“Bu qədər insanı işsiz qoymaq nəyə lazım idi?” – Azərbaycanda taksi sürücüləri yeni qərardan narazıdır
Taksilərlə bağlı yeni tələblər
“Gündə taksilər haqqında bir qərar verirlər. Camaatın çörək pulu qazanmaq üçün axırıncı ümidi taksi sürmək idi, onu da əlimizdən aldılar. İndi biri çıxıb izah eləmir ki, bu qədər insanı işsiz qoymaq nəyə lazım idi?”, – Bakıdakı taksi sürücülərindən biri deyir.
Martın 28-də Azərbaycanın Nazirlər Kabineti taksi fəaliyyətini tənzimləyən yeni qərar qəbul edib. Taksi xidməti göstərən vətəndaşlar bu qərarı narazılıqla qarşılayıb. “JAMnews”un həmsöhbət olduğu taksi sürücüləri qərar qüvvəyə minəndən sonra işsiz qalacaqlarından narahatlıqlarını dilə gətiriblər. Amma onlar üçün bu qərar gözlənilməz olmayıb.
- Bakı-Sumqayıt-Bakı qatarında keçən həyatlar
- Torpaq var, pay yox. Pay torpaqları Azərbaycanda işsizliyin real səviyyəsini gizlətməyə necə imkan verir
- “Təhlükəli iş olsa da, işsizlikdən yaxşıdır”. Süpürgəçi qadınların güzəranı
Kimlər taksi fəaliyyətilə məşğul ola bil(məy)əcək?
“Bakıda hazırda 60 min taksi fəaliyyət göstərir və bu sayı 20 minə qədər azaltmaq lazımdır”, – ötən ay rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov Milli Məclisdə qərarı müzakirə edərkən demişdi.
Nazirlər Kabinetinin qəbul etdiyi bu qərar iyulun 1-dən qüvvəyə minəcək. Həmin tarixdən etibarən yaşı 15-dən çox olan avtomobillərə taksi fəaliyyətilə məşğul olmağa icazə verilməyəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqladığı rəqəmlərə görə, Bakıda taksi xidməti göstərən avtomobillərin 62 faizinin yaşı 15-dən çoxdur. Bu da o deməkdir ki, indi taksi fəaliyyəti göstərən avtomobillərin təxminən üçdə ikisi iyul ayından etibarən taksi kimi istifadəyə “yararsız” hesab ediləcək.
Bundan başqa, taksi fəaliyyəti üçün buraxılış kartı almaq üçün avtomobillər azı AVRO-5 ekoloji standartına uyğun olmalıdır. Həmçinin bütün taksilərdə nağdsız ödəniş üçün POS-terminal, məlumatları minimum bir ay saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokamera sistemi və tam hava tənzimləyicisi quraşdırılmalıdır.
Taksi sürücüsü kimi fəaliyyətə başlamaq üçün buraxılış vəsiqəsi, buraxılış kartı və şəhadətnamə almaq lazımdır. Bunun üçün AYNA-nın təşkil etdiyi taksi sürücülərinin etik davranış qaydaları və avtomobil nəqliyyatı ilə sərnişin daşınmanı tənzimləyən hüquqi aktlara dair xüsusi təlimi keçmək mütləqdir. 2023-cü ilin avqustundan keçirilməyə başlayan təlimlər ödənişlidir və rüsum 76 manat təşkil edir. Sürücülər 4 günlük təlimdən sonra imtahan verməlidirlər.
“Buraxılış vəsiqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” qanuna əsasən, buraxılış vəsiqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib”, – AYNA-nın mətbuat katibi Tural Orucov “BBC Azərbaycanca”ya açıqlamasında bildirib.
O, əlavə edib ki, indiyədək 14 min nəfər sürücü bu təlimlərdə iştirak edib.
“İnsanların sosial vəziyyətini düşünmədən qərar verirlər”
46 yaşlı Fərid Əsədov 3 ildir ki, taksi fəaliyyəti ilə məşğuldur. İxtisasca hüquqşünas olsa da, uzun illər müxtəlif özəl şikətlərin satış departamentlərində işləyib. Son illər işsiz qaldıqdan sonra onlayn taksi xidmətlərindən birində sürücülüyə başlayıb. İndi onun həyat yoldaşı və iki azyaşlı övladının xərclərini qarşılamaq üçün başqa gəlir yeri yoxdur.
“Mənim kimi ali təhsilli adamlar niyə taksi sürücüsü işləyir? Çünki ixtisasımıza uyğun normal məvacib təklif edən iş yerləri yoxdur.
Dövlət rəsmiləri deyir ki, heç kim işsiz qalmayacaq, onları ictimai nəqliyyatda (avtobuslarda) sürücü kimi işə götürəcəyik. Yaxşı, alacağınız uzağı min ədəd avtobusdur, o meyarlara uyğun da min nəfər getdi avtobus sürməyə. Bəs, yerdə qalan 40 min adam neyləyəcək? 40 min ədəd yeni avtobus alası deyillər axı…
İnsanların sosial vəziyyətini düşünmədən qərar verirlər. Gözləyirik görək aqibətimiz necə olacaq”, – deyə Fərid Əsədov narazılığını bildirir.
