Tbilisidə öldürüldüyü güman edilən Ahmed Çatayev kimdir
Tbilisidə genişmiqyaslı xüsusi əməliyyatdan sonra dünyada ən çox axtarılan terrorçulardan biri olan Ahmed Çatayevin öldürüldüyü güman edilir. “Novaya qazeta” qondarma “İslam dövləti”nin hərbi liderlərindən birinin bioqrafiyasını xatırladır.
Noyabrın 21-də axşam Tbilisinin İsani rayonunun məhəllələrindən biri güc qurumları əməkdaşları tərəfindən mühasirəyə alındı – çoxmənzilli yaşayış evinin üçüncü mərtəbəsində silahlılar barrikada qurdular.
Xüsusi təyinatlıların və polisin bir neçə bölməsi, zirehli texnika, evin sakinlərinin və yaxınlıqdakı məktəbdən təxliyə.
Danışıqlar aparmaq cəhdi, daha sonra hücum cəhdi, sonra yenə danışıqlar və yenə hücum. Bur neçə mənzildə yanğın. Sakit Tbilisi çoxdanıydı ki, bu cür hərbi əməliyyatlar görmürdü.
Xüsusi əməliyyat bir sutka çəkib. Nəticədə dörd xüsusi təyinatlı yaralanıb, onlardan biri sonra xəstəxanada dünyasını dəyişib, silahlılardan biri əvvəl tutulub, üç nəfər öldürülüb.
Posted by ჯემნიუსი – JAMnews Georgian on ოთხშაბათი, 22 ნოემბერი, 2017
Noyabrın 23-də Gürcüstan mətbuatı çoxsaylı mənbələrə istinad edərək, bildirib ki, öldürülənlər arasında “Qafqaz imarəti”nin lideri Doku Umarovun yaxın silahdaşı, İslam Dövləti başçısı al-Bağdadinin yaxın adamı və dünyanın “Şimali Qafqazda bir nömrəli düşməni” Axmed Çatayev də olub (2015-ci ildə amerikalı senator, təhlükəsizlik üzrə komitənin başçısı Maykl Makkol onun haqqında məhz bu sözləri deyib).
Axmed Çatayev 1980-ci ildə Çeçenistanın Vedeno kəndində anadan olub. İkinci çeçen müharibəsində iştirak edib, müharibə zamanı sağ əlini itirib, buna görə də Birəlli ləqəbini qazanıb. 2000-ci illərin əvvəllərində ailəsi ilə birlikdə Avropaya qaçıb. Rusiya Çatayevi İnterpol xətti ilə axtarışa verib, amma 2003-cü ildə o, Avstriya hakimiyyətini ona siyasi sığınacaq verməyə inandıra bilib (bəzi məlumatlara görə, o deyib ki, sağ əlini Rusiyanın güc qurumlarında aldığı işgəncələr nəticəsində itirib). Bütün sonrakı illər ərzində Doku Umarovun rəsmi nümayəndəsi kimi Avropanın müxtəlif ölkələrini gəzib.
Çatayevin taleyi barədə kitab yazmaq və macəra filmləri çəkmək olar. Son on il ərzində onu beş dəfə həbs ediblər: Rusiya, Ukrayna, Bolqarıstan, İsveç və Gürcüstanda silahın saxlanılması və ya terrorçularla əlaqədə şübhələrə görə. Hər dəfə də azad oluna bilib. Onu “günahı sübuta yetirilmədiyinə görə” azad ediblər, hər dəfə də onu guya Rusiya hakimiyyəti tərəfindən təqib olunan siyasi qaçqın kimi himayə edən nüfuzlu siyasətçilər və ya beynəlxalq təşkilatlar tapılıb.
2012-ci ilin avqust ayında Çatayevin soyadı Dağıstanla sərhəddə yerləşən dağlıq Lapankuri kəndi yaxınlığında qalmaqallı xüsusi antiterror əməliyyatı zamanı da hallandı. Gürcüstan DİN-nin rəsmi versiyasına görə, Gürcüstana Dağıstan tərəfindən 20 nəfərdən ibarət yaxşı silahlanmış qrup keçib. Məqsədi “ölkədə sabitliyi pozmaq” idi (həmin vaxt Gürcüstanda parlament seçkiləri keçirilirdi). Amma nəticədə versiya özünü doğrultmadı. Xüsusi əməliyyat nəticəsində 11 silahlı məhv edilib, hamısı da Gürcüstanın Pankisi dərəsindən olan kinstinlilər idi. Bəzi məlumatlara görə, gənc adamlar bir neçə ay ərzində o cümlədən də Çatayevin rəhbərliyi altında Pankisidə hərbi təlim keçib. Qrupu “Qafqaz imarəti” sıralarını artırmaq üçün Rusiyaya göndərmək planlaşdırılırdı.
