Susuz qalan Ermənistan kəndləri boşalır
“Sucan ömrün olsun”. Bu ifadəni Ermənistanda tez-tez eşitmək mümkündür. Amma Tlik kəndində yox. Burada bu alqış qarğış kimi səslənir. Son dəfə bu kənddə krandan su 25 il əvvəl gəlib.
77 yaşlı Xanım Canoyan yezidlərin [yezidlər Yaxın Şərqdə məskunlaşmış Zərdüştlüyə əsaslanan özlərinəməxsus dinə sitayiş edən xalqdır] yaşadığı Tlik kəndinin azasaylı qocaman sakinlərindəndir. Onun evi kəndin ən kənarındakı, bağı baxımsız qalmış, yaşıllıqsız, ev heyvanları olmayan evdir.
• Ermənistanda yezidlər öz problemlərini özləri həll edirlər
• Ermənistanda əvvəllər azərbaycanlıların yaşadığı kəndin çətin həyatı
Xanım nənə danışır ki, əvvəllər Türkiyə ilə sərhəddə yerləşən bu kənddə 120 ailə yaşayırmış, indi isə cəmi yeddi ailə qalıb. Kənddə su da varmış – dör təbii bulaq axırmış.
“Bulaqlar var, su isə yoxdur. Sovxoz dağıldı, kəndin qayğısını çəkəcək heç kim qalmadı, belə oldu. Artıq 25 ildir ki, içməli suyu pulla alırıq, təsərrüfat üçün, paltar yumağa, mala verməyə kişilər suyu dərədən nasosla çəkirlər”, – Xanımm Canoyan deyir.
Maşın kəndə suyu 10 gündən bir gətirir – o da ən yaxşı halda. Xanım nənə hər dəfə 20 litr su alır. O, suyu ehtiyatla işlədir və sərin yerdə saxlayır ki, 10 günə korlanmasın. 20 litrə 350 dram (85 sent) verir. Tənha əlil qadın 36 min dram (75 dollar) pensiya ilə dolanır.
“Yeməyi də az-az yeyirəm ki, çatsın”, – nənə deyir.
Ötən illər ərzində tezliklə su probleminin həll edilməsi ilə bağlı vədləri çox eşidib.sonuncu dəfə bu vədi tliklilərə məmurlar ilin əvvəlində veriblər. Deyiblər ki, sentyabrın 6-da kənddə su olacaq. Camaat artıq inanmayıb, amma tarixi yadda saxlayıblar.
Ölkə üzrə vəziyyət rəqəmlərdə
Ermənistanda içməli su olmayan 580 kənd var. Müqayisə üçün ölkənin yeganı su təminatçı operatoru 355 yaşayış məntəqəsinə xidmət göstərir.
Su təchizatı sistemindən kənarda qalan kəndlər vaxtilə təbii mənbələr hesabına su ilə təmin olunub. Amma iqlim dəyişikliyi nəticəsində bu mənbələr quruyub və insanlar susuz qalıb.
Bu icmaların problemlərini həll etmək üçün rəsmi məlumatlara görə, 270-300 milyon avro lazımdır, dövlətin isə bu qədər vəsaiti yoxdur.
Ekoloqun şərhi
Ekoloq Karine Danielyan əmindir ki, Ermənistanın yeraltı və yerüstü su mənbələrinin azalmasının səbəbi yalnız iqlim dəyişiklikləri deyil, həm də insanların düşünülməmiş qərarlarıdır. Onun sözlərinə görə, bu mənada hökumətin 2008-ci ildə qəbul etdiyi qərar həlledici rol oynayıb.
“2008-ci ildə hökumət ekspertlərə Ararat vadisinin artezian hövzəsi ilə bağlı tədqiqat sifariş verib. Tədqiqat göstərib ki, biz mümkün su istifadəsi həcmini bir qədər aşırıq və şirinsulu ehtiyatların qorunması üçün istehlakı azaltmaq lazımdır.
Bəs hökumət nə qərar qəbul etdi? Tam əksinə. Balıq fermalarının inkişafını stimullaşdırmaq qərara alındı. Nəticədə ayrı-ayrı ərazilərdə artezian sularının səviyyəsi 3-15 metrə qədər endi”, – ekoloq deyir.
Məlumdur ki, Ermənistanda qeydiyyata alınmış 319 balıq təsərrüfatından 280-i Ararat vadisində yerləşir və 99 faizi artezian quyularından istifadə edir.nəticədə Metsamor çayı hövzəsində 303 artezian mənbəyindən 120-nin suyu quruyub. 1984-cü ildə artezian suları ilə 32700 hektar ərazi suvarılırdı, indi isə cəmi 10700 hektar suvarılır – yəni üç dəfə az.
Ermənistanda 450 000 hekttar əkin sahəsi var, amma səhralaşma şəraitində yalnız 200 000 hektar, yəni 50 faizindən də azı becərilir.
Ermənistanın yeni hakimiyyətinin atdığı addımlar vəziyyətin dəyişəcəyinə dair Karine Danielyanda ümid yaradır. Artıq balıq təsərrüfatlarının artezian sularından istifadə etməyəcəyinə dair qərar qəbul edilib, onlar “suyun təkrar istifadəsi” prinsipi üzrə işləyəcəklər. Bundan başqa, hazırda istifadə olunmayan və əlavə su itkisi mənbəyi olan 37 quyu bağlanıb.
