Sürgün olunmuşlar
“Siyasət insanlardır seriyası. Birinci hekayə – Qarabağdan
Bu, Ohanyanlar ailəsidir, Ruben və Sofya. Bax, bu da onlar:
20 ildir ki, Qarabağın Martuni rayonunun Vazqenaşen kəndində Kilik çayın yanındakı təpənin üstündə görünən evdə yaşayırlar. Soba üçün odun dalınca gədən Ruben hər dəfə yoxuş yuxarı qalxmalı olur.
Sofya 18 yaşında ərə gedib, indi 52 yaşı var. Münaqişə, müharibə və Qarabağ münaqişəsinin nəticəsizliyi – budur onun və Rubenin həyatı.
Sovet dövründə burada iki kənd vardı: Avdal və Gülablı. O vaxt burada 600 adam yaşayırdı. Bular Azərbaycan kəndləriydi. Müharibə başlayandan sonra azərbaycanlılar kəndləri tərk etdi, bir neçə il buralar boş qaldı.
Müharibənin hərbi fazası sona çatandan sonra burada Azərbaycandan olan erməni qaçqınları yerləşdirməyə başladılar. Ermənistanın rayonlarından da ailələr gəlirdi. İki kəndin yerində bir kənd yarandı, onun adını da Vazqenaşen qoydular, bu gün burada 300-ə yaxın adam yaşayır.
İlk olaraq burada 1996-cı ildə Ruben və Sofya Ohanyan məskunlaşdı.
“Ermənistanın Çarençavan şəhərində yaşayırdıq. Müharibə başlayanda atam Qarabağa könüllü döyüşməyə getdi. Sonra da qardaşımla mən yollandıq. Onlar qayıtdılar, mənsə burada qalmaq qərarına gəldim, – Ruben danışır.
Kəndin ətrafındakı meşədə 1990-cı illərdən qalma yeşiklərə və “Qrad mərmilərinin gilizlərinə hələ də rast gəlmək olar.
Ümumiyyətlə həmin vaxtdan keçən 20 il ərzində ancaq bir əhəmiyyətli dəyişiklik baş verib – bura elektrik enerjisi çəkilib. Qalan hər şey elə olduğu kimi qalıb – qaz xətti çəkilməyib, evlər odun və kömür sobaları ilə qızdırılır, elə burada da yemək hazırlanır.
Su kəməri də yoxdur, həm içməli, həm də əkinin suvarılması üçün suyu dərədəki kiçik çaydan eşşəklərin üstündə daşıyırlar. “Şənbə-bazar paltar yuyanda üç dəfə su gətirməli oluruq. Üçüncü dəfədə eşşəyi güclə bulağa gətirə bilirsən, yorulur, – Ruben deyir. Bu qəhrəmanlığına görə də eşşək istirahət günlərində mükafatını alır, yulaf yeyir.
Vaxtilə Rubenlə Sofya demək olar ki, boş yerdə özlərinə bir mərtəbəli ev tikiblər. Damı lap köhnəlib, axıdır. “Divarlarımız torpaqdandır, hər il ağartsaq da yenə qaralır, – Sofya deyir.
Evlərinin darvazasının ağzında nə vaxtdansa qalan köhnə paslanmış avtobusu ailə tövlə kimi istifadə edir.
Burada onlar dörd övlad dünyaya gətirib, şam işığında böyüdüb, evləndirib və ərə veriblər. Elə beləcə burada böyük ailəcə, nəvələrlə birlikdə ta 2016-cı ilin aprel ayına, faktiki olaraq müharibə başlayana qədər yaşayıblar. Onda da nəvələrini təmas xəttindən uzağa, Ermənistana, Çarentsavana göndəriblər, indi vəziyyət sakitləşsə də nəvələri hələ də orada yaşayır.
Özləri buranı tərk etmək istəmirlər. Bir neçə il əvvəl oğlanlarından biri bədbəxt hadisə nəticəsində vəfat edib. Balaca qəbiristanlıq evlərinin lap yaxınlığında yerləşir, orada cəmi beş qəbir var, biri də onların oğlanlarının qəbri. “Bizi də Çarentsavana yaşamağa çağırırlar, amma oğlumu torpaqda qoyub necə gedim? – Sofya deyir.
Hökumət tez-tez kəndlilərə ev tikməkdə və damları təmir etməkdə kömək edir. Amma daha çox mərkəzdə, əyalətlərə kömək nadir hallarda gəlib çıxır. Vazqenaşenin mərkəzinə artıq qaz xətti çəkiblər, evlərə də artıq su gəlir. Amma Ohanyanlar kəndin mərkəzindən təxminən bir kilometr aralıda yaşayırlar.
Ruben deyir ki, su qazdan vacibdir. “Su olanda həmişə qazanmaq olur. Bizim inəyimiz, donuzumuz, dovşanlarımız var, lazım olanda kəsib, satırıq. Amma özüm evə qədər suyu heç cür çəkə bilmərəm.
Sürgünlə bağlı sözlər isə Sofyaya aiddir: “Biz burada azadlıqdayıq, sanki özümüz hər şeyi həll edirik. Amma yenə də sürgündəki kimiyik. Bəlkə ola bilsin ona görə ki, azadlıq nisbi anlayışdır.
- Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ətrafında silahlı münaqişə 1991–1994-cü illərdə baş verib. Atəşkəs müqaviləsi imzalanandan sonra Dağlıq Qarabağ Respublikası dünyanın heç bir respublikası, o cümlədən də Ermənistan tərəfindən tanınmayan de-fakto müstəqil respublika kimi mövcuddur. Azərbaycan Qarabağı və müharibə zamanı alınan əraziləri işğal olunmuş sayır və qaytarılmasını tələb edir.
- BMT-nin məlumatına görə, münaqişənin hər iki tərəfində qaçqınların və məcburi köçkünlərin sayı bir milyondan çoxdur.
- 1994-cü ildə bağlanan atəşkəs müqaviləsindən sonra ilk dəfə 2-5 aprel 2016-cı ildə Qarabağ münaqişəsi zonasında, təmas xəttində yenidən hərbi qarşıdurma baş verib.
- Aprelin 6-da Bakıda və Stepanakertdə müdafiə nazirlikləri atəşkəs rejiminin yenidən bərpa olunması ilə bağlı razılığın əldə edilməsi barədə məlumat veriblər.
- Rəsmi məlumatlara görə, gərginlik dövründə Azərbaycan tərəfindən 31 hərbiçi həlak olub. Eyni zamanda “Xəzər Hərbi Araşdırmaları Mərkəzi başqa rəqəm açıqlayır – 93 nəfər. Rəsmi məlumatlara görə, Ermənistanda ölən hərbiçilərin sayı 92 nəfərdir.
- Münaqişə tərəflərinə aid rəsmi mənbələrin verdiyi məlumatlar ziddiyyətlidir və kimin hərbi əməliyyatlara başlaması, kimin reaksiya verməsi ilə bağlı sualı dəqiq cavablamaq imkanı yaratmır. Beynəlxalq mənbələr də hələ ki, bu suala cavab verməyiblər.
- 1994-cü ildə atəşkəs müqaviləsi bağlanandan sonra münaqişə tərəfləri müntəzəm olaraq təmas xəttində gedən döyüşlər barədə məlumat verir və bir-birini təxribatda ittiham edirlər.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc edilib: 17.11.2016