Sxinvalın qocalar və əlillər evində konfeti hamı sevir
Sxinvalın qocalar və əlillər pansionatında ən sevimli bayram Yeni ildir. Dekabr və yanvar aylarında onları daha tez-tez yada salır, çoxlu konfet və hədiyyələr gətirirlər.
“Bizim himayəmizdə 19 nəfər var, hamısı da konfeti uşaq kimi sevir”, – pansionatın direktoru Çermen Tebloyev deyir.
Çermen Tebloyev 20 ilə yaxındır ki, pansionatın direktoru işləyir. Bu Qocalar Evini isə 1980-ci illərdə, SSRİ dövründə açıblar. O vaxt burada 160-dan çox adam yaşayırdı və bina üçmərtəbəliydi. 1992-ci ildə burada yanğın baş verib, evin 7 yaşlı sakini ölüb. Binanın ancaq birinci mərtəbəsini xilas etmək mümkün olub, o vaxtdan da hamı ora sığınıb.
Əvvəllər birinci mərtəbə yaşayış üçün nəzərdə tutulmayıb. Tədricən istilik sistemi çəkilib, ümumi tualetlər təmir olunub. Televizor, foyedə divan, beton döşəmənin üstündə böyük xalı var. Otaqlar böyük deyil, hər birində çarpayı, dolab və tumba əvəzi taburet var.
Xeyriyyə fondlarından biri pansionata yeni il hədiyyələri gətirib – konfet və banan, hərəyə iki banan çatacaq. Onları da nahar vaxtı paylayacaqlar. Düzdür, Çermenin sözlərinə görə, ancaq 14 nəfəri sevindirə biləcəklər, qalan 5 nəfər ağır, yer xəstəsidir, iştahaları da yoxdur.
“Məktəblilər gəlmişdi, oxudular, oynadılar, əl işləri, açıqcalar, meyvə gətirdilər. Qocalarımız çox sevinirdi, onlarla rəqs də elədilər. Böyük hədiyyələr də olur, məsələn, soyuducu, televizor”, – Çermen danışır.
Qocalar və əlillər üçün pansionat büdcədən maliyyələşir və ildə 4 milyon rubla yaxın [təxminən 71, 000$] vəsait alır, bu puldan ərzaq, dərmanlar, 23 nəfər əməkdaşın maaşı ödənilir. Bundan əlavə, pansionatın hesabına yaşayanların pensiyaları köçürülür.
“Pensiyalarının bir hissəsini – 25 faizini cib xərcliyi kimi alırlar. Qalan məbləğə lazım olarsa onlara paltar, əlavə dərmanlar alınır, amma biz bu pulları ancaq səhiyyə nazirinin xüsusi qərarı ilə xərcləyə bilərik”, – pansionatın direktoru deyir.
Burada əsasən uşağı olmayanlar yaşayır. Amma elələri də var ki, övladları onlara qulluq etmək istəmir ya da edə bilmir.
“Babutsa Qobozovamız varıydı. Qızları burada, şəhərdə, biri lap yaxında, pansionatla üzbəüz yaşayırdı. Həmişə də qocaların pensiyalarının 25 faizi verilən vaxt gəlirdilər. Bir gün Qobozovanın yeni yataq üzü dəsti itmişdi, biz hamıya paylamışdıq. Uzun müddət araşdırsaq da bir nəticəsi olmadı. Bir gün iş otağımın pəncərəsindən baxanda görürəm ki, onun qızının eyvanında həmin itən yataq ağı asılıb”, – Çermen danışır.
Qocalar evində ölüm adi hadisədir. Çermen Tebloyev deyir ki, adətən qocaları özləri dəfn edirlər, qohumlar nadir hallarda onları aparır.
“Biz tabut sifariş edir, yas mərasimləri keçiririk, yerli qəbiristanlıqda dəfn edirik. Məzarın üstündən taxtadan xaç qoyuruq. Məndə bütün qocaların qəbirlərinin xəritəsi var, birdən qohumlardan kimsə gələr, çəpər, baş daşı qoymaq istəyər. Amma işlədiyim 19 il ərzində bir dəfə də olsun belə bir müraciət olmayıb”, – Çermen Tebloyev deyir.
Pansionata çox şey lazımdır, bununla belə, direktor hesab edir ki, ən çox ştatda psixoloqun olmasına ehtiyac var.
“Onlar tənha və qoca insanlardır, çoxu xəstədir. Hamısında mənim telefon nömrəm var və axşamlar tez-tez zəng edirlər. Kədərlənir, ağlayır, bu dünyadan getmək istədikləri deyirlər. Onlarla söhbət edirəm, amma psixoloq deyiləm, bilməyərəkdən ziyan da edə bilərəm”, – Çermen deyir.
Pansionatda nahara ətli paxla və tərəvəzli vineqret olacaq. Ət yeməyi menyuda ən azı gündə bir dəfə olur. Pansionatın hər bir sakinin qidalanmasına gündə 120 rubla yaxın [təxminən 2$] xərclənir. Vaxt var idi, bu məbləğ cəmi 30 rubl idi.
Deyirlər ki, 2018-ci ildə pansionata yeni bina verəcəklər. “Ən azı buna ümid var”, – direktor deyir.