Tənha yaşlı insanlar Ermənistanda necə yaşayır?
Rəsmi məlmata görə, Ermənistanda 463 mindən çox pensiyaçı yaşayır. Pensiyanın orta həcmi 40 477 dramdır (83 dollar). Bir adamın bir aylıq minimum istehlak səbəti 62 330 dram (128 dollar) təşkil edir. Bu durumda tənha pensiyaçıların vəziyyəti xüsusilə ağırdır.
“Dilənəsi deyiləm ki!”
78 yaşlı Anahit Torosyan hər səhər evindən çıxıb 2 kilometrlik yolu piyada gedir ki, gündəlik isti yemək payını alsın. Yeməkxanada nahar edənlərin bir çoxundan fərqli olaraq o, özüylə qab gətirir və payına düşən yeməyi evə aparır.
“Burada yeyə bilmirəm, utanıram. Amma gəlməyə də bilmirəm, çünki bu yeməkxana sayəsində pensiyamdan 10 min dram (20 dollar) qənaət edə bilirəm. Yeməyi evə aparıram, bütün günü mənə yetir”, – tənha pensiyaçı Anahit Torosyan deyir.
• Oğul və ya qız sahibi olmaq daha yaxşıdır?
• Ermənistanda ilk uşağa görə verilən müavinət 6 dəfə artırılır
Sovet vaxtı o, 35 il mağazada satıcı işləyib. Ərinin və oğlunun ölümündən sonra tənha qalıb. Ayda 40 min dram (82 dollar) pensiya və 18 min dram (37 dollar) sosial müavinət alır. Dövlət ona müavinəti tənha, aztəminatlı pensiyaçı kimi ödəyir. Anahitin sözlərinə görə, pensiyanın böyük hissəsi dərmanlara gedir – onun ürəklə bağlı problemləri var, pulun qalanı isə kommunal xərcləri ödəməyə ancaq çatır.
“Müavinət olmasaydı, bilmirəm necə yaşayardım. Mənim heç nəqliyyata da pulum qalmır, ona görə də yeməkxanaya piyada gedirəm. Təsəvvür edirsiz, biz necə dəhşətli vəziyyətdəyik? Pensiyam dolanmağıma yetsəydi, xeyriyyə yeməkxanasına gələrdimmi? Amma məcburam. Dilənəsi deyiləm ki. İstəyərdim ki, dövlət tənha qocaların vəziyyətini yaxşılaşdırsın, biz çox pis yaşayırıq”, – Anahit göz yaşlarını gizlətməyə çalışaraq danışır.
Xeyriyyə yeməkxanaları
Yerevanın kənarında, Nor-Nork icmasındakı xeyriyyə yeməkxanasında 175 nəfər tənha pensiyaçı qidalanır.
Yeməkxananın çörək bişirəni Rita Mikaelyan artıq 22 ildir ki, səhər tezdən oyanıb, pensiyaçılar gələnə qədər xəmir yoğurur:
“Saat 10:30-da açılırıq, amma adamlar saat 10-da gəlib, qapıda gözləyir, buna görə də daha tez açmağa məcbur oluruq. Pensiyaçılar günorta saat 1-ə qədər gəlib yemək yeyirlər – kimə nə vaxt uyğundursa. Deyirlər ki, 30 min dram (61 dollar) minimal pensiya onlara yetmir. Yeməkxana onlara imkan verir ki, yeməyə xərcləyəcəkləri 500-1000 drama (1-2 dollar) qənaət etsinlər”.
Erməni Yardımı Fondunun “Xeyriyyə yeməkxanaları” proqramının https://farusa.org/ rəhbəri Rafik Martirosyan deyir ki, Yerevandakı bu yeməkxanadan başqa daha dörd regionda – Nor Açin, Bürakan, Gümri və Berddə eyni cür yeməkxanalar fəaliyyət göstərir. Həftənin beş günü onlar ümumilikdə bütün ölkə üzrə 800 nəfər tənha pensiyaçıya xidmət göstərir. Artıq 24 ildir ki, bu yeməkxanalara insanların axını seyrəlmir.
“1995-ci ildə, biz yeni açılanda üç il işləməyi planlaşdırmışdıq. Heç kim düşünmürdü ki, vəziyyət pisləşəcək və insanların ehtiyacları artacaq. İnanın, əgər bu insanlar bunsuz yaşaya bilsəydilər, onlar bura gəlməzdilər. Elə pensiyaçılar var ki, artıq uzun illərdir bizə gəlir.
