Azərbaycanda nəqliyyat qalmaqalı: bütün günahlar “pomidorlardadır”?
Bakıda taksi xidməti səs-küylü qalmaqal mərkəzindədir: dövlət strukturu bütün sahəni öz əlində cəmləməyə çalışır, ekspertlər bazarın inhisara alınmasından danışırlar. Eyni zamanda iqtisadçılar ictimai nəqliyyatda qiymətlərin bahalaşması ehtimalından xəbər verirlər, həm də metronun bağlı olduğu bir zamanda. Bütün baş verənlərdə Azərbaycan paytaxtına avqustun ortalarında gətirilən “pomidorlar” günahlandırılır.
Bütün bu olaylar avqustun 12-də, Azərbaycan prezidenti İlham Əliyev Bakıya gətirilən yeni LEVC TX markalı taksi avtomobilləri ilə tanış olandan sonra başlayıb. Al qırmızı rənginə görə bu maşınlara dərhal xalq arasında “pomidor” adı verilib.
• Bakıda taksilərə vahid tarif tətbiq etmək istəyirlər: bu, niyə sərnişinlər üçün pisdir?
Bu da təsadüfi deyil: axı 9 il əvvəl Bakıya inkişaf nümunəsi kimi “badımcanlar” gəlmişdi
2019-cu ildə Bakıda “Eurovision” beynəlxalq musiqi müsabiqəsinin keçiriləcəyi məlum olandan sonra Azərbaycan paytaxtı sürətlə modernləşdirilməyə başladı. Qısa zaman içində Xəzərin Bakı sahilində – düz dənizin ortasında müsabiqənin keçirildiyi “Crystall Holl” konsert kompleksi inşa edildi və təxminən bir il öncədən paytaxt küçələrində “London taksiləri” – TX4 markalı avtomobillər şütüməyə başladı.
Bakılılar üçün qəribə rənginə görə bu maşınlar “badımcan” adını aldı. Onlarla hərəkət etmək prestijli olsa da, digər taksilərlə müqayisədə baha başa gəlirdi.
Düzdür, “badımcanların” dövrü qısa oldu. Bir neçə ildən sonra bu maşınları ikinci əl maşın bazarında cəmi 20 min manata [təxminən 11700 ABŞ dolları] almaq mümkün idi.
Bu maşınlar ikinci əl maşın bazarına təsadüfən çıxarılmamışdı. Onları ən başından sürücülərə lizinq şərtləri ilə verirdilər – taksi sürücüləri müəyyən edilmiş “plan əsasında işləyir” və operator şirkət hər maşına görə müəyyən edilmiş məbləği alandan sonra avtomobil avtomatik sürücünün mülkiyyətinə verilirdi və o, bu maşından istədiyi kimi yararlana bilərdi.
“Badımcanların” çoxu indi sahibləri tərəfindən başqa rənglərə boyanıb.
Taksi xidməti göstərən şirkətlər bumu
“London taksiləri” Bakıda öz dövrünü sona vurduğu zaman Azərbaycan paytaxtında taksi xidməti göstərən şirkətlərin əsl bumu başladı. Qısa telefon nömrələri olan taksi xidmətləri bir-birinin arınca az qala hər gün yaranırdı, həmin nömrəyə zəng edərək ötən illərlə müqayisədə çox daha ucuz qiymətə taksi sifariş vermək mümkündü.
Həmçinin Bakıda beynəlxalq taksi xidmətləri, məsələn, Uber və Bolt da fəaliyyətə başladı, smartfon əlavələri vasitəsilə öz xidmətlərini təklif edən bu taksiləri gənclər xüsusilə bəyənir.
Rusiya taksi xidmətlərinin (“Yandex”, “Maxim”) Bakıda öz xidmətlərini yaymaq cəhdi uğurla nəticələnmədi, hazırda onlar yerli bazarda mövcud deyillər.
Sürücülər ucuz qiymətlərdən şikayətlənirlər
Sərnişin qazanmaq mübarizəsində şirkətlər qiymətləri endirmək məcburiyyətindədirlər. Əgər təxminən 5 il əvvəl Bakıda 10 kilometr məsafəyə görə sərnişinlər taksiyə 8-10 manat [4,7-5,8 dollar] civarında ödəniş edirdilərsə, hazırda eyni məsafəni taksilər iki dəfə ucuz qiymətə aparır.
