Tank, vertolyot, zaporojes və gerb
2016-cı il, xüsusən də dekabr bir əlamətdar mənada yubiley olub – düz 25 il əvvəl Sovet İttifaqının mövcudluğuna rəsmən sən qoyulub.
8 dekabr 1991-ci ildə SSRİ-ni yaradan ölkələrin başçıları- Rusiya, Ukrayna və Belarus SSRİ-nin mövcudluğunu ləğv edən Belovejsk müqaviləsini imzalayıblar. Cənubi Qafqaz respublikaları öz suverenliyini daha öncə elan ediblər: Gürcüstan 26 may 1990-cı ildə, daha sonra Ermənistan 24 avqust 1990-cı ildə və Azərbaycan – 18 oktyabr 1991-ci ildə.
Daha sonra müharibələr, aclıq başladı, işıq, su, istilik, çox vaxt da yemək olmurdu. Amma hekayəmiz bu haqda deyil. Sovet İttifaqında 70 ildən çox mövcudluğu ərzində Qafqazda şəhərlər tikdilər və ya onları dəyişdilər və bir neçə nəsil yetişdirdilər. Sosial şəbəkələrdə Sovet İttifaqı uzaq keçmişdə qaldımı? – mövzusunda müzakirələri hətta onun dağılmasından sonra doğulan gənclər belə aparır.
Biz də region üçün bu əhəmiyyətli tarixin 25 illiyini qeyd etmək qərarına gəldik. Bunu da iki üsulla etdik.
Birincisi, həmin dövrün regionda qalan izlərinin şəkillərini çəkdik və onların nə ilə bağlı olduğunu danışdıq.
İkincisi də regionun müxtəlif hissələrində blis-sorğu keçirərək, camaatdan onların fikrincə Sovet İttifaqında nəyin yaxşı, nəyin pis olduğunu xəbər aldıq. Həmişə olduğu kimi, JAMnews-un icmalında şəhərlər əlifba sırası ilə düzülüb və yer adları yerli əhalinin istifadə etdiyi formada verilib ki, bunun da JAMnews-un fikri və dəyərləndirməsi ilə heç bir əlaqəsi yoxdur.
Bakı
“Zaporojes”
Bu “Zaporojes” İçəri Şəhərdə özünəməxsus muzey eksponatıdır. Onun ətrafında hətta asfaltın üzərində ağ boya ilə xətt çəkilib ki, bu yerin məhz ona məxsus olması aydın görünsün.
Köhnə “zaporojeslər” o qədər az qalıb ki, yavaş-yavaş nəqliyyat vasitələrindən raritetə çevrilirlər. Bu, bir qapılı sovet maşınıdır və onu 1994-cü ildən buraxmırlar.
On il əvvəl Bakının “maşın bazarında” “zaporojes”i təxminən yüz dollara almaq olardı.
Lenin
Maştağa qəsəbəsinin sakinlərinin dediyinə görə, Leninin bu büstü Dilvari adlı şəxsə məxsus idi. O da çoxdan köçüb. Köçəndən əvvəl də Lenini öz həyətindən çıxarıb, qonşularına dedi ki, sonra onun dalınca gələcək. Artıq on il keçməsinə baxmayaraq, Leninin vəziyyəti yaxşıdır. Amma Dilvari onu gəlib aparmadı.
Azərbaycanda şəxsiyyətə pərəstiş standart şəkildə olub. Volodya Ulyanovun əla qiymətlərlə oxuması barədə hekayələrin yazıldığı dərsliklərdən məlum olur. “O, kristal saf adam idi”, – 1987-ci ildə ilk müəllimimiz danışırdı.
10 il sonra tarix dərsində bizə tamamiylə fərqli şeylər danışacaqlar – Leninin 11-cı Qırmızı Orduya Bakını zəbt edə bilməsə, şəhəri yandırmaq sərəncamı verməsi haqqında. Onda bakılılar əməlli-başlı əziyyət çəkib, hər şeyin adını dəyişdirməli, tunc monumentləri kökündən qopartmalı oldular.
