Şərh: Gürcüstana nə üçün “Javelin” verirlər?
Amerikanın tank əleyhinə raketləri siyasi kontekstdə
2008-ci il avqust hadisələrindən sonra Gürcüstana məxfi şəkildə hərbi embarqo qoyuldu. Qərbdə Tbilisini müharibənin başlanmasında qismən də olsa günahkar hesab edirdilər və hətta o vaxtkı hökumətlə münasibətlərdən qaçmağa başladılar. Buna Rusiya tərəfindən elan olunmuş və digər şeylərdən əlavə regionda müharibədən sonrakı status-kvonun saxlanması üçün Gürcüstanın hərbi-siyasi dəstəyini dondurmağı nəzərdə tutan yenidən yüklənmə siyasəti əlavə olundu.
O vaxtkı Gürcüstan rəhbərliyi daxili resursları maksimum səfərbər edib, öz hərbi istehsalını inkişaf etdirməyi başlamağa məcbur oldu. Bu yöndə əldə olunmuş müəyyən uğurlara baxmayaraq (məsələn, piyadalar üçün hərbi maşın yaradıldı), məxfi embarqo böyük problemlər gətirdi, çünki ölkə hava hücumundan müdafiə və tank əleyhinə vasitələr istehsal etmirdi.
Barak Obamanın prezidentliyi dövründə Gürcüstan üçün hava hücumundan və tank əleyhinə müdafiə vasitələri obrazlı desək Rubikonun o tayındaydı. Belə vəziyyətin tək Gürcüstan amili ilə bağlı olmadığı aydındır. Obama administrasiyası sanki Ukrayna və ya Suriyada qəti addımlardan mümkün qədər qaçırdı. Düzdür, Krımın ilhaqı və Donbasda müharibənin başlaması Rusiyanı o dərəcədə gözdən saldı ki, Gürcüstanın üstündən 2008-ci il müharibəsinin başlanmasına görə ittiham tamamilə götürüldü. Amma Tbilisi üçün silah alışı yenə də mümkünsüz bir şey olaraq qalırdı.
Əlbəttə Vaşinqtonda “Javelin”in satışı ilə bağlı qərar birdən-birə qəbul olunmadı. Rubikonun keçilməsi bir sıra amillərlə bağlıydı. İlk növbədə bu, Rusiyanın ABŞ-dakı prezident seçkilərinə açıq-aşkar qarışmasıdır. Vaşinqton çox mürəkkəb və ağır siyasi qüvvədir, onu hərəkətə təhrik etmək çətindir, amma yerindən tərpənsə onu artıq saxlamaq mümkün olmayacaq. İndi o, yerindən tərpənib və məhz Rusiyaya cavab vermək üçün yerindən tərpənib. Yeni, yeni sanksiyalar, Gürcüstanda birgə hərbi təlimlər, “Javelinlər” – Moskvanın müstəsna həyasızlığı olmasaydı, bütün bunlar da olmaya bilərdi.
Rusiyada əslində Amerika seçkilərinə gizli müdaxiləyə görə, Donald Trampın qələbəsi münasibətilə şampan butulkasının açılmasına görə peşmançılıq hissi keçirməlidirlər (covert actions – dövlətə qarşı onun siyasi və ya iqtisadi sistemində sabitliyin pozulması üçün, dezinformasiya və “qara təbliğat” əməliyyatı, təxribatlar və s. belə adlanır). Amerika oyandı və olan oldu.
Bundan əlavə “Javelin”in verilməsi o deməkdir ki, Amerika Gürcüstanı bu cür silahı etibar edə biləcəyi ciddi və məsuliyyətli bir oyunçu kimi qəbul edir – bu silah ən vacib məqamlarda istifadə ediləcək və üçüncü tərəfin əlinə keçməyəcək. “Javelin”lərin verilməsi təbii ki, Gürcüstanın hərbi bölmələrinə amerikalı təlimçilərin gəlməsi ilə müşayiət olunacaq, bu da öz növbəsində ABŞ və Gürcüstan arasında hərbi-siyasi münasibətlərin dərinləşməsi və möhkəmləndirilməsinə gətirib çıxaracaq.
