“Tərtər işi” - ölümlərindən sonra bəraət alan hərbçilər, yarımçıq qalan həyatlar
“Tərtər işi”, zərərçəkənlər, məhkəmə prosesləri
“Kənddə bütün yaşıdları hərbi xidmətə davam edirdi. Elçin də öz dostlarının yolundan getdi, hərbçi oldu. Deyirdi ki, mən hərbçi olmaq üçün doğulmuşam. Heç kim bunun belə nəticələnəcəyini gözləmirdi”.
Validə Əhmədovanın oğlu Elçin Quliyev “Tərtər işi”ndə işgəncə ilə öldürülən hərbçilərdən biridir. O, saxlanıldıqdan cəmi bir neçə gün sonra ağır işgəncələrə dözməyərək ölüb. 27 yaşında idi. Özündən geriyə bir qız övladı qalıb.
Elçin Quliyev həqiqi hərbi xidmətini Naxçıvan rayonunda başa vurub. 2014-cü ildən etibarən isə doğulub-böyüdüyü Tərtər rayonunun Qaraağacı kəndindəki hərbi hissədə müddətdən artıq hərbi xidmətə davam edib.
O, buradakı xidmətinə üç illik müqavilə əsasında başlamışdı. Müqavilənin bitməsinə bir ay qalmış “Tərtər işi”nin qurbanlarından birinə çevrilib.
Nə baş verib?
2017-ci ilin aprel ayından etibarən Azərbaycanda hərbçilərin kütləvi şəkildə həbs olunmasına başlanıldı. Həmin ilin iyun ayına qədər davam edən həbslər zamanı hərbçilərə indiyə qədər görünməmiş işgəncələr verilib, onlardan etirafedici ifadələr tələb edilib.
Elə həmin ay Azərbaycanın Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bir qrup hərbi qulluqçu və digər mülki şəxslərin dövlətə xəyanət etdiklərini və Ermənistanın xüsusi xidmət orqanlarının xeyirinə casusluq edərək mühüm məlumatlar ötürdükləri barədə bəyanat yayıb.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, bu cinayət işi üzrə 100-dən çox hərbçi işgəncə görüb, 10 nəfərdən çoxu işgəncə nəticəsində ölüb. Onlardan ən azı 5 nəfərinin adı cinayət işində təqsirləndirilən şəxs qismində belə keçməyib.
Məhkəmənin hökmünə əsasən, Ermənistan MTX-sı ilə mümkün əlaqələrə görə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunan 25 nəfər barəsində 5 ildən 20 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzaları çıxarılıb.
İstintaq prosesinin qeyri-rəsmi olaraq “Tərtər işi” kimi adlandırılmasının səbəbi, kütləvi işgəncələrin Tərtər rayonunda yerləşən hərbi hissənin istismara yararsız və istifadə edilməyən keçmiş qərargahında baş verməsidir (işgəncələrin çox az qismi Mingəçevir şəhərində baş verib). Həmçinin istintaq Tərtər Rayon Hərbi Prokurorluğunda aparılıb, hökmlər Gəncə və Tərtər hərbi məhkəmələrində çıxarılıb. Mümkün casusluq faktlarının Ağdam və Tərtər rayonlarının təmas xətti boyunca yerləşən mövqelərində baş verdiyi bildirilib.
“Tərtər işi”nin araşdırılmasına dair cinayət işi
“Tərtər” işində hərbçilərə qarşı işgəncələrin icrasında iştirak edən bəzi şəxslərə qarşı ayrı-ayrı cinayət işləri açılsa da, uzun bu kütləvi qətliam və işgəncə hadisəsi uzun müddət detallı araşdırılmayıb.
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.
Məhkəmələrdə 100-dən çox hərbçiyə bəraət verilib, digərlərinin işinə bəraət hökmü olmadan xitam verilib.