Bu cür qiymətlər sürücülərə sərf etmir, amma çoxları taksi sürücüsü işləmək məcburiyyətindədir.
“Məktəbdə müəllim işləyirəm, amma bu maaşla ailə dolandırmaq mümkün deyil. Buna görə də öz maşınımla taksi kimi pul qazanıram. Amma bu da sərf eləmir”, – taksi sürücülərindən biri deyir.
Onun sözlərinə görə, taksi sürücüsü olmaq üçün ilk növbədə vergi xidmətində qeydiyyatdan keçmək lazımdır. “Bundan sonra bir və ya bir neçə taksi xidməti ilə razılaşırsan ki, səni xüsusi proqramla sərnişin sifarişləri ilə təmin etsinlər. Bir həftəyə təxminən 200 manat [118 dollar] qazanıram. Bu məbləğin 20 faizini şirkət özünə götürür, mənim əvəzimə verigini də ödəyir. Qazanılan pulun təxminən yarısı yanacağa gedir. Maşın həm də mütəmadi baxım, servis xidməti tələb edir. Elə hesab elə ki, maaşsız işləyirik, çörəyə ancaq çatır”, – o şikayətlənir.
Sürücü həmçinin qeyd edir ki, hazırkı qiymətlər dizel yanacağı ilə işləyən və ya hibrid mühərrikli maşınlara nisbətən sərf edir. Bu halda yanacaqda əhəmiyyətli dərəcədə qənaət etmək mümkündür.
Yeni “pomidor” taksilər və fəsadları
2020-ci il avqustun ortasında Bakıya yüzlərlə yeni “London taksisi” gətiriləndən sonra dövlət strukturları bu sahədə islahatlar haqda danışmağa başlayıblar.
Bakı Nəqliyyat Agentliyi (BNA) bütün şirkətlər – taksi xidmətləri üçün vahid dispetçer xidməti yaratmağı və vahid tarif tətbiq olunmasını təklif edib.
“Bu təkliflər bazardakı istehlakçıların hüquqlarının pozulmasıdır və tamam rəqabətsiz mühitin yaranmasına səbəb olacaq. Amma bu, inhisar əleyhinə qanunverici aktlarla tənzimlənir. Buna görə də Dövlət İnhisar Əleyhinə Xidmət bu cür təşəbbüslərə reaksiya verməyə borcludur”, – iqtisadçı ekspert Osman Gündüz deyib.
BNA-nın rəsmi nümayəndəsi Hikmət Babayevin tele-müsahibəsi zamanı səsləndirdiyi fikirlər cəmiyyətdə böyük rezonans doğurub. O, bunları bildirib: “Taksilərin qiymətləri bu gün o həddə enib ki, hətta avtobus qiymətlərinə az qala bərabərləşib. Yəni bu, belə olmalı deyil.Taksidən yararlanmaq olar, amma bunu gündəlik daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma mövcuddur”.
Bu sözlərdən sonra sosial şəbəkə istifadəçiləri Babayevin ünvanına kəskin tənqidlər yağdırıblar və o, Facebook səhifəsini bağlamalı olub.
Avtobuslarda da qiymətlər qalxacaq?
İqtisadçı Qubad İbadoğlu avtobuslarda da qiymətlərin bahalaşacağını proqnozlaşdırır.
“Gözlənilir ki, ictimai nəqliyyatda gediş haqqı 50 qəpik [təxminən 30 sent] olsun. (Hazırda avtobus və metroda gedişhaqqı 30 qəpikdir — JAMnews)”, – iqtisadçı Facebook səhifəsində yazıb.
Pandemiyaya görə 2020-ci ilin iyunundan Bakıda metro işləmir. Avtobuslar yalnız həftəiçi fəaliyyət göstərir, həftəsonları onların da hərəkəti qadağandır.
Sosial şəbəkələrdə taksi və ictimai nəqliyyat probleminin qızğın müzakirəsi davam edir. Bu məsələ ilə bağlı rəsmi qərar yoxdur. Hökumət Bakı Nəqliyyat Agentliyinin təklifini şərh etməyib.