Xüsusi əməliyyat zamanı Axmed Çatayev yaralanır və bir neçə gün sonra hakimiyyətə təslim olur. Yeni seçilmiş Bidzina İvanişvili hökuməti Çatayevi əvvəlcə pul girovu müqabilində, sonra da ittihamları üzərindən götürərək azad edir. . Bu zaman rəsmi məlumata əsasən, xüsusi əməliyyatın keçirildiyi yerə o, Saakaşviliyə yaxın güc qurumları əməkdaşlarının dəvəti ilə danışıqlarda vasitəçi olmaq üçün gəlib.
Amnistiyadan sonra Çatayev Türkiyəyə köçüb. 2015-ci ilin fevral ayında isə Suriyaya gedərək, İŞ başçısı əl-Bağdadiyə sədaqət andı içib. İŞ-də o, digər məşhur kistinli və özünün köhnə tanışı, həmin vaxtlar artıq qondarma “müharibə nazirliyi”nə rəhbərlik edən Tarxan Batiraşvilinin (İŞ sıralarında o, Əbu Umar aş-Şişani kimi tanınırdı) yaxın adamı olaraq, tezliklə yüksək vəzifə tutur.
Çatayev İŞ-in çeçenlərdən ibarət bölməsi olan “Yarmuk” batalyonuna başçılıq edir. Amma hərbi əməliyyatlarda iştirak edə bilmirdi: İkinci dünya müharibəsi zamanı itirdiyi qolundan sonra da Gürcüstandakı əks-terror əməliyyatında sol ayağını itirib. Müharibə nazirliyində o, əməliyyatların planlaşdırılması ilə məşğul olmağa başlayır, həm də maliyyə məsələlərini idarə edirdi (Çatayev öz vəzifələrinin öhdəsindən o qədər yaxşı gəlirdi ki, 2016-cı ilin yayında Barataşvilinin ölümündən sonra müvəqqəti olaraq onun vəzifələrini yerinə yetirirdi).
2015-ci ilin oktyabr ayında ABŞ Çatayevi terrorçu kimi axtarışa verir və onu ABŞ ərazisində bütün aktivlərin və əmlakın dondurulmasını nəzərdə tutan sanksiya siyahılarına daxil edir. Bir qədər sonra BMT Təhlükəsizlik Şurası da Çatayevə qarşı eyni təşəbbüslə çıxış edir.
2015-ci ilin iyun ayında İstanbul beynəlxalq aeroportunda törədilən böyük terror aktı nəticəsində 43 adam ölür, 240 nəfər yaralanır. Faciədən bir neçə gün sonra senator Makkol bildirir ki, ABŞ terror aktının təşkilatçısının Axmed Çatayev olduğunu hesab edir, məhz o aeroportda özünü partladan üç kamikadzeni idarə edib.
2014-cü ildə Axmed Çatayev Suriyadan Gürcüstan hakimiyyətinə təhdidlə dolu səs yazısı göndərir. O, Pankisi kəndlərindən birinin keçmiş imamı, Gürcüstanın güc qurumları tərəfindən İŞ-lə əlaqədə olan şübhəli şəxs kimi saxlanılan Ayub Borçaşvilini azad etməyi tələb edirdi. Məhkəmə araşdırması zaman Borçaşvili etiraf edib ki, Pankisidə İŞ nümayəndəsidir, gəncləri “Xilafət” torpaqlarında döyüşməyə təşviq edir və yola salırdı. 14 il müddətinə həbs cəzası alan Borçaşvili indi həbsxanadadır.
Dünyada ən çox axtarılan terrorçulardan biri olan Axmed Çatayevin hansı yolla Gürcüstana gəldiyi hələ də məlum deyil. “Novaya qazeta”nın Gürcüstanın hüquq-mühafizə orqanlarındakı mənbələrinin məlumatına görə, güc qurumları Çatayev və onun adamlarını izləyib və hətta xüsusi əməliyyat zamanı da onunla danışıqlara girməklə, sağ ələ keçirməyə çalışıblar.
Qətlə yetirilənlərin şəxsiyyətləri indiyə qədər də rəsmi şəkildə təsdiq olunmayıb.