Tbilisidə antiterror əməliyyatından sonra bir çox sual qaldı
Noyabrın 22-də keçirilən xüsusi əməliyyat Gürcüstanı yeni reallıq qarısında qoydu.
Buna qədər polislərlə terrorçular arasındakı müharibəni – Parisdə, Londonda, Vaşinqtonda – uzaqdan izləmişiksə, indi bu müharibə burada, gözlərimizin qarşısında, qonşu küçədə baş verirdi.
İctimaiyyət hələ də xüsusi əməliyyatın hazırlanması, planlaşdırılması və həyata keçirilməsinin detallarından xəbərsizdir. Əməliyyata rəhbərlik edən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ancaq qısa informasiyalar verir.
Halbuki bütün Gürcüstanın izlədiyi əməliyyatın bir hissəsi də bir neçə mühüm nəticə çıxarmaq imkanı verir.
Biz qorxu və panikanın qarşısını ala bildikmi?
Birmənalı şəkildə demək olar ki, biz panika və qorxunun qarşısını ala bilmədik. Bu, vəzifəli şəxslərin strateji kommunikasiya məsələsini həll edə bilmədiyinə görə baş verdi.
Yüksəkvəzifəli şəxslər xüsusi əməliyyat bitənə qədər ümumiyyətlə qiymət verməmək qərarını verdilər. DTX nümayəndələrinin mətbuatla bir neçə saniyəlik söhbəti nəinki cəmiyyətdə yayılmış şayiələri təkzib etmədi, əksinə onları bir az da qızışdırdı.
Strateji kommunikasiya ancaq mətbuatla ünsiyyəti və detallı açıq söhbəti nəzərdə tutmur. İlk növbədə, bu, cəmiyyətə düzgün verilmiş mesajı (narrativi) nəzərdə tutur. Misal üçün, bu, tam standart ifadələr ola bilərdi – “hər şey nəzarət altındadır”, “hər şey qurduğumuz plan üzrə gedir” və s. Bu cür ifadələri dünən eşitmədik. Buna görə də yaranmış vakuumdan media və başqa aktorlar öz bildikləri kimi istifadə etdi.
Media necə işləyirdi?
Antiterror əməliyyatının işıqlandırılması asan iş deyil. Xüsusən də təcrübə olmayanda.
Bu gün terrorizmin işıqlandırılması problemi bütün media ictimaiyyəti qarşısında durur. Buna görə də jurnalistlər üçün böhranlı vəziyyətlərdə soyuqqanlığı və peşəkar vərdişləri saxlamağa kömək edən xüsusi təlimlər keçirilir.
Təbii ki, xəbərləri ilk olaraq mətbuatdan eşitməliyik – jurnalistlər maksimum operativ və eksklüziv olmalıdırlar. Eyni zamanda cəmiyyətin də baş verənlər haqqında real təsəvvürə malik olmaq haqqı var.
Çox vaxt terror aktını işıqlandırarkən jurnalistlər qarşılarına balansın saxlanması məqsədini qoymur. Medianın əsas vəzifəsi olan əhalinin informasiya təminatı ilə etika arasında sərhəd pozulur. Buna görə də belə hallarda mətbuat çox vaxt neqativ rol oynamağa başlayır.
Təbii ki, biz jurnalistlərə bu və ya digər məsələni necə işıqlandırmalı olduğunu diktə etmirik, halbuki ictimai maraqlardan çıxış edərək, təsəvvür edilən orta həddi saxlamaq lazımdır. Media nümayəndələri izah etməlidir ki, onların yaydığı informasiya etnik və ya dini qarşıdurmanı dərinləşdirə, cəmiyyətin müəyyən hissəsinə və ya ayrı-ayrı adamlara müəyyən yarlıqlar vura bilər.
Yarlıqlar və stereotiplər
Hakimiyyətlə cəmiyyət arasında lazımi kommunikasiyanın olmaması başqa mühüm problemlərin üstünü açdı. Bir neçə televiziya süjeti və yerli sakinlərlə müsahibə baş verənlərin Pankisi dərəsi ilə bağlılığını üzə çıxardı. ( Qanun pozucularının olduğu mənzilin sahibi, Pankisi dərəsinin sakini və s.)
Cəmiyyətimizdə Pankisi dərəsiylə bağlı yaranan miflər və stereotiplərin sonu yoxdur. Medianın diqqətsizliyi o yerə gətirib çıxardı ki, Pankisi dərəsi haqqında neqativ danışanların sayı artdı. “Düşmən ikona”sına çevrilmiş dərənin sakinlərinin hansı təzyiq altında, günah hissi ilə necə yaşamalı olduğunu təsəvvür etmək çətin deyil.
22 noyabr hadisələrindən kim istifadə edə bilər?
Son zamanlar Gürcüstanda ultrasağ milli və populist qruplar çox vaxt Gürcüstanda təhlükəsizliyin xaricilərin “basqını” səbəbindən zəifləməsindən danışırlar. İstisna deyil ki, 22 noyabr hadisələri radikallara əlavə enerji verəcək və tərəfdarlarının sayını artıracaq.
Onların Gürcüstanda əcnəbilərin qalmaq müddətini maksimum azaltmaqla bağlı populist tələblərinə daha biri “İstəyirsiz ki, bu cür (terror) halların sayı artsın?” – hipotetik sual da əlavə oluna bilər.
Baş verənləri öz maraqları üçün istifadə edə biləcək daha bir mühüm aktor da Rusiyadır. Yəni:
a) Rusiya baş verənləri Gürcüstana qarşı öz təbliğatında effektiv istifadə edəcək. Beynəlxalq arenada Kreml tez-tez bildirir ki, Gürcüstan terrorçuluq üçün tranzit ölkədir. Dünənki hadisələr Rusiyaya inandırıcı arqumentlər kimi lazım olacaq.
b) Kreml həm də Gürcüstanda panika və qorxunu yaymağın çox asan olduğunu müəyyən edib və dövlət sisteminə siyasi zərərin yetirilməsi üçün kiçik böhran yaratmaq kifayət edir.
Cəmiyyətin cavab almağa legitim haqqı olduğu suallar
İstintaqın başa çatması və yekun nəticələr üçün ola bilsin bir neçə ay lazım olacaq. Halbuki cəmiyyətin ən yaxın zamanda cavab almalı olduğu suallar var:
а) bunların arxasında kimlər durur? Hansı qrupun nümayəndələridir və onlar Gürcüstana hansı məqsədlə gəlib? Onlar Gürcüstanda nəsə etməyə hazırlaşırdılar yoxsa başqa ölkəyə keçməyi planlaşdırırdılar?
b) xüsusi əməliyyat Gürcüstan qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilib? Operativ qərargah yaradılmışdımı? Niyə jurnalistlərə təlimat verilməyib – həyat üçün təhlükəli olan zonaya düşməmək üçün necə hərəkət etmək lazımdır?
Gürcüstan hakimiyyətinin cəmiyyətlə müasir kommunikasiyanın vacibliyini anlaması çox vacibdir. Strateji kommunikasiya ilk növbədə, böhran zamanı lazımdır, başa çatandan sonra yox. Vəzifəli şəxslər informasiya məkanından öz mesajları və obyektiv mənzərənin verilməsi üçün istifadə etmirlərsə bunu həmişə başqa aktorlar öz maraqları üçün edəcək.
Giorgi Qoquadze – Gürcüstanın Təhlükəsizlik və İnkişaf Mərkəzinin direktor müavini.