Pensiyaların və sosial müavinətlərin həcmi o dərəcədə artmayıb ki, insanların artıq bura gəlməyə ehtiyacı qalmasın. Miqrasiya da bu məsələyə təsir edib. Çoxlarının uşaqları bir zamanlar ölkəni tərk edib və valideynlər çox vaxt heç onların indi harada olduqlarını da bilmirlər”, – Rafik Martirosyan deyir.
“Pensiyamı alan kimi qaçıram borclarımı ödəməyə”
68 yaşlı Lüsya Şmavonyan payına düşən düyü, kotlet və kələm salatının dadına baxır. Şorbasını isə özüylə gətirdiyi qabda evə aparır. Deyir, ingilis dili müəllimi işləyib, indi isə 32 min dram (65 dollar) pensiya və 18 min dram (37 dollar) müavinətlə dolanır.
“Bura çatmaq üçün altı kilometr yol gəlirəm. Başqa neyləyim? Pul çatmır, ayın başına zorla çıxıram, mağazalara borclu qalıram. Amma məsuliyyətli adamam, hamı bunu bilir. Əgər deyirəmsə, filan vaxt ödəyəcəm, deməli, vəssalam. Pensiyamı alan kimi qaçıram borclarımı ödəməyə. Yalnız bundan sonra rahat yuxuya gedirəm”, – Lüsya Şmavonyan deyir.
Tənha pensiyaçılara evdə qulluq
Əmək və Sosial Məsələlər Nazirliyinin pensiyaçıların işi üzrə şöbəsinin rəisi Anahit Gevorkyan deyir ki, Ermənistanda pensiyaçıların təxminən 10 faizi – 38 min nəfər tənhadır:
“Onların hamısı qulluq və maddi dəstəyə ehtiyac duymur. Real olaraq onların 50 faizinin köməyə ehtiyacı var. Biz 10 min nəfərin tələbatlarını ödəyirik. Dövlət və qeyri-dövlət təşkilatlarının dəstəyi ilə onlara öz xidmətlərimizi təqdim edirik”.
Onun sözlərinə görə, bu insanların sosial müdafiəsi ilə iki növ xidmət məşğul olur:
• evdə tam sutkalıq və
• gündüz qulluğu.
Ermənistanda pensiyaçılar üçün gündüz qulluq göstərən dövlət mərkəzləri yoxdur. Bu cür xidməti qeryi-hökumət ictimai təşkilatları göstərir. “Ermənistan Missiyası”, “Ermənistan Karitas”, Vanadzorun “Yaşlılar evi” fondu, “Ermənistan Qırmızı Xaç Cəmiyyəti” bu cür xeyriyyə təşkilatlarındandır.
Evdə qulluq ictimai təşkilatlarla birlikdə həm də dövlət tərəfindən təmin edilir. Evdə qulluq aşağıdakı komponentləri özündə birləşdirir:
• məişət xidməti,
• sosial psixoloji yardım,
• tibbi yardım,
• hüquqi konsultasiya.
“Ermənistan Missiyası”, “Ermənistan Karitas”, “Ermənistan Qırmızı Xaç Cəmiyyəti” də evdə qulluq xidməti təqdim edir.
“Dövlət 1350 nəfəri evdə qulluqla təmin etmək üçün “Ermənistan Missiyası” təşkilatını maliyyələşdirir və bunun üçün ildə 210 milyon dram (433 min dollar) ayırır. Biz onlara əməkhaqqı veririk, bu da bütün xərclərin böyük hissəsini təşkil edir, onların donorları isə qalan xərcləri ödəyirlər. Bundan başqa biz gündüz mərkəzlərində gündə bir dəfə qida təminatı üçün vəsait də ayırırıq”, – pensiyaçıların işi üzrə şöbənin rəisi Anahid Gevorkyan deyir.
Bununla belə, evdə qulluq məsələsində əsas rolu artıq uzun illərdir ki, pensiyaçılarla işləyən ictimai təşkilatların üzərinə düşür. Təkcə “Ermənistan Missiyası” altı vilayət və paytaxtda 2 min nəfərə yaxın pensiyaçıya və əlilə qulluq göstərir. Qulluq xərcləri dövlət tərəfindən ödənən 1350 nəfər bura daxil deyil.
