Şuşada qəzalı binalar sökülür: cəmiyyətdə buna yanaşma birmənalı deyil
Bu günlərdə sosial şəbəkələrdə Şuşa şəhərində qəzalı binaların sökülməsi ilə bağlı video yayılıb. Hökumət Şuşanın şəhərsalma prinsiplərinə uyğun yenidən qurulduğunu bildirir. Cəmiyyətdə isə buna yanaşma birmənalı deyil: bəziləri köçkün şəhər sakinlərinin öz köhnə evlərini görmək arzusunda olduqlarını deyirlər.
Nə baş verib?
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdən verilən məlumata görə, prezident İlham Əliyevin tapşırığına əsasən, Şuşa şəhərində bərpa və yenidənqurma tədbirləri davam etdirilir.
“Hazırda şəhərsalma prinsiplərinə uyğun olaraq bərpa və yenidənqurma işlərinin layihələndirilməsi üzərində iş aparılır. Həmçinin şəhərdə yaşayış üçün yararsız, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan bəzi binaların sökülməsi də həyata keçirilir”, – qurumdan bildirilib.
“İnsanların hisslərinə hörmət etmək olardı”
Bir sıra siyasətçilər və ictimai fəallar bu xəbəri birmənalı qarşılamayıblar.
Sosial şəbəkə istifadəçiləri yenidənqurma işlərini əsasən dəstəkləsələr də, ötən əsrin 90-cı illərində Şuşadan köçkün düşmüş azərbaycanlıların öz köhnə evlərini görmək hüquqlarının olduğunu söyləyirlər.
“Ən azı şuşalılara, turist kimi də olsa, gedib, orada xatirə şəkilləri, videolar çəkməyə imkan vermək olardı. Heç bir həftə vaxt almazdı. Prezidentin dəfələrlə gedə bildiyi yerə, hər halda adi sakinlər də gedə bilərdi.
Sökülməsin, yenisi tikilməsin kimi tələblər də yoxdur. Sadəcə, insanların hisslərinə hörmət etmək olardı. Axı bu mümkünsüz iş də deyildi. Etmək olardı. Yenə deyirəm, bir həftə çəkməzdi”, – “Facebook” istifadəçilərindən biri yazır.
- Müttəhimlər kürsüsündən seçkilərə: Ermənistanın eks-prezidenti Robert Koçaryanın planları
- Aİ Gürcüstana yardımı dayandıracaqmı və bundan sonra nələr olacaq? Ekspert təhlili
“Ən optimal variant budur”
Tarixçi, “Müsavat” partiyasının tanınmış üzvlərindən biri olan Yadigar Sadıqlı nostalji hisslərə qapılmağın düzgün çıxış yolu olmadığını bildirib.
“Mən uşaq olanda evimizdə “VAZ-2101” vardı. O maşının qoxusu indiyə qədər burnumdadır. Dünyanın ən bahalı maşınına otursam, o hissləri yaşamaram. Amma bu o demək deyil ki, maşın almaq istəsəm, gedib “VAZ-2101” alacağam.
Bina evində yaşayıram. 4 yaşımdan. Bütün xoş xatirələrim bu divarlarla bağlıdır. Sabah qəzalı elan edib söksələr və daha yaxşı mənzillə təmin etsələr, yəqin ki, bir qədər sonra burnumun ucu göynəyəcək bu mənzil üçün. Amma bu, o demək olmayacaq ki, seçimim olsaydı, bu mənzildə qalardım.
Şuşada beşmərtəbəli binaların sökülməsi normal haldır. Doğrudur, yəqin ki, o mənzillərin sahibləri yenidən heç olmasa bir dəfə görmək, qədəm qoymaq istərdilər. Amma elə hallar olur ki, nostalgiya, xiffət kimi hisslərin üstündən keçməli olursan. Şuşanı yenidən sakinlərinə verməzdən əvvəl yenidənqurma işləri tamamlanmalıdır. Ən optimal variant budur, məncə. Əksini təsəvvür edə bilmirəm”, – Y.Sadıqlı yazıb.
“Şuşanı sökürlər. Biz sökürük”
Söküntü işlərinə qəti etiraz edənlər də var. Əslən şuşalı olan jurnalist Naibə Qurbanova özünün “Facebook” səhifəsində bunları qeyd edib:
“Ərəbin öldürdüyü Qafqaz durnasından 2 yüzü var hələ, amma Şuşadan yoxdur.
Şuşanı sökürlər. Biz sökürük. Özümüz…
Adamlar o xarabaya bilirsiniz necə təşnədir? Otuz ildir xarabamıza qovuşmağı gözləmişik. İmkan verin, gözəl günlərimizin son yadigarı olan o daş-divarla vidalaşaq, sonra SÖKÜN!
Atam deyir, evin giriş qapısının divarına iri daş hördürmüşdüm. Köhnə yurd yerindən götürdüyüm daş idi, üstü ərəbcə yazılı… Videoda baxdım, həmin daş yerindədir.
Evinin bircə daşına görə sevinir. İnsafınız olsun, xarabamıza toxunmayın!”