Sovetin “özünəməxsus” xətti
İosif Brodski özünün “Vahiddən kiçik” essesində divarların ənənəvi sovet üsulu ilə boyanmasına ayrıca bir səhifə ayırıb:
“Bu ornament hər yerdə rastınıza çıxır və sizi dəli edir; neçə dəfə bu dar zolağa gözlərimi dikib baxdığımın fərqinə varmışam, gah onu dəniz üfüqünün xətti, gah da saf mövcudsuzluğun təcəssümü hesab etmişəm”.
Bütün dövlət idarələrində divarları bu cür rəngləyiblər – döşəmədən göz səviyyəsində olan qəhvəyi zolağa qədər boz-mavi yağ boyası, sonra da ağ emulsiya.
Bakıda bu “əlamətli” zolağı tapmaq çox çətin oldu. Hər yer bir neçə dəfə təmir olunub, bu qəribə dizaynı saxlamaq kimin ağlına gələrdi? Əslində isə o, sovet irsinin mahiyyətini yaxşı ifadə edir – hər şeyin amansızcasına standartlaşdırılması və pafoslu imperiya estetikası.
Foto Bakının Sabunçu rayonunda istifadəsiz qalmış uşaq poliklinikasında çəkilib.
Yerevan
Vağzalda sovet gerbi
Qarşısında David Sasunskinin heykəli duran Yerevan dəmir yolu vağzalı 1956-cı ildə açılıb, amma bu günkü məşhur şpil olmayıb. Layihədə bu dekorativ qüllə nəzərdə tutulsa da, o vaxt onun ancaq əlavə xərc mənbəyi olduğunu düşündülər. 55 metrlik qüllə illər keçəndən sonra tikildi, başını isə bu günə qədər də SSRİ qerbi bəzəyir.
Daha bir sovet gerbi
Hazırda Respublika Meydanı adlanan keçmiş Lenin Meydanında Ermənistan Sovet Sosialist Respublikasının çəhrayı tufunda həkk edilmiş Sovet İttifaqının əsas simvollarından biri qalıb. O, Ermənistanın hökumət binasının girişlərinin birinin üstündə, düz qüllə saatının altında yerləşir. Tufun üstündə yazı da qalıb: “Ermənistan Sovet Sosialist Respublikası” və SSRİ-nin ən əsas və ən məşhur şürlarından biri – “Bütün ölkələrin proletarları, birləşin!”.
Daha bir Lenin
Leninin başsız heykəli Ermənistanın Milli qalereyasının arxa həyətinə atılıb. Sınan baş qalereyanın içində saxlanılır, amma eksponat kimi yox. Heykəl Respublika Meydanında 1940-cı ildə quraşdırılıb, 13 aprel 1991-ci ildə isə sökülüb. Lenin heykəlinin durduğu postamenti isə meydandan ancaq 1996-cı ildə çıxarıblar.
Suxum
Video sorğunu Anaid Qoqoryan hazırlayıb
Tbilisi
Mozaika
Bu Mozaika Tbilisidən bir saatlıq yolda yerləşən Tsxvariçamia qəsəbəsindəki avtobus dayanacağındadır. Bu yer həmişə yayda bağ evlərinə getmək üçün ən populyar yer olub. Sovet məktəbliləri yayı burada pioner düşərgələrində keçirirdilər. Meşə, dağlar və təmiz hava. Həmin dövrün adamları sosial şəbəkələrdə dadlı kotletləri, səhər idmanını və ilk sevgilərini xatırlamağı sevirlər. Bu, adətən az adamların durduğu dayanacaqda isə istirahət günlərində səhərlər uşaqlar toplaşırdı – onlara baş çəkməyə gələn valideynlərini qarşılayırdılar.
Sovet tankı
Bu 22 yaşlı qızın adı Tatia Muraçaşvilidir və o Gürcüstanda Stalinin ən gənc pərəstişkarlarından biridir. Üzərində Stalinin şəkli olan maykada sovet tankının üstündə şəkil çəkdirir. Tatia dahi sərkərdənin pərəstişkarının nəvəsidir. Tank Tbilisidə, “Kukiya” qəbiristanlığında durur. Və heç kim onun bura necə gətirildiyini xatırlamır.