Fərid AYNA-nın taksi sürücüləri üçün keçirdiyi təlimi başa vurub və şəhadətnamə alıb. Amma buna baxmayaraq, təxminən iki ay sonra taksi fəaliyyətilə məşğul ola bilməyəcək. Çünki, avtomobilinin yaşı 15-i ötüb.
“Bu sahədə, əlbəttə, tənzimləmələr olmalı idi. Hamı istəyir ki, keyfiyyətli maşında, yaxşı sürücüdən xidmət görsün. Amma belə kökündən baltalamaq lazım deyildi. Tələb qoyulardı avtomobilin texniki vəziyyətilə bağlı, yoxsa istehsal ili?
Hələ kreditə maşın alıb, onunla taksi sürən adamlar var. Onlar məcbur qalacaq ki, aylardır, illərdir borcunu yarıladıqları avtomobili dəyər-dəyməzinə satıb, təzədən kreditə yeni və bahalı maşın alsınlar. Kim yeni maşını taksi kimi istifadə edəcək? Heç kimə sərf eləməz”.
Taksi xidmətləri bahalaşacaq, ictimai nəqliyyat həddindən artıq yüklənəcək
Müstəqil ekspertlərin fikrincə, taksi fəaliyyəti üçün istifadə olunan avtomobillərin çoxu yeni qaydalara uyğun gəlmədiyindən saylarının kəskin azalması taksi xidmətlərinin bahalaşmasına və işsizliyin artmasına gətirib çıxaracaq. Taksi xidmətlərinin bahalaşması həmçinin sərnişinləri ictimai nəqliyyatdan daha çox istifadəyə sövq edəcək. Bu da günün pis saatlarında onsuz da kifayət qədər sıxlıq yaranan metro və avtobuslarda vəziyyəti daha da ağırlaşdıracaq.
Ötən il rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun bildirdiyinə görə, taksi ilə gedişlər üçün minimum qiymət 1 manat 50 qəpikdən 2 manat 50 qəpiyə yüksəldiləndən sonra taksidən istifadə 14 faiz azalmışdı. Onun sözlərinə görə, bununla da avtobuslarla gündəlik daşıma sayı 100 min nəfər artaraq 1 milyon 600 minə çatmışdı.
“Hökumətin burada yalnız vergi və rüsumlarını toplayıb, digər tənzimləmə üsullarında, təhlükəsizlik məsələlərində iştirakçı olması daha yaxşı olardı. Amma bu sərt tənzimləmə metodları ilə iş yerləri azalacaq, qiymətlər artacaq və bu, müəyyən dərəcədə işsizliyin artmasına səbəb olan qərara çevriləcək”, – iqtisadçı Natiq Cəfərli BBC-yə bildirib.
“Yaxşı heç nəyə ümidim qalmayıb”
Nazim Abbasovun 61 yaşı var. O, 37 ildir ki, taksi sürücüsü işləyir. Bunun son 12 ilini Bakının “Gənclik” metrostansiyasının yaxınlığında dayanaraq müştərilərini gözləyir.
Qocaman taksi sürücüsü fərdi fəaliyyət göstərir, heç bir şirkətə bağlı deyil. Onun sözlərinə görə, taksi şirkətləri yaranandan sonra fərdi işləyən taksi sürücülərinin güzəranı artıq pisləşmişdi. Yeni qaydalardan sonra isə onlar ümumiyyətlə işləyə bilməyəcəklər.
“Qiymətlər ucuz idi deyə, hamı şirkət taksilərindən istifadə edirdi. Bizim elə çox müştərimiz olmurdu. Amma indi belə çıxır ki, ümumiyyətlə evə çörək apara bilməyəcəm.
Bax, qızım, mənim maşınımın 18 yaşı var. Amma texniki vəziyyəti əladır. 6-7 illik maşınlar var ki, qəzaya düşməkdən sınıq-salxaq gündədir, amma mənim maşınımda bir cızıq belə yoxdur. İndi həmin maşınlar yaşına görə işləyəcək, mən də evdə oturub gözləyəcəm ki, görüm kim mənə iki manat pul verəcək, evə çörək alım?”, – Nazim dayı sual edir.
Deyir ki, onun nəinki yeni maşın almağı, heç tələb olunan kamera, POS-terminal və s. kimi texniki avadanlıqları almağa da imkanı yoxdur.
“Bu tələbləri qoyanda düşünmədilər ki, onları almağa qıraqda pulu olan adam niyə taksidə işləsin? Gözdən əlil yoldaşımla illərdir tək gəlir yerimiz taksi idi. Bizim halımız necə olacaq? Hər şeydən bezmişəm. Yaxşı heç nəyə ümidim qalmayıb…”.