamlı küçə etirazları keçirir.
Noyabrın 19-da səhər saatlarında polis aksiyanı dağıtdıqdan sonra, elə həmin gün axşam saatlarında minlərlə etirazçı Tbilisinin mərkəzindəki “nəqliyyat arteriyalarından” biri olan Çavçavadze prospektinə qayıdıb. Dağıdıldıqdan sonra aksiyaya daha çox insan qatılıb.
Müxalifətin “Dəyişiklik Naminə Koalisiya”sının liderlərindən biri Elene Xoştariya bildirib ki, etirazçılar bütün gecəni prospektdə keçirəcəklər:
“Biz geri addım atmayacağıq. Biz müqavimət hərəkatı elan etmişik və o, ancaq irəliləyəcək. Polis gedəcək, “Gürcü arzusu” gedəcək (hakim partiya – JAMnews), Rusiya da bu ölkəni tərk edəcək”.
Digər müxalifət birliyi olan “Birlik – Milli Hərəkat”ın lideri Giorgi Vaşadze ölkə hökumətini xalqı dinləməyə və yeni seçkilərə hazırlığa çağırır:
“Özünü elan edən hökumətə müraciət edirəm: xalqın səsini nə qədər tez eşitsəniz, xalqın sizə qarşı qəzəbi bir o qədər az olacaq”.
“Müqavimət Hərəkatı” oktyabrın 26-da keçirilən parlament seçkilərinin rəsmi nəticələri ilə razılaşmamaq əlaməti olaraq “Dəyişiklik Naminə Koalisiya” və “Birlik – Milli Hərəkat”ın təşəbbüsü ilə irəli sürülüb. Bu gün onlara mitinqdə üçüncü müxalifət koalisiyasının – “Güclü Gürcüstan” liderləri də qoşulub.
“Biz hər şeyi etməliyik ki, bu hekayə əsl qələbə ilə bitsin. Qələbə isə yeni, ədalətli seçkilərin keçirilməsi deməkdir. Mitinq dağıdılsa belə, inanın ki, bu etiraz daha da artacaq”, – “Güclü Gürcüstan” liderlərindən biri Mamuka Xazaradze deyib.
Eyni zamanda, Gürcüstan prezidenti Salome Zurabişvili də seçkilərin nəticələrinin konstitusiyaya zidd elan edilməsi tələbi ilə Konstitusiya Məhkəməsində iddia qaldıraraq antiböhran planını həyata keçirməyə başlayıb.
Prezident seçkilərin universallığı və məxfiliyi prinsiplərinin pozulmasına görə seçkilərin keçirilməsini tənzimləyən mübahisəli qaydaların, habelə onların əsasında keçirilən seçkilərin yekun nəticələrinin Konstitusiyaya zidd elan edilməsini tələb edir.
Zurabişvilinin antiböhran planına yeni Mərkəzi Seçki Komissiyasının təyin edilməsi, seçki məcəlləsinə dəyişikliklər, seçki mübahisələri üzrə xüsusi məhkəmənin yaradılması və təkrar seçkilərin keçirilməsi də daxildir. Zurabişvilinin sözlərinə görə, bütün bunlar beynəlxalq tərəfdaşların dəstəyi və iştirakı ilə baş verməlidir.
Hakim “Gürcü arzusu” partiyası isə öz növbəsində seçkilərin legitim olduğuna israr edir. Yeni seçilmiş parlamentin ilk iclası noyabrın 25-nə təyin edilib.