Ölüm tarixçəsi. Azərbaycanda təcili yardım gəlmədiyi üçün qadın vəfat edib “İlk çağırışdan 15 saat 7 dəqiqə keçib”
Bakılı Viktor Şapoşnikov bu hekayəni Facebook-da paylaşıb Şərhlərdə o soruşur ki, burada cinayət tərkibi varmı? Ona dərhal cavab veriblər ki, bu, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsi – xəstəyə yardım göstərməmək – ilə nəzərdə tutulan cinayətdir.
“Qayınanamda əməliyyat oluna bilməyən meningioma [beyni əhatə edən toxumaların şişi – red.] vardı, vəziyyəti bu və ya digər dərəcədə stabil idi. Çərşənbə günü axşama doğru vəziyyəti pisləşdi.
4 iyun
Cümə axşamı səhər məlum oldu ki, təcili yardım çağırmaq lazımdır, qadın artıq nəqliyyatla aparılacaq vəziyyətdə deyildi və özümüzün harasa getməyimiz mümkün deyildi.
Təcili yardım gəldi. Onlar biləndə ki, qadının azca (həmin vaxt 37,2 idi) temperaturu var (beyində şiş olanda temperatur qalxır), adi təcili yardım sadəcə çevrilib getdi və bildirdilər ki, COVID komandası çağırmaq lazımdır.
Çağırdıq, gəldilər, sadəcə analiz götürdülər. Dedilər ki, bizim özümüz rayon poliklinikasına getməliyik, göndəriş almalıyıq, yenidən təcili yardım çağırmalıyıq və (özümüz) bizi qəbul edəcək xəstəxana tapmağa çalışmalıyıq, təcili yardım isə aparacaq.
Poliklinikaya getdik, həkimlərin indi evlərə getmədiyini deyib bizi geri çevirdilər, bunsuz isə heç kim göndəriş verməyəcək. Dedilər ki, biz yenə də təcili yardıma zəng edək, poliklinika yox, onlar belə vəziyyətlərdə reaksiya verməlidirlər.
Yenidən təcili yardıma zəng vurmağa başladıq, onlar heç cürə briqada göndərmək istəmirdilər, amma yenə də göndərdilər, məncə, mən onlarla artıq söz savaşına başlamışdım, xatırlamıram artıq.
Təcili yardım gəldi, artıq cümə axşamı günortaya yaxın idi. Temperatur 38-dən yuxarı qalxmışdı, bədəninin ciddi su itirdiyi bəlli idi, xəstə su içə və yemək yeyə bilmirdi.
Təcili yardım dedi ki, onlar heç nə edə bilməzlər, analiz olmadan onu heç yana apara bilməzlər, hətta aparsalar belə, heç yanda qəbul etməyəcəklər. Təcili yardım bundan sonra temperaturu salmaq üçün analqin-dimedrol resepti yazdı, bizim tələbimizlə özləri belə bir iynə burub, getdilər.
Tanış həkim gəldi, sistem qoşmağa kömək etdi. Bir az yaxşılaşdı.
Səhərə qədər COVID analizinin cavabını gözlədik.
5 iyun
Cümə günü səhər anladıq ki, sadəcə oturub gözləmək olmaz və yenə də təcili yardıma zəng vurmağa başladıq. İlk çağırış səhər 11:17-də oldu.
Çağırışı qəbul etdilər, dedilər ki, qızdırması olduğu üçün yenə də covid briqadası göndərməlidirlər, amma heç kim gəlmədi. Hər yarım-bir saatdan bir yenə zəng vururdum, onlar elə hey deyirdilər ki, çağırış qəbul olunub, gözləyin, gəlməlidirlər.
Bütün günü biz özümüz tanış həkimin göstərişləri ilə onu nə cürsə müalicə eləməyə çalışırdıq, amma heç temperaturunu da aşağı sala bilmirdik.
Gün ərzində altı, ya da yeddi dəfə təcili yardım çağırdıq.
Axşama doğru tanışlar vasitəsilə bir həkim də tapdıq, o da simptomlara görə dərmanlar yazdı.
Hə, bütün bu müddət ərzində klinikalarla da danışmağa çalışırdıq, amma onlar dövlət xəstəxanalarından fərqli olaraq belə xəstələri qəbul etməyə borclu deyillər.
Cümə günü axşama doğru aptekləri gəzirdim (bütün bu günlər ərzində olduğu kimi), yeni dərmanlar aldım, amma evə gələndə hər halından bəlli idi ki, artıq gecdir.
6 iyun
İyunun 6-da gecə 2:24-də qayınanam vəfat etdi. Cümə günü səhər ilk dəfə təcili yardım çağırdığımız vaxtdan 15 saat 7 dəqiqə keçmişdi.
Ölümü təsdiqləmək üçün təcili yardım çağırdım, mənə dedilər ki, “Allah rəhmət eləsin, siz bu gün çağırmışdız da, hə? Sizə elə də gəlib çıxmadılar?”.
Ölüm təsbiti üçün təcili yardım çağırılandan 40-50 dəqiqə sonra gəldi.
Analiz verəndən 3 gün yarım, ölümündən isə gün yarım sonra COVID testinin neqativ nəticəsini aldıq.