Hərbçilərə işgəncə verənlər haqqında müxtəlif müddətli həbs qərarları çıxarılıb. Onlar əsasən vəzifə səlahiyyətlərini aşmağa görə cəzalandırılıblar.
Ölümündən sonra bəraət
Elçin Quliyev hərbi hissədə kiçik çavuş rütbəsi ilə sürücü kimi xidmət göstərirmiş. 2016-cı il “aprel döyüşləri”nin iştirakçısıdır. Həmin günlərdə maşınla səngərləri gəzib, əsgərlərə lazımı ərzaq, silah-sursat və sairə təchizatları çatdırırmış.
Anası Validə Əhmədova deyir ki, döyüşlər başlayanda Elçin məzuniyyətdə imiş. Amma ürəyi evdə – təhlükəsiz şəraitdə oturmağa dözməyib, dostlarının köməyinə gedib. Döyüşdəki xidmətinə görə Elçin heç bir təltif almayıb. Buna görə də gileylənir, ona haqsızlıq edildiyini deyirmiş.
“Nə biləydi ki, bu haqsızlıq gələcəkdə görəcəkləri yanında heç nədir”, – anası deyir.
Anası Elçini hər səhər hərbi hissəyə özü yola salırmış. Sübh tezdən oyanar, oğlu üçün süfrə açar, çantasını yığıb onu işə uğurlayarmış. Elçinin saxlanıldığı gün – 3 may tarixində də hər şey eyni olub. Ta ki günortayadək.
Bundan bir həftə öncə Elçinə hərbçilərin təminatı üçün su maşını veriblərmiş. Həmin gün də maşın xarab olub. Elçin əmisinin hərbi hissənin yaxınlığında yerləşən evinə gedib, maşının təmirilə məşğul olmaq üçün ondan kömək istəyib.
Nahar vaxtı Elçinə hərbi hissədən zəng gəlib, bələdçiyə ehtiyac olduğunu deyiblər. O isə maşının təmirinə başı qarışdığını bildirib. Amma zəng edənlər israr edib. Bir yerdən sonra təhqirə keçiblər. Elçin də hirslə evdən çıxıb. Onu elə əmisinin evinin qapısı ağzındaca gözlədiklərindən xəbərsiz imiş. Elçini evin qarşısından hərbi maşına mindirib, aparıblar. Bundan sonra ailəsi ondan bir daha xəbər ala bilməyib.
Elçin bundan iki gün öncə anasına bəzi hərbçilərin saxlanıldığını, amma səbəbini bilmədiyini danışıbmış. Elə həmin saxlanılanlar da sonradan “Tərtər işi” üzrə zərərçəkən kimi tanınıb.
Elçin Quliyev aparılandan bir neçə saat sonra evlərinə hərbçilər gəlib, su maşınının harada olduğunu soruşublar. Anası onlardan oğlunu xəbər almağa çalışsa da, sualları cavabsız qalıb.
Elçin Quliyev saxlanıldıqdan 5 gün sonra, mayın 8-də atası Mətləb Quliyevi və əmilərini Tərtər rayon İcra Hakimiyyətinə çağırıblar. Dəvətin səbəbini aydın danışmasalar da, qısaca oğulları Elçin barədə söhbət edəcəklərini deyiblər.
“Orada ölən hərbçilərin siyahısı sadalanıb. Növbə bizim uşağın da adına çatıb.
Yoldaşım şoka düşüb ki, bu nə deməkdir? Elçin niyə ölüb ki? Bu vaxt icra başçısı Müstəqim Məmmədov yoldaşıma deyib ki, heç bilirsən sənin oğlun nə qələt edib? O xain idi”, – Validə Əhmədova danışır.
Elçin Quliyev ona qarşı irəli sürülən ittihamları qəbul etməyib, heç bir ifadəni imzalamayıb. Ailəsinə onun yüksək təzyiqdən öldüyü deyilib.
