Superprezident?
Sayılı günlərdən sonra – fevralın 20-də Dağlıq Qarabağda Konstitusiya referendumu baş tutacaq: insanlar ölkənin əsas qanununun yeni konsepsiyasına ya “hə”, ya da “yox” deyəcəklər. Parlament və parlamentdən kənar siyasi qüvvələr əhalini həlledici qərara hazırlaşdırır.
Sənəddə nəzərdə tutulan bir sıra dəyişikliklər arasında qüvvədə olan yarıprezident dövlət idarəçilik üsulunun tam prezident idarəçilik üsuluna dəyişdirilməsi ilə bağlı müddəa da yer alıb.
Artsaxın növbəti prezindenti – “superprezident”?
Prezident idarəçiliyinin tənqidçiləri təklif olunan modeli “superprezident modeli” adlandırırlar. Qarabağ parlamentinin müxalifətçi “Milli dirçəliş” partiyasının lideri Ayk Hanumyan hesab edir ki, Konstitusiya əslində səlahiyyətlərin qüvvədə olan hakimiyyətin əlində cəmlənməsi və onun yenidən qayıtması üçün dəyişdirilir. Onun fikrincə, başqa məqsəd ola bilməz, axı qüvvədə olan Konstitusiya cəmi 10 il əvvəl qəbul edilib: “Ölkə prezidenti Konstitusiyanı özünə uyğun şəkildə dəyişdirir. Kresloya yapışmaq isə Artsax üçün çox pis nəticələrə gətirib çıxara bilər”.
Qüvvədə olan Konstitusiyaya görə, prezident Bako Saakyan hakimiyyət başında qala bilməz. Yeni Konstitusiya layihəsində isə birmənalı olmayan müddəa var ki, ona əsasən dövlət başçısı 2020-ci ilə – yəni köhnə qanundan təzə əsas qanuna keçidə qədər hakimiyyət başında qala bilər. Bundan sonra prezident yenidən 2030-cu ilə qədər iki dəfə seçilə bilər.
Hakimiyyət isə bildirir ki, həmin müddəa heç də bu məqsədləri güdmür. DQ parlamentinin “Demokratiya” fraksiyasının başçısı Vardqes Baqryanın dediyinə görə, konstitusiya islahatları kiminsə şəxsi məqsədlərini güdə bilməz, Konstitusiyani bir nəfərə uyğun olaraq dəyişmək olmaz, həm də Bako Saakyan keçid dövründə rəhbərlik etmək istədiyini və ya namizədliyini irəli sürəcəyi ilə bağlı hələ heç nə deməyib.
Kimin və ya nəyin naminə?
Belə olan halda niyə Qarabağda idarəçilik modelinin dəyişdirilməsi prosesi işə salınıb?
Dağlıq Qarabağın ədliyyə naziri Ararat Danielyan əmindir ki, təklif olunan prezident idarəçiliyi modeli bütün amillərin: əhalinin təhlükəsizliyi və cəmiyyətin əhvalının maksimal şəkildə nəzərə alınması ilə seçilib. Danielyanın sözlərinə görə, Qarabağ qarşısında duran çağırışlar həm sülh, həm də müharibə şəraitində ölkənin bütün resurslarını səfərbər edə və yaranmış vəziyyətə operativ reaksiya verə bilən güclü və həmrəy icra hakimiyyətinin olmasını tələb edir.
“Mən prinsipial olaraq “superprezident modeli” terminin istifadəsinə qarşıyam, çünki biz əksinə, parlament məsələsinə xüsusi diqqət veririk. Bütün instansiya hakimlərinin parlament tərəfindən təyin olunduğu, prezidentin isə bu prosesə cəlb olunmayacağı, Konstitusiyada nəzərdə tutulan əsasların olduğu halda prezidenti istefaya göndərilə biləcəyi, yerli özünüidarəçiliyə zəmanət olduğu bir ölkəni “superprezident” ölkəsi adlandırmaq olmaz”.
Ədliyyə naziri həm də Bako Saakyanın hakimiyyəti əlində saxlaması üçün Konstitusiyanın dəyişdirilməsi ilə bağlı fikirlə də razılaşmır. O qeyd edir ki, “ölkədə hakimiyyətin irsən keçməsi və təkrar əldə qalması ənənəsi yoxdur”.
