Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olundu
İşğalının 29-cu ili, azad edilməsinin altıncı ayı ərəfəsində
Azərbaycanlılar üçün Qarabağda müstəsna əhəmiyyətə malik Şuşa şəhəri ölkənin mədəniyyət paytaxtı elan olunub. Bununla bağlı sərəncamı ölkə prezidenti İlham Əliyev imzalayıb. Sərəncamın mayın 8-də imzalanması rəmzi xarakter daşıyır.
- Şuşada qəzalı binalar sökülür: cəmiyyətdə buna yanaşma birmənalı deyil
- Şuşaya atılan “İsgəndər”in qalıqları Bakıda nümayiş olunub – FOTO
- Düz 39 il sonra prezident İlham Əliyev Şuşaya gedib
Mayın 7-də dərc olunan prezident sərəncamında deyilir:
“Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır”.
Sərəncama əsasən, “Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə” Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunması qərara alınıb.
Xarı Bülbül festivalı
May ayında ənənəvi Xarı Bülbül festivalının Şuşada keçirilməsi də nəzərdə tutulub.
“Hazırda dövlət başçısının tapşırığı əsasında Şuşada Xarı Bülbül Festivalının keçirilməsi ilə bağlı müvafiq tədbirlər görülür”. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirildiyinə görə, hazırlıq işləri başa çatdıqdan sonra dəqiq tarix haqda ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, Şuşada Xarı Bülbül festivalının keçirilməsi haqda prezident İlham Əliyev hələ yanvar ayında bildirmişdi.
“İndi Şuşaya yeni yol çəkilir. Düzdür, bu yol çox çətin relyefi olan ərazidə çəkilir. Amma biz buna nail olacağıq. Planlaşdırın, bu il bu iki tədbir Şuşa şəhərində keçirilməlidir -“Xarı bülbül” festivalı və Vaqif poeziya günləri”, – dövlət başçısı deyib.
Qeyd edək ki, “Xarı bülbül” Beynəlxalq Festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Festival hər il may ayında Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan, keçmiş SSRİ ölkələrinin iştirakı ilə keçirilib.
Festivalın adı Şuşanın rəmzi hesab edilən Xarı bülbül gülünün adından götürülüb.
Şuşanın Azərbaycan xalqı üçün önəmi
Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri Azərbaycanın Dağlıq Qarabağ vilayətinin ən yüksək zirvəsində yerləşir. 18-ci əsirdən mühüm mədəniyyət və ticarət mərkəzinə çevrilən Şuşa Azərbaycan xalqı üçün müstəsna anlam daşıyır.
Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci il may ayının 8-də Şuşa şəhəri erməni birləşmələri tərəfindən işğal edilmişdi. Şuşanın işğalı nəticəsində 195 nəfər həlak olub, yüzlərlə insan yaralanıb, 20 mindən artıq əhali doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Rəsmi məlumata əsasən, Şuşanın işğalı nəticəsində 600-ə yaxın tarixi memarlıq abidəsi, o cümlədən Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa Tarix Muzeyi və Azərbaycan Xalça Muzeyi də daxil olmaqla bir sıra muzeylər, təhsil və mədəniyyət ocaqları dağıdılıb. Peşəkar Azərbaycan musiqisinin banisi, şuşalı bəstəkar Üzeyir Hacıbəyovun, müğənni Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeylərinin fondları qarət edilib.
İkinci Qarabağ müharibəsi zamanı, 8 noyabr 2020-ci ildə Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Bundan iki gün sonra, noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan birgə bəyanatla hərbi əməliyyatlar dayandırılıb.
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan olunmasının işğalının 29-cu il dönümü və işğaldan azad edilməsinin altıncı ayı ərəfəsində baş verməsi də rəmzi xarakter daşıyır.