Tbilisi: qaydasız yenidənqurma
Tbilisi qədim şəhərdir, burada müxtəlif memarlıq üslubları, bədii zövqlər, coğrafi maraqlar və tarixi təsirlər qarışıb. Bəzən bir-birini hətta inkar edən inqridiyentlər uzun əsrlər boyu yaxşıca qarışaraq, nəticədə gözlənilmədən harmonik bir şəhərin yaranmasına gətirib çıxarıb.
Bu gün Tbilisi xaricilər üçün hələ də cəlbedici və qeyri-adi bir şəhər olaraq qalır, yerli sakinlır isə həyəcan təbili çalırlar. Şəhərlilərin narahatlığı onunla bağlıdır ki, Tbilisidə artıq iyirmi ilə yaxındır ki, şəhərin tarixi hissəsində intensiv tikinti aparılır, yeni tikililərin tarixi mərkəzin xarici görünüşünə təsiri isə demək olar ki, tənzimlənmir.
Baş plan
İstənilən şəhərin inkişafı üçün ən mühüm sənəd baş plandır. Dünya təcrübəsi göstərir ki, baş planda buraxılan ən xırda səhv belə urbanistlərin bütün səylərini heçə endirə bilər.
Tbilisinin axırıncı baş inkişaf planı 1970-ci ilə aiddir. Rəsmi olaraq baş plan ləğv edilməyib, amma 1992-ci ildən başlayaraq, ona sadəcə stabil olaraq məhəl qoymamağa başlayıblar. Bu il də tarixi rayonlarda “ilk qaranquşlar – yeni tikililər görünməyə başlayıb. Artıq 2000-ci illərdə yeni binaların tarixi rayonlarda tikintisi geniş vüsət aldı və yeni çoxmərtəbəli binalar tikən inşaatçılar artıq baş plana baxmırlar.
Tbilisi bələdiyyəsinin rəsmi sənədlərində xüsusi ehtiyatlı yanaşılmalı olan rayonlar – Sololaki, Avlabari, Çuqureti və bəzi başqa rayonlar göstərilib, amma məhz bu rayonlarda elə tikintilər aparılır (və ya planlaşdırılır) ki, Tbilisinin tarixi simasına görə narahat olanların qanı donur.
Düşüncəsiz tikinti
Son zamanlar sosial şəbəkələrdə tez-tez Tbilisinin köhnə şəkillərinə rast gəlinir: şəhərdəki adət etdiyimiz yerlər, tanış küçə və binalar, amma bütün bunlar yaşıllıq içində itib-batır. Bu gün isə Tbilisinin mərkəzi rayonlarında hələ də heç nə tikilməyən park çətin tapıla; hələ də yeni çoxmərtəbəli “bədheybətin” tikintisi üçün “mənimsənilməyən boş yer, uşaq meydançası və ya sadəcə geniş səkiyə çətin rast gəlmək olar.
Çoxlu sayda gürcü mediası son zamanlar Tbilisidə davamlı olaraq ağacların kəsilməsindən yazır. Bu, audit xidmətinə istinad edən yazılara görə, Tbilisidə ancaq 2009-2011-ci illər ərzində 20 min 690 ağacın kəsilməsinə razılıq verilib!
1981 və 2016-cı illərdə Tbilisinin mənzərəsi
“Şəhərin tarixi hissəsindən əlinizi çəkin!, “Qədim Tbilisi şəhərin tarixidir, “Tarixi dağıtmayın, “Şəhər bizimdir – bu yaxınlarda bu şüarlarla “Tbilisi panoraması layihəsinin əleyhdarları etiraz aksiyasına çıxdılar. Layihə tarixi Sololaki zonasında planlaşdırılıb; bunu əsaslandırılmış şəkildə Gürcüstanda qəbul edilən siyasi qərarlara böyük təsiri olan yerli milyarder Bidzina İvanişvilinin adı ilə bağlayırlar.
“Tbilisi panoraması layihəsinin reklam çarxı
“Panorama bir çoxlarına o qədər dəhşətli göründü ki, Tbilisi sakinlərini “Birlikdə adlanan yeni vətəndaş ittifaqında birləşməyə vadar etdi.
“Panoramaya qarşı çıxanlar bildirirlər ki, yeni arxitektura şəhərin landşaftına əhəmiyyətli dərəcədə təsir edəcək, amma bu hələ harasıdır. Əsas problem ondadır ki, bu layihə sözün hərfi mənasında qədim mərkəzi dağıdacaq, çünki vacib inşaat və mühəndislik tədqiqatları aparılmayıb. Yəni tarixi binalar tikinti işləri və nəqliyyat hərəkəti zamanı yaranan vibrasiyalar nəticəsində daha çox zədə alacaqlar.
Qəzalı binalar
Qəzalı binalar Tbilisinin ən ağır problemlərindən biridir. Bu, problem mərkəzi rayonlara ciddi xələl yetirən 2001-ci il zəlzələsindən sonra xüsusilə kəskinləşib. Bu mənada nə keçmiş, nə də indiki şəhər hakimiyyətinin qürurlanası yeri yoxdur: bütün şəhər əhalisinin təxminən 30 faizi həyat üçün təhlükəli sayıla bilən şəraitdə yaşayır. Bütün tbilisililərin evlərini təhlükəsiz edə bilən və bu zaman da qədim rayonların xarici görünüşünə xələl gətirməyən düzgün yenidənqurmanın təmin olunması şəhər büdcəsi üçün icrası mümkün olmayan məsələdir. Buna görə də şəhər hakimiyyəti üçün bina tikən sərmayədarın bilavasitə əhali ilə razılığa gəlməsi sxemi daha əlverişli görünür. Adətən yerli sakinlər öz köhnə evlərinin əvəzində həmin köhnə binanın yerinə bir-iki ildən sonra tikiləcək yeni çoxmərtəbəli binada mənzil almağa böyük məmnuniyyətlə razılaşırlar.
Yeri gəlmişkən, qəzalı sayılan binalar ancaq 18 və 19-cu əsrlərə aid olanlar deyil, onların arasında daha yeni binalar da var. Tbilisi meriyası rəsmi olaraq bildirir ki, şəhərdə 400 qəzalı korpus (yəni çoxmərtəbəli) yaşayış binası var. Bu, əsasən, ötən əsrin 70-ci illərində tikilmiş binalardı. Tbilisi meriyasının abadlaşdırma üzrə bələdiyyə xidməti bildirir ki, bütün bu tikililər nəzarət altındadır və onlardan hər hansı biri “kəskin qəzalı hesab olunarsa, onu təcili qaydada möhkəmləndirəcəklər.
Düşünülmüş yenidənqurma
Hazırda bələdiyyə “Yeni Tbilisi adlanan proqram həyata keçirir. Bu layihəyə köhnə rayonların reabilitasiya-yenidənqurması daxildir. Hazırda söhbət David Ağmaşenebeli prospektindəki 47 yaşayış binasından gedir, şəhər hakimiyyəti onların tam restavrasiya və yenidənqurmasına, eyni zamanda mühəndis və kommunikasiya şəbəkəsinin dəyişdiriləcəyini söz verib. Analoji layihə Tbilisidə 2011-2012-ci illərdə həyata keçirilib, amma onda da, indi də söhbət bilavasitə mərkəzi prospektlərdə yerləşən binalardan gedir, bir az aralıda olanları isə sadəcə iqnor edirlər.
Dərc edilib: 11.04.2016