Tbilisidə Feedc yaradıcısı Nika Kvaratsxeliya qətlə yetirilib
Sentyabrın 16-da Feedc onlayn-platformasının yaradıcısı Nika Kvaratsxeliya Tbilisidə, şəhərin mərkəzində, mənzil kirayələdiyi evin yanında qətlə yetirilib. Səkkiz güllə bədəninin müxtəlif nahiyyələrinə dəyib, həkimlər onu xilas edə bilməyiblər.
Qətlin səbəbi hələlik məlum deyil. Yayılmış informasiyaya əsasən, atışmadan əvvəl Kvaratsxeliya hələlik kimliyi məlum olmayan şəxslə gərgin söhbəti olub.
Nika Kvaratsxeliya nüfuzlu gürcüstanlı “qanuni oğru” Qiya Kvaratsxeliyanın oğludur. Amma mərhumun qohumları və tanışları onun “cinayət aləmi” ilə münasibətlərini qəti şəkildə inkar edir.
Kvaratsxeliya IT texnologiyalar üzrə gənc mütəxəssis, müxtəlif informasiyalara çıxışı təmin edən Feedc onlayn-platformasının yaradıcısı idi. Orada müxtəlif kanalları izləmək, maarifləndirici proqramlarda iştirak etmək və sairə imkanlar var.
Bu layihə ilə Nika Kvaratsxeliya “Forbes”un 30 yaşdan gənc istedadlı insanlar siyahısına daxil olub. “bm.ge” nəşrinin yazdığına görə, Feedc-in 250 000-dən çox fəal istifadəçisi var. “Alexa.com”un məlumatına əsasən, o, Gürcüstanda internetdə “trafikinə” görə Facebook və Google da daxil olmaqla bütün saytlara nisbətdə 20-ci yeri tutur.
Gürcüstanın Cinayət Məcəlləsinin qətlə təşəbbüs, odlu silahın qanunsuz əldə edilməsi, saxlanması və daşınmasını nəzərdə titan 19-108-ci və 236-cı maddələri ilə cinayət işi qaldırılıb.