Suriya böhranı: dünya çözümü gözləyir
Dünya ABŞ və onun müttəfiqlərinin aprelin 7-də Suriyada yaşanan olaylara verəcəyi cavabı gözləyir. Həmin gün kimyəvi silah tətbiqi ilə növbəti hücum baş verdiyi ehtimal olunur. Üsyançıların nəzarətdə saxladığı Duma şəhərinin dinc sakinləri bu hücumun qurbanı olub. Müxtəlif dəyərləndirmələrə görə, 45 nəfərdən 70 nəfərə qədər insan həlak olub. ABŞ hökuməti hesab edir ki, bu hücumların arxasında Bəşər Əsədin qoşunları durur və Suriya hökumətinin əməllərinə hərbi cavab hazırlayır.
Donald Tramp aprelin 11-də bildirib ki, Amerika hərbçiləri Suriyaya raket zərbəsi endirməyə hazırlaşır. Böyük Britaniyanın baş naziri Tereza Mey və Fransa prezidenti Emmanuel Makron ona dəstək verəcəklərini vəd ediblər, BBC xəbər verir.
Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib ki, Suriya kimi Rusiya da kimyəvi hücuma görə məsuliyyət daşıyır. O, həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar hökuməti baş verənlərə cavab olaraq bir neçə variantı nəzərdən keçirir. Daha əvvəl The New York Times yazmışdı ki, Ağ Evdə Suriyaya ötən ilkindən daha böyük zərbə endirilməsi ehtimalı nəzərdən keçirilir. Ötən il kimyəvi hücumdan sonra Amerika Suriyanın hərbi obyektləri üzərinə əlli dörddən çox raket buraxmışdı.
ABŞ lazım gələrsə, Rusiyanın Suriyadakı hədəflərinə də zərbə endirmək ehtimalını istisna etmir, Sanders vurğulayıb.
Ön tarixçə
2013-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Suriya ərazisində kimyəvi silahların məhv edilməsi haqda qətnamə qəbul edib. Ölkə Kimyəvi Silahların Qadağan Olunması Təşkilatına üzv olub və kimyəvi silahların məhvi ilə bağlı planı yerinə yetirməyə başlayıb. Amma bundan sonra da Suriyada bir neçə kimyəvi hücum baş verib.
2017-ci ildə Suriyanın Xan-Şeyhun şəhərində kimyəvi hücum baş verib, 80 nəfər həlak olub. ABŞ kimyəvi silah tətbiqində hökumət qoşunlarını günahlandırıb.
Suriyada vətəndaş müharibəsi 2011-ci ilin yazında, praktiki olaraq bütün ərəb dünyasını etrazlar dalğası bürüdüyü zaman başlayıb. “Ərəb baharı” Misir, Tunis, Yəməndə inqilablar, Liviyada vətəndaş müharibəsi, bir sıra dövlətlərdə kütləvi etiraz aksiyaları ilə nəticələnib.
Suriyada demokratik dəyişikliklər və prezident Bəşər Əsədin istefası tələbi ilə başlayan kütləvi aksiyalar qısa zamanda vətəndaş müharibəsinə keçib və 2011-ci ilin yayına doğru hərbi əməliyyatlar artıq bütün ölkədə aparılırdı. 2013-cü ilə qədər bu, hökumət qoşunları və “Azad Suriya Ordusu” – yerli müxalifəti birləşdirən Suriya Milli Şurasının (SMS) rəhbərlik etdiyi silahlı qruplaşma arasındakı qarşıdurmalar idi.
2013-cü ildə müxalifət içində parçalanma baş verdi və SMS bir neçə radikal islam qruplaşmasına ayrıldı. Onlar “İslam cəbhəsini” formalaşdırdılar və onun tərkibindəki ən böyük qruplaşma “İslam Dövləti” (İD) oldu.
2014-cü ildə Suriya münaqişəsinə ABŞ və onun müttəfiqləri də qarışdı, 2015-ci ildən isə Rusiya Ordusu hökumət qoşunlarını dəstəkləməyə başladı. Həm Qərbin, həm də Rusiyanın qoşunları rəsmi bəyanatlara əsasən, Suriyaya ilk növbədə İD olmaqla, terrorçu qruplaşmaları məhv etmək məqsədilə gəlmişdi. Amma mediada Rusiya Ordusunun müxalif üsyançı dəstələrinə zərbə endirməsi haqda dəfələrlə xəbərlər gedib.
2018-ci ilə doğru İD praktiki olaraq məhv edilib və Rusiya hakimiyyəti öz ordusunu Suriyadan çıxarmağa başladığını bəyan edib. Amma üsyançılar və hökumət qoşunları arasında münaqişə sona çatmayıb. Vladimir Putinin Rusiya qoşunlarının Suriyadan çıxarılacağına dair əmin bəyanatlarına baxmayaraq, bu, indiyə qədər baş verməyib.
Müharibə müddətində 500 minə yaxın insan öldürülüb, beş milyondan çox insan Suriyadan qaçqın düşüb.