“Dəfninə qədər Elçinin öldüyünü bilmədim”
Oğlunun öldüyünü öyrəndikdən sonra evə qayıdan Mətləb Quliyev özündə güc tapıb xəbəri yoldaşına verə bilməyib. Validə Əhmədova oğlunun öldüyünü yalnız səhəri gün – dəfn mərasimində öyrənib.
“Axşam mənə dedilər ki, Elçin səhər gələcək. Mən də xeyli biş-düş eləmişəm, hazırlaşmışam ki, oğlumu qarşılayım. Səhəri gün dedilər ki, Elçin artıq gəlib. Tez həyətə çıxdım ki, uşağı görüm. Baxdım ki, küçədə ağlaşmadır, qohum-əqraba mərsiyyə deyir.
Ondan da bir neçə gün öncə kəndimizdən dörd nəfər mülki şəxsi həbs eləmişdilər, içlərində eltimin qardaşı və qardaşıoğlu da vardı. Birinin adı Tofiq idi. Bir gün əvvəldən demişdilər ki, Tofuq ölüb, gətirirlər. Elə bildim camaat ona görə ağlayır.
Mən də camaatın arasından keçə-keçə Elçini axtarıram. Deyirəm ki, bəs hanı Elçin? Yoldaşım axırı çıxdı qabağıma, boynumu qucaqlayıb ağladı ki, Elçin ölüb, axtarma. Elə orada şoka düşdüm. Axırıncı bir səs yadımdadır, dedilər ki, oğlunu dəfn edirlər get, vidalaş. Dizlərimdə güclə taqət tapıb, istədim uşağımı gedib qucaqlayım, qəbrə düşməyə qoymadılar”, – Validə Əhmədova oğlunun dəfn olunduğu günü belə xatırlayır.
Cinayət və cəza
“Tərtər işi” üzrə saxlanılan şəxslərə işgəncələrin verilməsi ilə bağlı daha sonra həbs edilən şəxslər ayrı-ayrı zamanlarda, ayrı-ayrı qruplar halında məhkəmə qarşısına çıxarılır.
Bu işlə bağlı son məhkəmə hökmləri ötən ilin noyabr və dekabr aylarında elan olunub.
2023-cü ilin noyabrında Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş, polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev və müddətdən artıq xidmət etmiş hərbi qulluqçu Ramil Qarayevin işi üzrə məhkəmə hökmü elan edilib və onların hər birinə 5 il 6 ay həbs cəzası kəsilib.
Həmin ilin dekabrında general-mayor Bəkir Orucov, digər hərbçilər İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, Bəkir Orucov 9 il 6 ay, İntiqam Məmmədov 6 il 6 ay, Rahib Məmmədov 6 il 6 ay, Ziya Kazımov 9 il 6 ay və Ülvi Rəşidov 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Onların hər birinə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
Zərərçəkənlərin ailələri məhkəmə proseslərindən narazıdır
Zərərçəkənlərin yaxınları məhkəmə proseslərini ədalətli və obyektiv hesab etmirlər.
“Onlar elə bildilər ki, uşaqlarımıza bəraət veriləndən sonra susacağıq. Amma bizim tələbimiz təkcə bu deyildi. “Tərtər cinayəti”ndə əli olan – kiçikdən böyüyədək bütün rütbəlilər cəzalandırılmalıdır”, – Validə Əhmədova deyir.
O, indi oğlunun şəhidlik statusu alması üçün məhkəməyə müraciət edib. Bundan başqa Elçinin ölümündən sonra onun ailəsinə heç bir kompensassiya ödənilməyib. Validə Əhmədova bunu da məhkəmə yolu ilə mübahisələndirəcəyini bildirir.
Bundan başqa ailənin “Tərtər işi” üzrə indiyədək üç şikayəti Avropa İnsan Haqları Məhkəməsinə göndərilib və artıq baxılmaq üçün icraata götürülüb.
