“Sərhədi keçəndən sonra Laçın dəhlizi başlayır”. Bakıdan şərh
Azərbaycanda Qarabağdakı hadisələri şərh edirlər
Azərbaycanda martın 5-də bazar günü Qarabağda baş verən hadisələri şərh edirlər. Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri ilə Ermənistan hərbi birləşmələri arasında baş verən qarşıdurma nəticəsində Laçın dəhlizinə alternativ yollardan birində ölən və yaralananlar var. Azərbaycanlı ekspertlərin fikrincə, rəsmi Bakı Ermənistanla sərhəddə keçid məntəqəsi yaratmalıdır. Siyasi icmalçı Hacı Namazov qeyd edib ki, “Yalnız Ermənistanla sərhədi bağlamaqla Bakı Ermənistanla Azərbaycan ərazisindəki qanunsuz dəstələr arasında bütün qanunsuz silah dövriyyəsini dayandıra bilər”.
- “Prosesin başlaması ümidvericidir”. Bakıdan şərh
- Bir insan həyatında iki müharibə
- Bakı ilə Qarabağ erməniləri arasında rəsmi təmaslar başlayıb
“Separatçılar tərksilah edilməlidirlər”
“Atlas” Analitik Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya hərbi komendantlığının vasitəçiliyi ilə Qarabağ erməniləri ilə təmaslardan nəticə çıxarmaq çox erkən idi.
“Azərbaycan ordusu İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla təmas xəttində döyüşdü, strateji yüksəklikləri ələ keçirdi. Bu İrəvanın təxribatlarına cavab idi. Atəş Azərbaycan ərazisində – Qarabağda açılırsa, təxribatın miqyasının böyük olduğunu düşünürəm. Separatçılar Rusiya hərbçilərinə güvənərək Azərbaycan hərbçilərinə qarşı təxribat törətməyə cəsarətlənirlər”, – politoloq qeyd edib.
Onun fikrincə, ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın hədəfləri dəyişməyib:
“Bu hədəfləri bir neçə bəndlə təsvir etmək olar:
- Separatçılar tərksilah olunmalıdırlar;
- Ermənistanla Qarabağ separatçıları arasında hərbi bağlantı mütləq kəsilməlidir, bunun üçün Laçın yolunun qurtaracağında sərhəd və gömrük postu yaradılmalıdır;
- Rusiya hərbiçlərinin 2 ildən sonra bölgəni tərkini təmin etməliyik.
Ancaq hadisələrin gedişatı göstərir ki, hədəflərimizi yaxın gələcəyə saxlaya bilmərik. Bu il Laçın məskunlaşmalıdır, Şuşaya da tədricən köçürülmə başlanacaq.
Yaxın tarixin səhvlərini təkrarlaya bilmərik. Qarabağda və və Şərqi Zəngəzurda yaşayacaq soydaşlarımızın təhlükəsizliyi təmin olunmalıdır. Bunun üçün soydaşlarımıza təhlükə yarada biləcək bütün ünsürlər neytrallaşdırılmalıdır”, – Şahinoğlu vurğulayıb.
O, həmçinin qeyd edib ki, Azərbaycanın Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin dünənki bəyanatlarında Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin yaradılmasının zəruriliyi ilə bağlı bənd var:
“Göründüyü kimi, cəmiyyətdə olduğu kimi Azərbaycanın dövlət qurumlarında da Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması məsələsində fərqli düşünən yoxdur. Laçın yolundakı rus hərbçilərinin rentgen aparatıyla təhciz olunması mənasız və faydasızdır. Rentgen aparatına və oradan keçirilən əşyalara biz nəzarət etməyəcəyiksə, hərbi sursat və minalar yenə separatçılara çatdırılacaq. Öz vətənimizdə, öz sərhəddimizdə və öz yolumuzda nəzarət bizə məxsus olmalıdır!”
Keçid məntəqəsi ilə bağlı tezislərin rəsmi açıqlamalarda təkrarlanması onu deməyə əsas verir ki, belə bir qərar artıq rəsmi Bakı tərəfindən verilib və yaxın vaxtlarda belə bir bənd ortaya çıxacaq.
Təbii ki, bu asan iş deyil. Bir tərəfdən məsələnin hərbi-texniki tərəfini həll etmək, digər tərəfdən isə Rusiya sülhməramlı kontingenti ilə toqquşmadan qaçmaq lazımdır”.
