Ermənistanda tələbə nəyə pul verir?
foto ATƏT saytından
Ermənistanda ali təhsil hələ də tələbələrin böyük hissəsi üçün bahalı, çoxları üçün də əlçatmaz olaraq qalır. Tələbələrin ödənişləri hesabına yaşayan ali məktəblər ən pis tələbələrdən belə imtina etmir və bu zaman keyfiyyət deyil, kəmiyyətə işləyirlər.
Yerevan Dövlət Universitetinin Tarix Fakültəsinin tələbəsi 22 yaşlı Aida Marukyan təhsilə ildə 400 min dram ($835) ödəyir. Dörd dərs ili ərzində Aidanın valideynləri 1 milyon 600 min dram ($3340) pul ödəməli olacaqlar. Aida deyir ki, yay tətili zamanı müxtəlif təşkilatlarda işləyir ki, müəllim işləyən valideynləri üçün çox böyük olan bu məbləği ödəməyə kömək etsin:
“Ödəniş yüksəkdir, amma mükəmməl təhsil almırıq. Müəllimlərin ancaq 20-30 faizi həqiqətən də bizə bilik verir. Əksəriyyəti isə skrin edilmiş vərəqələrlə gəlirlər. Bəziləri hətta onları özü oxumağa ərinir və bunu tələbələrə tapşırırlar. Dərs danışırlar, amma özləri də öz danışdıqlarına inanmırlar. Tələbələr mühazirədən kənar sual verəndə ona cavab verə bilmirlər, o dərəcədə savadsızdırlar. Əslində isə bizim fikirlərimizi nəzərə ala, fəal müzakirələr, debatlar, praktiki məşğələlər təşkil edə bilərdilər.
Hələ 2013-cü ildən Ermənistanın 11 ali məktəbində təhsil haqqı 50%-dən çox artıb. Bu il qismən bahalaşma baş verib.
Beynəlxalq tədqiqatlara görə, büdcəsinin 60-70%-dən çoxu təhsil haqqı hesabına formalaşan ali məktəblərin inkişaf perspektivləri olmur. Dövlət tərəfindən maliyyələşdirmə cüzidir – Ermənistanda təhsilə regionun digər ölkələri ilə müqayisədə daha az vəsait ayrılır – cəmi 2,5% ÜDM. 2011-2015-ci illərdə təhsilin inkişafı üzrə dövlət proqramına əsasən, təhsilə 4% ÜDM ayırmaq planlaşdırılırdı, amma 2016-cı ildə cəmi 2,53% ayrılıb.
Təhsil məsələləri üzrə ekspert, Yerevan Dövlət Universitetinin müəllimi Serob Xaçatryan qeyd edir: “Tələbələrin ödənişləri digər mənbələrlə müqayisədə dominantlıq edir, dövlət büdcəsini, müxtəlif ianələri nəzərdə tuturam. Dünyada tanınmış universitetlərin əsas maliyyələşmə mənbəyi məzunların, mesenatların ianələridir. Bəzi Avropa ölkələrində, misal üçün, Skandinaviya ölkələrində, Almaniyada ali təhsil pulsuzdur…
Yerevanda ən çox təhsil haqqı Tibb Universitetinin Müalicə Fakültəsindədir – illik 1,5 milyon dram ($3130). YDU-nun Hüquq Fakültəsində illik təhsil tələbələrə 80 min drama ($1670) başa gəlir. Komitas adına Yerevan Konservatoriyasında təhsil haqqı 700-800 drama ($1460-1670) çatır.
İxtisasca etnoqraf, sosial antropoloq, YDU-nun müəllimi Aqasi Tadevosyan hesab edir ki, Ermənistanda təhsil çox ucuzdur və bu qiymətə təhsilin yüksək səviyyədə aparılmasına ümid etməyə dəyməz – axı hər malın öz qiyməti var:
“Məsələ ondadır ki, bilik almaq iqtidarında olmayan insanların aşağı ödənişlə universitetə qəbul olunmasına nə ehtiyac var? Az pul ödəyən tələbələrin adətən oxumağa qarşı qəribə psixoloji yanaşması olur. Əlbəttə, bu həm də mədəni fenomendir. Elə hallar da olur ki, bu uşaqların valideynləri övladlarının semestr boyu oxumaması və ancaq qiymət alması üçün vasitəçi də tapırlar.
Sual yaranır: bu valideynlər normaldır? Bilik məhsuldur və valideynlər övladlarının onu alması üçün pul ödəyirlər. Ermənistanda isə bir çoxları üçün məhsul bilik deyil, diplomdur. Və hələ ki, məhsul diplom sayılır, insanlar biliyə deyil, diploma pul verirlər. Bilik bahalı, diplom isə daha ucuz məhsuldur.
YDU-nun tələbəsi, 20 yaşlı Veronika Sarqsyan hesab edir ki, əksər tələbə yoldaşları universitetə diplom almaq üçün qəbul olublar, bu dəbdir: “Diplom hamıya sənin ağıllı olduğunu göstərməlidir. Bizim kursda 18 nəfər var, bunlardan cəmi 4 nəfəri oxuyur. Qalanları universitetdə vaxt keçirir, bəziləri ümumiyyətlə dərsə gəlmir.