Politoloq Aleksandr Kananyan isə əmindir ki, gözlənilən dəyişikliklər Dağlıq Qarabağa mənfi təsir göstərəcək: “Yeni Konstitusiyanın qəbulundan sonra xalqın cəlb edilməsinin rolu azalacaq. Misal üçün, referendum keçirmək haqqı xalqın əlindən alınıb, parlamentə veriləcək. Parlamenti idarə etmək isə xalqı idarə etməkdən asandır”.
Politoloqun sözlərinə görə hakimiyyətin – yeni Konstitusyaya ona görə “hə” demək lazımdır ki, bu Konstitusiyaya əsasən Dağlıq Qarabağ Respublikası Artsax Respublikası adlanacaq – kimi arqumenti yolverilməzdir: “Bu, xalis cəfəngiyyatdır. Məni və digər artsaxlıları aldatmağa çalışırlar ki, bu Konstitusiyada Dağlıq Qarabağ Respublikası və Artsax Respublikası bərabər olacaq, bu məni təhqir edir”.
Amma bu, hakimiyyətin yeni Konstitusiyanın qəbulu üçün gətirdiyi yeganə arqument deyil.
DQ parlamentinin “Vətən” fraksiyasının başçısı Artur Tovmasyanın bildirdiyi kimi, Konstitusiyanın 175-ci bəndi respublikanın yurisdiksiyasının sərhədlərini müəyyən edir ki, bu da müharibə şəraitində olan ölkə üçün vacibdir. “Aprel müharibəsindən sonra danışıqlar prosesi dalana dirəndi. Azərbaycan müharibəyə meylini göstərir. Belə bir şətaitdə də silahlı qüvvələrin rolu artır. Çox vacibdir ki, yeni Konstitusiyanın qəbulu siyasi sistem və ordunun effektivliyinə müsbət təsir göstərəcək”, – hakim partiyadan olan deputat vurğulayır.
İctimai fikir
Siyasi qüvvələrin öz arqumentlərini və əks-arqumentlərini irəli sürdüyü bir vaxtda əhali bütün bunlardan baş çıxarmağa çalışır. Jurnalist Bella Lalayan hesab edir ki, sıravi vətəndaşlar hələ doğru-dürüst yeni Konstitusiya ilə tanış ola bilməyiblər. Partiyaların, o cümlədən də sənədin tərəfdarlarının apardığı təbliğat isə “insanların daha çox fikrini qarışdırır, nəinki məlumat verir”.
“Referendum fevralın 20-nə təyin edilib, bu isə Artsax üçün tarixi bir gündür, dirçəliş günü sayılır. Məhz bu gün Ermənistana birləşmək haqqında qərar qəbul edilib. Artsaxlılar üçün hər şeydən əsas müstəqillik uğrunda mübarizədir. “Hə” Artsaxa” şüarları, “Miatsum” [tərcüməsi “birləşmək” deməkdir] nümayişinin iştirakçılarının şəkillərini əks etdirən plakatlar və flayerlər isə insanların fikrini qarışdırır”, – Bella Lalayan deyir.
Jurnalistin sözlərinə görə, əhalinin hələ fikrini müəyyənləşdirə bilməyən hissəsi fevralın 20-də nəyə səs verəcəyini bilmir, hakimiyyətlə görüşlərdə isə daha çox sosial xarakterli suallar verir.
Artsaxlılar sosial şəbəkələrdə də bu məsələni müzakirə edir və mövqelərindən asılı olaraq, səhifələrinə “Hə – Artsxa” və ya “Mən əleyhinəyəm” şəkillərini yerləşdirir. Fərqi yoxdur, nə baş verir, əsası odur ki, pensiyalar yüksək olsun, bir də övladlarımızın işi olsun – deyə düşünənlər də var.
Qarabağda “Sosiometr” sosioloji mərkəzi tərəfindən aparılan yeganə sorğuya əsasən, əhali prezident idarəçiliyi üsulunu dəstəkləyir. 75% sorğu iştirakçısı səsvermədə iştirak etmək niyyətindədir, onlardan 85%-i “leyhinə” səs verəcək. Hakimiyyət buna əmindir. Referendumun nəticələrinin hakimiyyətin xeyrinə olacağını isə hətta konstitusiya islahatlarına qarşı çıxanlar da bilir.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.