Və yenə də Lenin. Daha doğrusu, Leninlər
Tbilisinin kənarında məşhur nəhəng “Lilo” bazarı var. Sovet dövründə isə burada bir neçə zavod və sex yerləşib, onlardan birində də sərkərdələrin, sıravi sovet zəhmətkeçlərinin və əmək qəhrəmanlarının heykəl və büstləri üçün detallar hazırlayıblar.
Video sorğunu Xatiya Qoqoxiya hazırlayıb
Sxinval
Yəhudi mağazası
“ÇÖRƏK” yazılı 22 saylı mağaza Qaqloyev küçəsi, 13 (keçmiş Telman) ünvanında, “yəhudi məhəlləsi” adlanan yerdə yerləşir. Sovet vaxtında burada böyük yəhudi icması yaşayıb və rayon Sxinvalın ən görməli yerlərdən biri sayılıb. İcma 1989-cu ildə, Osetiya-Gürcüstan qarşıdurması kəskinləşəndə demək olar ki, bütövlükdə buradan köçüb.
İrina Parastayevanın indi 64 yaşı var, bu mağazanı 4 yaşından xatırlayır. Sxinvala nənəsi Sonya ilə Znaur rayonunun Bakatıkau kəndindən nənəsinin Qoqebaşvili döngəsində, mağazanın yanında yaşayan baldızı Yevagilə gəlib. Yeva ailəli olmayıb və həmişə də 17 yaşından partiya üzvü olması ilə lovğalanıb.
Həmin illərdə mağaza parça alveri edirdi, yiyəsi də yerli yunan ailəsi idi. Adətən bu mağazada parçadan başqa heç nə satmırdılar, amma bir dəfə onlar gələndə mağazada balaca bir gəlincik görürlər, İrina da nənəsindən onu ona almağı xahiş edir. Satıcı isə gəlinciyin brak olduğu üçün onu satmaqdan imtina edir, İrina hələ indi də bundan necə incidiyini xatırlayır. Onda ağac budaqları tapıb, onlardan gəlincik üçün ayaq düzəldir, baş və əllər düzəldir, parçadan paltar tikir və uzun müddət bu gəlinciklə oynayır.
1970-ci illərdən sonra mağazada ərzaq satmağa başlayırlar, sol tərəfdə ərzaq, sağda isə çörək satılırdı. 2008-ci il avqust müharibəsindən zərər çəkəndən sonra işini tamamiylə dayandırır.
“İrıston” mehmanxanası
“İrıston” mehmanxanası 1937-ci ildə tikilib. Georgi Beteyev burada 1957-ci ildə, Tbilisidən Kvaysaya ezamiyyət olunduğu vaxtlarda qalıb, burada da bir ilə yaxın mədən idarəsində rabitə rəisi işləyib və tez-tez Sxinvalda olub. Deyir ki, o vaxtlar məmnuniyyətlə Sxinvalda qalırdı, çünki şəhərdə təmizlik və sakitlik vardı. Mehmanxana yaxınlığında yerləşən çaxır mağazasını da xatırlayır, bazarda da istədiyin hər şeyi, özü də ucuz qiymətə almaq olardı, xabıjinlərdən tutmuş qızardılmış çoşqaya qədər.
Vertolyot
Vertolyot Bamda (Sxinvalın rayonlarından biri) 1970-ci ildə quraşdırılıb. O vaxtlar bura Gürcüstanın Cənubi Osetiya Muxtar Vilayəti olub və burada vertolyot alayı dururdu. Alayın özü Nikozi kəndi yaxınlığında yerləşirdi. Qərargahı Şanxayın qırağında idi (Sxinvalın rayonu). Pilotlar üçün evləri isə Bamda tikiblər.
Video: Irina Ianovskaia
Məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.