Tarix fotoşəkillərdə: 25 il öncə Rusiya parlamenti tanklardan atəşə tutulmuşdu. Buna qədər isə onun liderləri üsyan qaldırmışdıla
1993-cü ilin 3-4 oktyabr tarixlərində Moskvada çoxlarının hesab etdiyi kimi, müasir Rusiya tarixində bütün mənfi tendensiyaların başlanğıcını qoymuş hadisələr baş verdi.
Nə baş verdi
1993-cü ilin oktyabr ayının 4-də səhər Rusiya ordusunun tankları Moskvada ölkə parlamentinin yerləşdiyi binaya yaxınlaşdılar və binaya bir neçə dəfə atəş açdılar, sonradan hücum başladı.
Buna qədər isə Rusiya paytaxtında iki ay ərzində davam edən hadisələr baş vermişdi. Onların mahiyyəti prezident Boris Yeltsinlə Rusiya parlamentinin qarşıdurmasından ibarət idi.
Həm prezident, həm də parlament mövcudluğuna bundan bir il əvvəl son qoymuş Sovet İttifaqı dönəmində seçilmişdilər.
Müvafiq olaraq, konstitusiya da köhnə, sovet vaxtından qalma idi. Prezidentlə parlamentin səlahiyyətləri burada bir-birindən ayrılmamışdı.
Bunun nəticəsi olaraq, bir tərəfdən prezident Boris Yeltsin, digər tərəfdən isə parlamentin sədri Ruslan Xasbulatov və ona dəstək vermiş vitse-prezident Aleksandr Rutskoy arasında münaqişə yarandı.
Bu qarşıdurmanın zirvəsi 4 oktyabra keçən hadisələr oldu ki, Xasbulatovun və Rutskoyun silahlı tərəfdarları Moskva meriyasını ələ keçirdilər və Ostankino televiziya mərkəzinə hücum etməyə cəhd göstərdilər.
Buna cavab olaraq parlamentin binası tanklardan atəşə tutuldu və hücum baş verdi ki, nəticədə üsyançıların liderləri təslim oldular. Onlar hamısı məhkum olunmuş, lakin az sonra amnistiyaya düşmüşdülər.
Bu münaqişənin qurbanlarının ümumi sayı 170 nəfərdən çoxdur, dəqiq rəqəm bəlli deyil.
1993-cü ilin oktyabr hadisələrindən bir neçə ay sonra Rusiyada yeni konstitusiya qəbul edildi və parlamentə seçkilər keçirildi. Burada Vladimir Jirinovskinin partiyası qələbə qazandı.
Rusiyalılar 25 il əvvəlin hadisələrinə necə münasibət bəsləyirlər
25 il sonra, sosioloji sorğuların göstərdiyi kimi, 30 yaşına qədər insanlar üçün 1993-cü ilin oktyabr hadisələri Rusiya tarixindəki başqa bu cür hadisələrdən fərqlənmir.
Sosioloqlar bunu belə izah edirlər ki, parlamentarizm və hakimiyyət bölgüsü dəyərləri rusiyalıların təfəkküründə özünə yer tapa bilməyib.
Yaşlı nəslin nümayəndələri sosioloqların təqdim etdiyi qiymət variantlarından “Vətəndaş müharibəsi qığılcımı” variantını seçirlər. Həmin münaqişədə prezident Yeltsinin hərəkətlərini dəstəkləyənlərin və onların rəqibərinin nisbəti təxminən 60:40-dır.
Aparıcı rusiyalı tarixçi və sosioloq İqor Klyamkin həmin hadisələrə belə qiymət verir:
“SSRİ dağıldıqdan sonra Rusiyada yeni dövlətin yaranması baş vermədi, Sovet İttifaqının ömrünün sonlarında, başqa sözlə, yox olmuş dövlətdə yaranmış institutlar qorunub saxlandı.
Həm siyasətçilər, həm də cəmiyyətin savadlı təbəqələri, başqalarını heç demirəm, buna adi bir şey kimi baxırdılar, belə şəraitdə təbii görünən Təsis yığıncağının çağırılması məsələsi nə qoyulmur, nə də müzakirə edilmirdi.
Bu o deməkdi ki, hüquqaqədərki şüur meydan oxumaqda davam edirdi və ölkəyə öz təkamül marşrutunu diktə edirdi”.