Tbilisidə sürüşmə ola bilər
Tbilisidə sürüşmə baş verə bilər. Şəhərin iki rayonunu – Vaşlicvri və Nutsubidi birləşdirən yolda böyük torpaq kütlələri dağıla bilər. Həmin bu hissədə ağır texnikadan istifadə etməklə yol təmiri işləri gedir, amma meriyanın bəyanına görə, bu, yamac üçün təhlükə kəsb etmir.
Təhlükəli zonanın fotosu martın 17-də forum.ge saytında yayılıb. Kadrlardan bəlli olur ki, yamacda sürüşmə prosesi aktivləşir.



Yarım milyon kubmetr torpaq tərpənib. “Torpaq sabah, birigün və ya bir il sonra sürüşə bilər, amma mütləq sürüşəcək. Hara və necə – modelləşdirmə məsələsidir, bunu dəyərləndirmək lazımdır”, – Milli Seysmoloji Monitorinq Mərkəzinin direktoru, geoloq Tea Qodoladze deyib.
Onun sözlərinə görə, geoloqlar və yer ölçənlər artıq ilkin dəyərləndirmə aparıblar, belə nəticəyə gəliblər ki, yamacdakı çatlar ətraf mühitə yanlış müdaxilənin nəticəsidir. Böyük ehtimalla, sürüşmə qaçılmazdır.
Həm sürüşmənin bilavasitə yaxınlığında, həm də digər hissələrdə təhlükə var, çünki orada da dayaq sistemi pozulub – geomorfoloq Laşa Suxişvili bildirib.
“Sürüşmənin hərəkət sürəti hələlik aydın deyil. Buna illər gedə bilər. Amma məsələn, güclü soyuğa və ya hər hansı vibrasiyaya görə proses bir qədər sürətlənəcək”, – Suxişvili deyib.

“Proses illərlə davam edir və yol-təmir işləri ilə əlaqəsi yoxdur” – Tbilisi meriyası
Sürüşmə prosesi illərlə davam edir və yol-təmir işləri ilə əlaqəsi yoxdur – paytaxt meri Kaxa Kaladze bildirib.
O deyib ki, meriya bu məsələnin öyrənilməsi üçün artıq almaniyalı mütəxəssisləri dəvət edib:
“Səbəblər hələlik məlum deyil. Bu, bugün başlamayıb. Və bu, artıq uzun illər davam edən fasiləsiz prosesdir. Biz təhlükə yarandığını anladığımız zaman dərhal profilaktik tədbirlər gördük. Maçavariani küçəsi bağlıdır, orada hərəkət qadağan edilib”.
Sürüşmə prosesi Maçavariani küçəsinin yuxarı hissəsində, yil-təmir işləri isə aşağıda aparılır – mer müavini İrakli Bendeliani bildirib.
Onun sözlərinə görə, günahkarları tapmaq üçün sürüşmənin dəqiq səbəbini yüz faiz aydınlaşdırmaq lazımdır.
Video – TV Formula