“Bizim daxili qanunlarımız, Konstitusiyamız yoxdur?”
Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli martın 5-də Qarabağda baş verənlərə münasibət bildirib və Azərbaycanın atmalı olduğu addımları sadalayıb:
“Birincisi, Ermənistanın və qondarma rejimin aylardır ağlaşma qurduqları Xankəndinin “blokadası” nağılları yalandır, çoxsaylı alternativ yollar var və qarşı tərəf Rusiya “sülhməramlılarının” birbaşa təşkili və iştirakı ilə o yollardan istifadə edir.
İkincisi, Lavrovun həyasızcasına, “10 noyabr sazişində sərhəd-keçid məntəqələri məsələsi nəzərdə tutulmayıb”, deməsinə fikir vermədən, mütləq SKM qurulmalıdır.
Azərbaycan, bəyəm 10 noyabr sazişi ilə idarə olunur?! Daxili qanunlarımız, Konstitusiyamız yoxdur?! Konstitusiyamızda sərhədlərin qorunması üçün olan tələblər Parlament tərəfindən təsdiq olunmamış 10 noyabr kağızına görə yerinə yetirilməməlidir?! Sazişdə nə yoxdursa, Azərbaycan qanunlarına və Konstitusiyasına görə tənzimlənməlidir,
Üçüncüsü, Rusiya “sülhməramlıları” öz vəzifə borclarını yerinə yetirməyərək, ancaq və ancaq qondarma rejimi qoruyub-bəsləməklə məşğuldular, ona görə də, Milli Məclisin gündəliyinə Azərbaycan ərazisindən “rusməramlıların” dərhal çıxarılması ilə bağlı müzakirə salınmalıdır.
Kreml yumşaq dil anlayan deyil, mütləq Parlament belə bir qanun qəbul etməli, prezidentin istənilən qanunu imzalamaq üçün Konstitusiyaya görə 2 aya yaxın zamanı olduğunu nəzərə alaraq, bu 2 ay ərzində ya Rusiya öz öhdəliklərini yerinə yetirməlidir (bu zaman prezident veto hüquqndan istifadə edə bilər), əgər yerinə yetirməsə, məsələn, Azərbaycan dövlət orqanlarının Xocalıya dönüşünü təmin etməsə, sərhəddə SKM-nin yaradılmasına mane olsa, Xankəndidə yaşayan erməni əsilli azərbaycanlılarla icmalararası təmaslara maneçilik törətsə, dərhal qanun imzalanmalı, “rusməramlıların” ölkədən çıxarılması proseduruna başlanılmalıdır”.
“Sərhədi keçəndən sonra Laçın dəhlizi başlayır”
Siyasi icmalçı Hacı Namazovun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın dövlət sərhədlərinin mühafizəsi məsələsinə heç bir aidiyyəti yoxdur:
“Üçtərəfli bəyanat yalnız Laçın dəhlizinə aiddir. Bu dəhliz Ermənistan-Azərbaycan sərhədini keçdikdən sonra başlayır və tam olaraq Azərbaycan ərazisinə aiddir. Bu, Rusiya sülhməramlılarının niyə eksklüziv olaraq Azərbaycanda xidmət etmələrini izah edir.
Yəni Laçın dəhlizi Azərbaycanın dövlət sərhədinin mühafizəsinə mane olmur və mane olmamalıdır. Siz Ermənistanla Azərbaycan arasındakı sərhədi keçirsiz və bu bədnam dəhlizə düşürsüz.
Lavrovun Laçın yolundakı keçid məntəqəsinin 10 noyabr bəyanatında nəzərdə tutulmadığına dair şərtlərinin heç birinin hüquqi əsası yoxdur. Azərbaycan Laçın yolunda yox, sərhəddə keçid məntəqəsi yaratmalıdır.
Azərbaycanlı ekspertlər uzun müddətdir ki, Laçın dəhlizinin müxtəlif nöqtələrini Qarabağın ermənilərin sıx məskunlaşdığı hissəsi ilə birləşdirən alternativ yolların mövcudluğundan danışırdılar. Bakı yalnız Ermənistanla sərhədi bağlamaqla Ermənistan və Azərbaycan ərazisində qeyri-qanuni dəstələr arasında silah-sursatın qanunsuz dövriyyəsini tam dayandıra bilər”.