Tbilisidə polis qarşı-qarşıya gələn iki etiraz aksiyasını ayırmağa çalışır
İyulun 6-da axşam Tbilisidə parlament binasının yanında qarşı-qarşıya gələn iki izdihamlı aksiya keçirilib. Qrupları polisin sıx kordonu ayırır.
Aksiyalardan birini “Qirçi – daha çox azadlıq” müxalifət partiyasının lideri Zurab Caparidze ötən gün Pride marşının keçirilməsinə qarşı etiraz edən ultrasağ və homfob qrupların döydüyü jurnalistlərə dəstək məqsədilə elan edib.
Müxalifət partiyalarından çoxu Caparidzenin təşəbbüsünə səs verib və aksiyaya qoşulacaqlarını bildirib.
Amma aqressiv sağçı qruplar eyni yerə eyni vaxtda toplaşıblar ki, elan olunmuş aksiyaya mane olsunlar.
Foto: Netgazeti
“Bizik əsl gürcülər”, – Zurab Caparidze Facebook səhifəsində emosional bəyanatında cəmiyyətə belə müraciət edir.
“Biz vergilərin, təhsil sisteminin necə olması, hansı partiyanın daha yaxşı olması ilə bağlı mübahisə edə bilərik. Amma mən elementar məsələlərlə bağlı həmrəy olduğumuz insanlara müraciət edirəm:
- Bütöv bir izdihamla müdafiəsizləri döymək olmaz;
- Qadınları döymək olmaz;
- Uşağı döyməsinə, uzun saçına və ya sırğasına görə döymək olmaz;
- Zahiri görünüşünü bəyənmədiyiniz üçün turistə hücum etmək olmaz;
- İzdihamla jurnalistləri və operatorları təqib etmək və döymək olmaz.
Bunlar elementar sivil qaydalardır. Biz bu ölkədə daha çoxuq! Biz çoxluquq! Bizik əsl gürcülər və əsl qafqazlılar və həqiqətən ənənələrə riayət edənlər bizlərik!
Bizik əsl xristianlar. Və biz İsa Məsihin təbliğ etdiklərinə həqiqətən inananlarıq!
Digər tərəfdə isə güruhçulardır. İzdihamla zəifləri, uşaqları, qadınları, jurnalistləri döyənlərin nə milləti, nə nəcabəti, nə dini, nə də şərəfi var. Bu, bugünkü “Arzunun”, patriarxlığın və kriminal aləmin simbiozudur.
Bu gün onlar bizi idarə edirlər. amma biz çoxuq! Qorxmayın! Ölkəni onlara güzəştə getməyin! Biz mütləq bu müharibəni qazanacağıq”.
DİN hər iki aksiya iştirakçılarını azad toplaşma haqda qanunla nəzərdə tutulan çərçivələri aşmamağa zorakılığa çağırışlara yol verməməyə və “aksiyaların zorakı xarakter almaması üçün hər şeyi etməyə” çağırıb.