“Javelinlər” hərbi aspektdə
Bu cür silahın verilməsinə Moskva reaksiya verməyə bilməz. Rusiya regionda Amerikanın təsirini azaltmağa çalışır, həm də Gürcüstanı mümkün qədər köməksiz görmək istəyir ki, bu da ona şantajını daha rahat həyata keçirmək və öz siyasi iradəsini diktə etmək imkanı verəcək. Moskvanı qıcıqlandıra biləcək başqa səbəblər yoxdur – hamı gözəl başa düşür ki, Gürcüstanın Rusiyaya hücum etmək, eyni zamanda itirdiyi torpaqları güclə qaytarmaq niyyəti yoxdur.
Gürcüstanın Rusiyaya hücumu o qədər absurd səslənir ki, bu haqda danışmağa belə dəyməz, amma axı 2008-ci ildə Rusiya məhz bunu bəyan etdi, daha doğrusu, sübut etməyə çalışdı ki, Gürcüstan ordusu Rusiya sülhməramlılarının mövqelərinə hücum edib. Sonradan bu ittihamı Aİ tərəfindən yaradılmış xüsusi komissiya (“Talyavini” qrupu) təsdiq etmədi, buna baxmayaraq, Moskva hələ uzun müddət bunu təkrar etdi və haqlı olduğuna ən azı əhalisinin bir hissəsini inandırdı.
Bir sözlə “Javelinlər” müdafiə silahıdır, bu da Moskvaya aqressiya göstərmək üçün heç bir legitim əsas və bəhanə vermir. Eyni zamanda Moskva üçün legitimliyin o qədər də vacib zərurət olmadığı hamıya məlumdur – Putin Rusiyası ödəməyə məcbur olduğu siyasi bədələ baxmayaraq, öz gücünü nümayiş etdirməkdən çəkinmir. Bunu hiss edən Tbilisi Rusiya ilə münasibətdə maksimal dərəcədə ehtiyatlı davranır və “Rusiyanı qıcıqlandırmamaq” prinsipini o qədər üstün tutur ki, bəzən bu cür siyasət gülünc görünə bilir.
Amma deyəsən bu davranış yönü yenidən nəzərdən keçirilib. Görünür, ilk növbədə də ona görə ki, Tbilisi ABŞ-dan daha böyük dəstək hiss etməyə başlayıb. İkincisi də çox güman ki, “Javelinlər”lə silahlanmış Gürcüstan ordusu ilə Rusiya daha ehtiyatla davranmalı olacaq. Güclərin balansı bizim üçün “rus ayısını qıcıqlandırma” siyasətindən xeyli daha etibarlı amildir.
Aydındır ki, hətta “Javelinlər”lə də Gürcüstan Rusiyanın silahlı qüvvələrinin öhdəsindən gələ bilməyəcək, amma elə bir zərər yetirə bilər ki, Rusiyanın yeni təcavüzü onun özünə belə hərbi nöqteyi-nəzərdən mənasız görünə bilər. Siyasi məqama gəlincə, bu, Rusiya üçün o qədər də ağır bədəl olmaya da bilər, çünki üzərinə artıq sanksiyalar qoyulub, Qərb tərəfindən onu çökdürə biləcək yeni sanksiyaların tətbiqi isə heç də real görünmür.
Bundan əlavə, tarix Rusiyaya nəyisə öyrədə bilibsə, bu, ilk növbədə, Rusiyanın özündən güclü və layiq rəqibə hörmət etməsidir. Gürcüstan əslində Rusiyanın düşməni olmaq istəmir. Hətta ərazilərinin bir hissəsinin Rusiya qoşunları tərəfindən işğal olunmasına rəğmən, Gürcüstan bu şəraitdə mümkün qədər çevik və dostluq siyasəti yürüdür – Rusiya milyonlarla turist qəbul edir və Rusiya sərmayələri üçün açıq olaraq qalır. Amma bütün bunlar o demək deyil ki, Gürcüstan işğalla barışıb və təhlükə vəziyyətində özünü qorumaq istəməyəcək.
Tornike Şaraşenidze, Gürcüstan İctimai İşlər İnstitutunun (GIPA) professoru
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır