Sərhəd problemi: Azərbaycan Ermənistana ikitərəfli müzakirələrə başlamağı təklif etdi
Azərbaycan Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edib. Bunu ölkənin xarici işlər naziri Ceyhun Bayramov dilə gətirib. Onun sözlərinə görə, Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir. Buna baxmayaraq, son vaxtlar iki ölkənin hələ də müəyyənləşdirilməmiş sərhədində kiçik münaqişələr baş verməkdədir və bununla bağlı müxtəlif fikirlər səslənir.
- Oturaq etiraz aksiyası: erməni əsirlərin doğmaları onların Bakıdan qaytarılmasını tələb edilər
- Qarabağ münaqişəsi və Ermənistanın yeni parlamenti: Bakıdan baxış
- Azərbaycanlı deputat “Zəngəzur dəhlizi”ni icarəyə götürməyi təklif edib
Azərbaycandan Ermənistana təklif
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı deyib ki, bölgədə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi üçün yaxşı qonşuluq münasibətlərinin qurulmasının alternativi yoxdur:
“Hər iki tərəfin liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın ardıcıl həyata keçirilməsi yolu ilə bu cür münasibətləri qurmaq üçün misilsiz bir şans var”.
“Ermənistana sərhəd delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif edirik. Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir”, – XİN başçısı əlavə edib.
“Təhlükəsizlik zonası” arzusu
Yaxın günlərdə Ermənistanın Sünik vilayəti ilə həmsərhəd bölgədə azərbaycanlı sərhədçilərin iştirakı ilə baş vermiş xırda münaqişədən sonra Ermənistanın ombudsmanı Arman Tatoyan bildirmişdi ki, iki ölkə arasında “təhlükəsizlik zonası”na ehtiyac var.
Ermənistanın insan hüquqları üzrə müvəkkili bunu azərbaycanlı hərbçilərin “yerli sakinlərə ot yığmağa imkan verməməsi” ilə əsaslandırıb.
Azərbaycanlı politoloq Aqşin Hüseynov hesab edir ki, sərhədlərin müəyyənləşdirilməsi “təhlükəsizlik zonası” ehtiyacını lüzumsuz edir:
“Ermənistanın insan hüquqları müvəkkilinin sözlərindən belə çıxır ki, həmin ərazidə erməni hərbçiləri yoxdur, yəni yerli sakinlər Azərbaycan sərhədçiləri ilə birbaşa təmasdadır. Bu zaman Tatoyan birinci növbədə öz hakimiyyətinə müraciət etməlidir ki, ölkənin sərhədlərini sərhədçilər, yaxud hər hansı ordu birləşmələri qorusun.
Azərbaycanın bir neçə ölkə ilə dövlət sərhədi var və əslində, hər iki tərəfdən sərhədçilərin durması və onların arasında müəyyən neytral zonanın mövcudluğu imkan yaradır ki, hər hansı təhlükəsizlik zonasına ehtiyac qalmasın.
Bu mənada istər-istəməz yada Dağlıq Qarabağın azad olunmasına qədərki dövrdə həmin bölgənin ətraf rayonlarının “təhlükəsizlik zolağı” adı ilə işğal altında saxlanılması düşür. Bunu bir növ “nostalgiya” da adlandırmaq olar”.
Azərbaycan sərhədçiləri ilə üzbəüz kim dayanacaq?
Ermənistan tərəfi bir neçə dəfə ölkənin Azərbaycanla sərhədlərini rusiyalı sərhədçilərin qoruyacağını bildirib və bu istiqamətdə danışıqların aparıldığı da bəyan edilib.
Bunu şərh edən “Atlas” araşdırmalar mərkəzinin siyasi şərhçisi Samir Hümbətov deyir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Mqer Qriqoryanın rusiyalı sərhədçilərin Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədinin Ermənistan tərəfində xidmət edəcəyi ilə bağlı açıqlaması oradakı parlament seçkilərindən dərhal sonra səsləndirilib.
“Bu onu göstərir ki, Rusiya Ermənistan üzərində təsir qüvvəsini saxlamaqdadır.
Şəxsən mən belə fikirləşirəm ki, Rusiya sərhədçiləri Azərbaycanla sərhəddə xidmətə başlayandan sonra həmin postları erməni sərhədçilərinə təhvil verməyəcəklər. Bu ssenarinin baş tutacağını güman etmirəm.
O ki qaldı delimitasiya və demarkasiya prosesinə, 1992-ci ildə Azərbaycan və Ermənistan BMT-yə daxil olarkən dövlət sərhədləri konkret olaraq müəyyənləşib və bu, beynəlxalq birlik tərəfindən tanınıb.
Rusiyanın bu məsələdə fəallaşmasının yeganə səbəbi Nikol Paşinyanın seçkilərdən əvvəl ATƏT-in və Qərb dövlətlərinin sərhədin qorunmasında iştirakına çağırışlarıdır. Bu mənada Rusiya Ermənistandan qorxur və onu itirməmək üçün əlindən gələni edir”, – S.Hümbətov qeyd edib.
Delimitasiya prosesi niyə uzanır?
Politoloq Əli Hacızadənin fikrincə, Ermənistan “gec-tez delimitasiya ilə bağlı prosesdə işçi qrup yaradacaq”.
“Əgər yaratmasa, Azərbaycan təkbaşına, birtərəfli olaraq delimitasiya və demarkasiyanı həyata keçirəcək və Ermənistan yaranmış de-fakto sərhədlərlə barışmalı olacaq”, – politoloq bildirib.
Onun sözlərinə görə, Ermənistan bu prosesi uzatmaqda maraqlıdır:
“Paşinyan uzunmüddətli maraqları fikirləşmir və məsələlərə kütlənin baxışını dilə gətirir. O, müəyyən dərəcədə sərhəddə gərginlik olmasında maraqlıdır. Çünki Paşinyan gərginlik olduğu müddətdə hansısa delimitasiya və demarkasiyadan söhbət gedə bilməyəcəyini deyəcək.
Bu, üsullarla onlar prosesi maksimal dərəcədə uzatmaq istəyirlər ki, bəlkə sonra bəxtləri açıla. Hətta onların öndə gedən siyasi liderləri də “bir az gözləyək, sonra yaxşı olacaq” fikrindədirlər”.
İlham Əliyev sərhədlər və sülh müqaviləsi haqqında
İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümü münasibətilə çıxışında prezident İlham Əliyev də sərhədlərin müəyyənləşdirilməsi məsələsinə toxunub.
“Mən bunu dəfələrlə demişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Ermənistan da bunu belə qəbul etməlidir və bizimlə sərhədlərin müəyyən edilməsi istiqamətində iş aparmalıdır. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Biz bunu bəyan edirik”, – İlham Əliyev deyib.