“Onlar tutduqları mövqe etibarilə elə bir əhəmiyyətli məlumata sahib deyildilər”
“Onlar tutduqları mövqe etibarilə elə bir əhəmiyyətli məlumata sahib deyildilər”
“Ümumiyyətlə, Tərtərdə törədilmiş cinayət ağır dövlət cinayətidir. İlk günlərdən bu işi araşdıran biri kimi gəldiyim qənaət budur ki, bu cinayət mütəşəkkil formada hazırlanmış, həyata keçirilmiş, işgəncəyə məruz qoyduqları şəxslərin siyahısı öncədən tutulmuş, işgəncə metodları müəyyənləşmiş bir cinayətdir”, – «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu hesab edir.
Oruclunun sözlərinə görə, “Tərtər hadisələri”nin baş verməsini xarici təsir ehtimalını gözardı etmək olmaz. O düşünür ki, Rusiya bu prosesdə iştirak edib. Məqsəd isə ordunu zəiflətmək, xalqda orduya qarşı inamsızlıq yaratmaq olub.
Bununla belə politoloq hesab edir ki, “orduda casusluq ümumiyyətlə yoxdur” demək doğru deyil:
“Amma bu casusluğu edənlər “Tərtər işi”ndəki zərərçəkənlər olmayıb. Onlar tutduqları mövqe etibarilə elə bir əhəmiyyətli məlumata sahib deyildilər ki, onu düşmən tərəflə bölüşsünlər. Amma hətta ittihamlar doğru olsa belə, bu, insanlara işgəncə verməyə, onları öldürməyə bəraət qazandıra bilməz”.
“Onun adı cinayət işində çəkilmədi”
Ruslan Ocaqverdiyev də “Tərtər işi” zamanı öldürülən hərbçilərdən biridir. Həyat yoldaşı Rəvanə Ocaqverdiyevanın sözlərinə görə, həyat yoldaşını sonuncu dəfə ölümündən bir gün öncə evdə görüb. Səhəri gün hərbi hissəyə qayıtdıqdan sonra isə ondan xəbər ala bilməyib. Telefonuna zəng çatmayıb.
“Ruslanın telefonu heç vaxt sönülü olmayıb. Elə ondan ürəyimə xal düşdü ki, başına bir iş gəlib. Sən demə, mən ona zəng edən vaxt o, artıq işgəncə altında imiş. Axşama kimi kənddə-kəsəkdə Ruslanı axtarmışam. Dedim bəlkə təlim yoldaşlarından nə isə öyrənərəm, amma onlar da xəbərsiz idi. Səhəri iki azyaşlı oğlumla bir yerdə dirigözlü açdıq. Səhər qaynım zəng elədi. Hərbi hissədən ona deyiblər ki, bəs Ruslanın ürəyi tutub, hospitaldadır. Ayın 17-də ölüm xəbərini aldıq”.
Rəvanə Ocaqverdiyeva “Tərtər işi” üzrə zərərçəkənin varisi kimi tanınıb. O da digər zərəçəkənlər kimi məhkəmənin gedişatından narazıdır.
“İcraçılara törətdikləri cinayətlərlə müqayisədə verilən cəzalar çox azdır. Bundan başqa istintaqdan yayındırılanlar var. Nəticəni gözləyirik. Yerli instansiyaları keçəndən sonra bu işi Avropa Məhkəməsinə daşımaq niyyətindəyəm”, – Rəvanə Ocaqverdiyeva bildirir.
O, həyat yoldaşının ölümündən sonra ailəsinə kompensasiya ödənilməsi üçün də məhkəməyə müraciət edib. Bununla bağlı ilk məhkəmə prosesi 6 iyun tarixində keçiriləcək. Rəvanə Ocaqverdiyeva ərinə şəhid statusu verilməsini də tələb edir.
“Baş verən dəhşəti tam mənası ilə kompensasiya eləmək mümkün deyil. Amma heç olmasa, indi işə ədalətli baxsınlar, bəlkə əzizlərimizin ruhu rahatlıq tapar”.