Ermənistanda ali məktəblər “keyfiyyətsiz tələbələrdən imtina etmir. Tələbələri kütləvi şəkildə qovmağa başlasalar, kəmiyyətdə itirəcəklər, bu da maliyyə itkisi deməkdir.
“Obyektivliyə qalsa, tələbələrin 30%-ni qovmaq lazımdır. Onsuz da universitetlərin maliyyələşmə ilə çox ciddi problemləri var: maaşları qaldıra, digər məsələləri həll edə bilmirlər. Düşünürəm ki, universitetlərin zəmanəti olsaydı, onlar səhlənkar tələbələri qovardı, bir neçə il sonra isə onların tələbələri qovmayan ali məktəblərlə müqayisədə daha çox abituriyenti olardı.
Amma həmin universitet də əvvəlcə bir neçə il ərzində sərbəst şəkildə ayaqda qalmalı olacaq ki, tələbələr təhsilini başa vurub, hamıya danışa bilsinlər ki, universitetləri o qədər yaxşı idi ki, dərsdən geri qalan tələbələrə dözmürdü, onlara isə yaxşı təhsil verib, onlar da varlanandan sonra doğma universitetlərinə kömək edəcəklər, çünki yaxşı təhsillərinə görə ona borcludurlar, – Serob Xaçatryan izah edir.
Yerevan Dövlət Teatr və Kino İnstitutunun Animasiya Rejissorluğu Fakültəsinin tələbəsi Tatev Zakaryan deyir ki, onun fakültəsində təhsil haqqı ildə 600 min dramdır ($1250), amma institut onun gözləntilərini doğrulmur: “Ən çox da dar ixtisas fənlərinin tədrisindən narazıyam. Müəllimlərimiz köhnə məktəbin nümayəndələridir və tədris etdikləri texnologiyalar geridə qalıb. Dünya tərəqqi edib, kino inkişafdadır, biz isə hələ daş dövründə yaşayırıq.
Tatevin anası, müəllimə olan Nelli Xaçatryan hesablayıb ki, təhsil haqqını aylara bölsək, 60 min dram ($125) alınır, onun maaşı isə 70 min dram ($146) təşkil edir, dörd illik təhsilə görə ailə $5010 ödəməli olacaq:
“Birinci kurs tələbələrindən təhsilhaqqının bir hissəsini sentyabrın 15-nə qədər, ikinci hissəsini yanvarın 15-nə qədər ödəməyi tələb edirlər. Mən artıq panikadayam ki, necə ödəyəcəyik. Amma artıq anlamışıq ki, bu pula biz sadəcə diplom alacağıq. Evimizdə bu sahənin mütəxəssisi olmasaydı, qızımız ümumiyyətlə heç nə öyrənməzdi.
Aqasi Tadevosyan qeyd edir ki, yaxşı təhsil almaqda maraqlı olan tələbələr var, onlar da müəllimlərdən daha yüksək keyfiyyətli biliklər tələb edir: “Bəzi müəllimlər bilik verir, bəziləri isə yox. Bunu bacaranlar öz üzərində işləməlidir: bir yaxşı mühazirəni hazırlamaq üçün bir-iki gün işləmək lazımdır. Amma buna pul tələb olunur, axı mən öz vaxtımı sərf edirəm. Məndə də bir çox başqa insanlarda olduğu kimi sual yaranır: niyə mən ayda 65 min drama ($135) bu qədər işləməliyəm.
Özəl mühazirələrə görə mənə universitetdə bir ay müəllimlik etməyimdən xeyli daha çox pul verirlər. Onda niyə mən bu tələbələrə eyni keyfiyyətdə dərs keçməliyəm? Bu məsələyə rasional yanaşsaq, bunu etməməliyəm. Amma mənim irrasional yanaşmam da var. Düşünürəm ki, bax bu yaxşı tələbədir… Onu öyrətməmək olar? Nəticədə mən əziyyət çəkirəm, vaxtımı itirirəm.
Serob Xaçatryanın sözlərinə görə, hazırda təhsil sistemini Avropa standartlarına uyğunlaşdıran yeni qanun layihəsi işlənib hazırlanır.
Bu gün tədris səviyyəsinə görə Ermənistanda Amerika Universiteti, Fransa Universiteti və Slavyan Universitetinin xüsusi nüfuzu var. Burada təhsil haqqı ölkənin dövlət universitetləri ilə müqayisədə iki-üç dəfə bahadır, amma bu universitetlərdə tələbə qıtlığı olmur.
“Amerika universitetində bakalavriata 700 abituriyent sənəd verir və cəmi 400 nəfər qəbul olunur. Amma 700 nəfər də bu pulu ödəməyə hazırdır, – Serob Xaçatryan deyir və qeyd edir ki, ali təhsil sahəsində islahatlara artıq böyük ehtiyac yaranıb.