Amma ekoloq yenə də əmindir ki, su ehtiyatlarına dəymiş ziyanın bərpa olunmasına onilliklər lazımdır:
“Biz həmişə yadda saxlamalıyıq ki, yeraltı və yerüstü sular bir-birilə əlaqəlidir. Əgər biz Sevan gölündə suyun səviyyəsini azaldırıqsa, bütün Ermənistanda su mənbələrinin qurumasına təəccüblənməməliyik. Artezian hövzəsinə ziyan vuranda isə çayların kiçildiyinə, bulaqların quruduğuna təəccüblənmək lazım deyil.
Təbii ehtiyatlardan istifadə ilə bağlı dövlət səviyyəsində qərar qəbul edilən zaman iqlim dəyişikliklərini nəzərə almaq lazımdır. Təbiət necəsə insanları özünə gətirməyə çalışdı, amma alınmadı. Mən qorxuram ki, təbiət artıq insanları onun bötüvlüyünü pozan bir növ kimi çıx-daş etməyə başlayıb. Təəssüf ki,qərar qəbul edən insanlar bunu anlamır”.
Tlik kəndinin həyatından təfərrüatlar
Suren Xalatyan Tlik kəndinin ən yaşlı sakinidir. Kənddə qalan yeddi ailədən üçü onun oğlanlarının ailələridir.
Suren babanın həyətində böyük boş çənlər sıra ilə düzülüb. Ancaq əldəqayırma əl-üzyuyanın içində bir az su qalıb. Bağın ortasında içində orta ölçülü sistern olan köhnə araba var, təsərrüfat üçün çaydan suyu bununla gətirirlər.
“Suya görə kəndimiz boşalıb. Evlər qalmayıb, ancaq xarabalıqlardır. Su olsaydı, camaat yerindən tərpənməzdi. Biz öz vəsaitimizlə böyük vaqon almışıq, nasosun köməyilə onun içini su ilə doldururuq. Bu su ilə biz bağları sulayırıq, mal-qaraya veririk içsin, paltar yuyuruq. Normal şəraitdə adam bu suya əlini soxmaz, amma biz təzə doğulan körpələri bu su ilə yuyundururuq”, – Suren baba deyir.
O danışır ki, ötən illərdə kəndin su ehtiyatları 72 hektar düzəngah torpağı və 35 hektar həyətyanı sahəni suvarmağa yetirdi. Amma gütün bulaqlar demək olar ki, eyni zamanda quruyub. Və artıq 25 ildir ki, kənd sakinləri içməli suyu almaq, məişət ehtiyacları və suvarma işləri üçün isə suyu Axuryan çayından götürmək məcburiyyətindədir. Bunun üçün də Tlik kəndinin sakinləri hər dəfə bu ərazidə yerləşən Rusiya sərhəd qoşunlarının komandanlığından icazə almalı olurlar.
Ekspert proqnozu
Torpaqşünas Aşot Xoetsyan son 2-3 ildə Ermənistan regionlarına gedir və iqlim dəyişikliyinin doğurduğu halları, o cümlədən də kəndlərin yoxsullaşmasını və daxili miqrasiyanı öyrənir. Onun fikrincə, səhralaşma ilə mübarizə Ermənistanın əsas vəzifələrindən biridir. Amma təəssüf ki, bu problemə dövlət tərəfindən layiqli diqqət ayrılmır:
“Səhralaşma qlobal, planetar problem hesab edilir, Ermənistanda isə bu, özünü çox sərt göstərir və özünəməxsus xüsusiyyətlərə malikdir. Ermənistan ərazisinin 80 faizindən çoxu səhralaşmanın bir addımlığındadır. 30 faziə yaxını isə artıq səhralaşmanın son həddindədir. Bu gün Ermənistan ərazisinin cəmi 8 faizə yaxını meşələrlə örtülüb. Bu ilk növbədə torpaqların deqradasiyasını göstərir, yəni toqpaqların təbii məhsuldarlığının azalmasından xəbər verir”.
Torpaqşünas hesab edir ki, əgər heç bir tədbir görülməsə, bir neçə onillikdən sonra Ermənistan ərazisi torpaqdan, yəni insanları dolandıran əkin sahələrindənəkin və örüş sahələrindən məhrum qalacaq.
“Əgər bu problemə tam laqeydlik dəyişməzsə, bir neçə ildən sonra Ermənistanda müşahidə olunan torpaqların deqradasiyası sadəcə aclığa gətirib çıxaracaq”, – alim xəbərdarlıq edir.
Qlobal problemlərin həllinə qədər
Tlikin su ilə təmin olunması üçün sadəcə problemi həll etmək istəyi və 4 kilometrlik su borusu lazımdır. Bütün ətraf kəndlər artıq su ilə təmin olunub və yalnız Tlikdə son 25 ildə heç nə dəyişməyib.
Kənddə qalan sakinlərin yeganə məşğuliyyəti maldarlıqdır. Sübh tezdən mal-qara, qoyun-quzu örüşə aparılır, ta gün batana qədər. Evə qayıdarkən sürü su arxına, daha doğrusu kəndin kənarında qoyulmuş yaşıl sisternə doğru yönəlir. Heyvanlar içib doyandan sonra bütün çobanlar mütləq kranı bağlayırlar ki, digərləri üçün də su qalsın. Burada camaat suyun hər damcısının qədrini bilir.
Qürub vaxtı isə Suren baba qonşuların həyətlərini dolaşır. O, artıq uzun illərdir, qonşularının boş evlərinə qarovulçuluq edir və ümi edir ki, onlar bir gün geri qayıdacaqlar. Amma bilir ki, əvvəlcə bura suyu qaytarmaq lazımdır.