Pensiyaçılar “de-yure” tənha deyil
“Ermənistan Karitas” hələ 2002-ci ildən tənha, qulluğa və yardıma ehtiyacı olan pensiyaçıların problemləri ilə məşğul olur. Təşkilat dörd şəhərdə – Gümri, Vanadzor, Qavar və Artaşatda 620 pensiyaçıya yardım edir.
“Tənha pensiyaçılara evdə qulluq” proqramının rəhbəri Flora Sarqsyan deyir ki, proqram yalnız şəhərləri əhatə edir. Maliyyə kifayət qədər deyil ki, kəndlərdə də fəaliyyətə başlaya bilsinlər. Hələlik fəaliyyətlərini genişləndirmək üçün vəsait axtarışındadırlar.
“Layihə iştirakçılarının seçimi zamanı biz yaşı 70-dən yuxarı olanlara üstünlük veririk. Yaxınlıqda doğmaları olmayan və evdə qulluğa çox ehtiyac duyan tənha insanları seçirik. Onlar ağır məişət şəraitində yaşayırlar, onların pensiyadan başqa heç bir gəlirləri yoxdur”, – Flora Sarqsyan deyir.
Layihə rəhbərinin sözlərinə görə, yardım etdiklərin insanların əksəriyyəti de-fakto tənhadır. Onların arasında de-yure tənhalar azdır, çünki onların ünvanında ölkədən kənarda yaşayan övladları və ya nəvələri qeydiyyatdadır.
“Şirak vilayəti, xüsusən də Gümri şəhəri miqrasiya səviyyəsinə görə birinci yeri tutur. Biz isə yaşlıları mütəmadi qulluqla təmin edirik. Lazım olanda qrup halında ziyarətlər də edirik. Sosial işçilər gigiyena məsələləri ilə, lazımı ərzaqların alınması ilə, yemək bişirməklə məşğul olurlar.
Əlavə olaraq biz paltar yuyur, hətta təmiz qab-qacaq da gətiririk. Qulluq müxtəlif planlıdır – psixoloji dəstəyə qədər. Qapılarını döyüb, içəri girəndə, onlar bizim gəlişimizə çox sevinirlər”, – Flora Sarqsyan deyir.
Təşkilat himayə etdiyi pensiyaçılara həmçinin
• tibb xidmətləri və informasiya,
• qulluq və tibbi profilaktika haqda konsultasiya,
• sosial dəstək,
• lazımi yardımçı atributlar (əsa, əl ağacı, daşınan unitaz) da təqdim edir.
İnternat evlərini “qruplar üçün evlərlə” əvəzləmək
Bir çox tənha pensiyaçılar internat evlərində yaşayır və burada onlara tam sutkalıq qulluq göstərilir.
Ermənistanda bu cür səkkiz qeyri-dövlət və beş dövlət müəssisəsi mövcuddur. Dövlətin internat evlərində ümumilikdə 1200, ictimailərdə isə 500 nəfər pensiyaçı yaşayır.
Pensiyaçıların işləri üzrə şöbənin rəisi Anahit Gevorkyan deyir ki, dövlət böyük internat evlərindən imtina etmək və tədricən kiçik icma xidmətlərinə keçmək, icmalarda 8-10 nəfərlik qrupların yaşayacağı evlər yaratmaq niyyətindədir:
“Bunu məsələn, “icma-dövlət-ictimai təşkilatlar” əməkdaşlığı və birgə maliyyələşdirməsi çərçivəsində yoluna qoymaq mümkündür – dünyada çox sayda maliyyələşdirmə mexanizmləri var. Burada dövlətin payı azalacaq və bu, dövlət üçün səmərəli olacaq. Üstəlik kiçik evdə onlar ailə kimi yaşaya biləcəklər, onlara göstərilən qulluq isə daha keyfiyyətli olacaq.
Bizim artıq presedentlərimiz var: Spitakda 15, Abovyanda 35 nəfər. Böyük müəssisələrdə bu gün 230-250 nəfər yaşayır. Kiçik müəssisələr həmişə daha səmərəlidir – onlar benefisiarlara daha böyük xeyir verirlər. Bizim məsələnin həlli konsepsiyamız gələcəkdə tam sutkalıq qulluq üçün kiçik icma xidmətləri yaratmaqdan ibarətdir”.